Fuad Qəhrəmanlı
Ərəb ölkələrində baş verən son olaylar təbii olaraq, avtoritarizmdən əziyyət çəkən xalqlarda yeni ümidlər doğurmaqla dəyişiklik istəyinə yol açıb. Demokratik institutların zəif olduğu, demokratiya ənənələrinin yoxluğu, Qərbin sabitlik bəhanəsilə avtoritar liderləri müdafiə etdiyi, siyasi şüur səviyyəsinin vətəndaşlıq institutuna uyğun gəlmədiyi şəraitdə böyük etiraz dalğaları başlayırsa; bütün təzyiq və amansızlıqlara baxmayaraq, insanlar yüzlərlə qurban verərək inad və israr göstərib avtoritar rejimləri dəyişməyə nail olursa, bu artıq digər xalqlarda da ümidlər yaratmaqdadır. Xüsusulə, demokratik dəyərlər baxımından ərəblərlə müqayisədə daha öndə olan Azərbaycan cəmiyyətində də yenidən inqilabi dəyişikliklər ideyası populyarlıq qazanıb. Indi həvəslənmiş bir çoxları müxalifəti dərhal hərəkətə keçməyə çağırır, bəziləri hakimiyyətdən qaynaqