“ABŞ üçün demokratiya daha vacibdir, nəinki enerji və təhlükəsizlik maraqları”
Leyla Əliyeva: «Hakimiyyət düşünür ki, insanlara nə qədər çox azadlıq versəm, bir o qədər çox problemlər yaranacaq»
ABŞ dövlət katibinin müavini Tomas Melianın Azərbaycana səfəri və Bakıda verdiyi bəyanatlar siyasi dairələrdə ciddi müzakirə mövzusu oldu. ABŞ rəsmisi birmənalı şəkildə bildirdi ki, ABŞ Azərbaycanda demokratiyanı neftə qurban verməyəcək. Ekspertlər bu fikrin söylənilməsinin zamanlamasının düzgün seçildiyini düşünürlər. Çünki seçki saxtakarlığına qarşı Azərbaycan cəmiyyəti adekvat beynəlxalq reaksiya görməyəndə Qərbin enerji maraqlarını demokratiya maraqlarına dəyişdiyini bəyan edir. Bu baxımdan Melianın səsləndirdiyi fikirlər əslində buna bir cavab sayıla bilər. Politoloq Leyla Əliyevaya ilk sualımız ABŞ rəsmisinin bu açıqlamasına münasibətlə bağlı oldu.
– Ümumiyyətlə, Demokrat Partiyasının xarici siyasəti və demokratik dəyərlərə verdiyi qiymət Respublikaçılardan fərqlənir. Amma təəssüflər olsun ki, belə bir təsəvvür yaranıb ki, siyasət əsasən maraqlardan ibarətdir. Bu maraqlar isə neft, təhlükəsizlik maraqlarıdır. Bu təsəvvür çox geniş yayılıb. Melia da bu təsəvvürü dağıtmaq üçün belə bir bəyanatla çıxış edib. Melia açıq şəkildə bəyan etmiş oldu ki, ABŞ üçün demokratiya daha vacibdir, nəinki enerji və təhlükəsizlik maraqları.
Avropanın tərkib hissəsi olmaq üçün islahatlar lazımdır
– Bir müddət sonra Avropa Birliyinin komissarı Ştefan Fülenin Bakıya səfəri reallaşacaq. Avropa Birliyi də Azərbaycandakı durumdan narahatlığı ifadə edib. Bu baxımdan təşkilatın Azərbaycanla münasibətlərindən gözləntiləriniz nədən ibarətdir?
– Azərbaycanın beynəlxalq aləmlə, Qərblə çox ciddi problemləri var. Münasibətlərdəki gərginlik çoxtərəfli əlaqələrdə özünü daha qabarıq göstərir. Bu isə o deməkdir ki, Qərb Azərbaycanı Avropanın tərkib hissəsi kimi görmək istəyir. Amma başqa yandan tərəflərin heç biri güzəştə getmək istəmirlər. Avropa səviyyəsində qəbul üçün hakimiyyət heç bir islahat aparmır, addımlar atmır ki, dövlət səviyyəsində Azərbaycan Avropaya inteqrasiya etsin. Formal şəkildə Azərbaycan konvensiyaları imzalayır, üzərinə sonradan yerinə yetirməyəcəyi öhdəliklər götürür. Amma reallıqda Azərbaycan heç nə etmir. Azərbaycan çoxtərəfli münasibətlərdə yalnız əməkdaşlıq etmək istəyir. Bir tərəfdən deyir ki, Qərb bizi Avropaya qəbul etsin, amma o biri tərəfdən də bildirilir ki, Azərbaycan heç bir ciddi islahatlara getməyəcək. Bu qeyri-müəyyənlik, dəqiqləşməyən mövqe Azərbaycandan qaynaqlanır. Burada böyük bir ziddiyyət var. Bir tərəfdən Azərbaycan formal şəkildə hansısa inteqrasiya prosesinə gedir, sazişlərin altında imzasını qoyur. Amma realıqda hakimiyyət inteqrasiyaya getmir, yalnız əməkdaşlığa üstünlük verir. Çünki Avropaya inteqrasiya güclü islahatlar deməkdir. Hakimiyyət isə belə islahatlara hazır deyil.
– Tomas Melia onu da vurğulayıb ki, görüşlərində prezidentliyə 3-cü dəfə namizədliyin irəli sürülməsi ilə bağlı məsələni müzakirə edə bilər. Azərbaycan Belarusdan sonra ikinci ölkə olacaq ki, burada dövlət başçısı ard-arda 3-cü dəfə namizədliyini irəli sürəcək. Dünyanın buna reaksiyası necə olacaq?
– Bir qədər söyləmək çətindir. Təəssüf ki, Avropa bu məsələyə indiyə qədər kəskin mövqeyini bildirməyib və bundan sonrakı addımlar da sual altındadır. Amma Qərb Azərbaycandakı real prosesləri, hadisələrin gedişini izləyəcək. Qərb burada siyasi güclərin balansına baxacaq və bu müşahidələrin əsasında bəyanatlar veriləcək, münasibət bildirəcək. Avropanın bu tip məsələlərlə bağlı mövqeyi realist yanaşmadır. Ölkədə stabilliyin gələcəyi ilə bağlı məsələlərdə müəyyən qədər incə mövqe tutulur. Çox mürəkkəb situasiyadır, Indidən hər hansı proqnoz vermək çox çətindir. Çünki Azərbaycanın özündə də vəziyyət qeyri-müəyyəndir. Ona görə nüfzulu beynəlxalq təşkilat hər hansı güclü mesajları verməkdən ehtiyatlanır.
Hakimiyyət Qərbin reaksiyasın test edir
– Əli Həsənov Ilham Əliyevin 3-cü dəfə namizədliyinin irəli sürülməsi ilə bağlı suala cavab verəndə bəyan etmişdi ki, hələ belə addımın atılmasının zamanı deyil. Eyni zamanda dövlət başçısı da “Əl-Cəzirə” telekanalına müsahibəsində bəyan edib ki, hələ namizədliyinin irəli sürülməsiylə bağlı qəti qərar verməyib. Bu tərəddüdün görsənişidir, yoxsa?
– Düşünürəm ki, bu tərəddüd Qərbin reaksiyasının testdən keçirilməsi ilə bağlıdır. Hakimiyyət beynəlxalq aləmdən gələn təpkiləri, yanaşmaları qiymətləndirir. Eyni zamanda hakimiyyət Qərb üçün vacib, onları maraqlandıran sahələrdə ikitərəfli münasibətlər qursunlar. Burada hakimiyyətin əsas məqsədi siyasi iqtidarı əlində saxlamaqdır. Buna görə düşünmürəm ki, onlar böyük tərədüdlər edəcəklər. Hakimiyyət, belə görünür ki, bu məsələdə Qərbin reaksiyasına məhəl qoymaq niyyətində deyil. Hələlik heç Qərbin də bu məsələdə sərt yanaşması yoxdur.
Prezident seçkiləri yaxınlaşdıqca təzyiqlər artacaq
– Son zamanlar mətbuata qarşı da hücumlar artıb. “Azadlıq” və “Yeni Müsavat” qəzetləri iri məbləğdə cərimələniblər. Digər tərəfdən, hazırda hakimiyyət mətbuatla yanaşı cəmiyyətin bütün təbəqələrinin üzərinə hücuma keçib. Bu siyasətin perspektivin necə dəyərləndirirsiniz? Gözləntiləriniz nədən ibarətdir?
– Hazırda yaşananlar hakimiyyətin mahiyyəti baxımından təbiidir. Prezident seçkiləri yaxınlaşdıqca belə təzyiqlər artacaq. Hakimiyyət düşünür ki, insanlara nə qədər çox azadlıq versəm, bir o qədər çox problemlər yaranacaq. Ümumiyyətlə, avtoritar hökumətlər cəmiyyətdə yığılmış problemlərin həlli ilə məşğul olmur. Əksinə, həmin problemləri təzyiq altında saxlamaqla məşğuldurlar. Təzyiq avtoritar hökumətlərin yeganə təsir mexanizmidir.
– Azərbaycan hakimiyyəti təkcə öz vətəndaşlarını deyil, beynəlxalq qurumları da hədəfə alıb. MDI və ATƏT-ə qarşı nümayiş etdirilən münasibət də bunu sübut edir. Demokratiya və beynəlxalq münasibətlər sahəsində amerikalı analitik Maykl Tkaçik mətbuata açıqlamasında bildirib ki, Azərbaycan hakimiyyətin ATƏT və MDI-dən imtinası seçkilərin legitimliyini şübhə altına ala bilər. Bu açıqlamanı necə dəyərləndirmək olar?
– Bu təşkilatların gələcək taleləri də əslində Azərbaycan daxilində baş verən proseslərdən asılı olacaq. Əgər beynəlxalq təşkilatlar cəmiyyətdə passivlik, hökumətin qat-qat güclü olmasını müşahidə edəcəklərsə, etiraz bir o qədər güclü olmayacaq. Azərbaycanda ciddi toquşmalar, konfrantasiya olsa, beynəlxalq birliyin mövqeyi sərt olacaq.
– Yəni hakimiyyət beynəlxalq təpkiyə baxmayaraq ATƏT və MDI-nin Azərbaycandakı fəaliyyətini tam məhdudlaşdıra bilərmi?
– Hakimiyyət bunu edərsə, bəhanəsi o ola bilər ki, Azərbaycanda azad seçkiyə şərait yaradılarsa, ölkədə Islamçı qüvvələr hakimiyyətə gələ bilərlər. Hakimiyyət hər zaman Qərbə qarşı bu arqumentdən istifadə edir. Eyni zamanda hakimiyyət bəyan edir ki, iqtidar dəyişərsə, neft müqavilələri, təhlükəsizlik məsələləri ilə bağlı məqamlar yenidən gündəmə gələr.
İnanclı kəsimlə demokratların birliyi müsbət tendensiyadır
– Melianın son səfərindən sonra mətbuata qarşı təzyiqlər artmışdı. Budəfəki səfərdən nə gözləyirsiniz?
– Əlbəttə, Melianın Azərbaycana səfəri ABŞ-ın ölkəmizdə situasiyanı, söz və mətbuat azadlığını diqqətdə saxladığına mesajdır. Hakimiyyət öüzünü qorumaq üçün medianın üzərinə hücumları davam etdirə bilər. Baxmayaraq ki, beynəlxalq aləm buna qarşıdır. Hazırda bir neçə səviyyədə proses, müzakirələr gedir. Biz yalnız son anda bu danışıqların nəticəsini görürük. Heç şübhəsiz, hazırda mediyaya qarşı hücumlar müzakirə predmetidir. Amma Qərbin hansı formada reaksiya verəcəyi də cəmiyyətdəki aktivlikdən, güclər balansından asılı olacaq.
– Əgər əvvəllər insan haqları və demokratiya uğrunda müxalifət düşərgəsi ilə inanclı kəsim ayrılıqda mübarizə aparırdılarsa, hazırda Islam Partiyasından birliklə bağlı bəyanatlar səsləndirilir. Onlar ölkədə demokratiyaya nail olmaq üçün birgə səylərin vacib olduğunu vurğulayırlar. Bu tendensiyanı necə qiymətləndirirsiniz?
– Bu müsbət prosesdir. Azərbaycandakı bütün qüvvələrin hazırkı vəziyyətdə etiraz etməsi və birliyə çağırışı normal haldır. Birlik öz potensialını daha da gücləndirmək deməkdir.
– İlham Əliyev Rusiya telekanallarından birinə müsahibəsində bildirib ki, iki dövlət arasında heç bir problem yaşanmır. Amma hakimiyyət təmsilçiləri ABŞ-da olarkən bəyan etmişdilər ki, Rusiya və Irandan Azərbaycana qarşı ciddi təzyiqlər var. Belə olan halda reallıq nədən ibarətdir?
– Əlbəttə, Ilham Əliyev bununla manevr etməyə çalışır. Çünki zaman ötdükcə balanslaşdırma siyasətini olduğu kimi yürütmək çətinləşir. Rusiya ilə münasibətləri əvvəlki səviyyədə saxlamaq hakimiyyət üçün vacibdir. Çünki seçkilər ilində böyük ölkələrin davranışı, onların reaksiyaları hakimiyyət üçün vacibdir. Hakimiyyət xarici qüvvələrin Azərbaycanda gedən proseslərə müdaxiləsini, seçkilərdən təzyiq vasitəsi kimi istifadə etməməsini istəyir. Ona görə Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətləri qarşıdurma yox, heç olmasa durğunluq səviyyəsində saxlamağa, dövlətlər arasındakı mühiti yaxşılaşdırmağa çalışır.
Xəyal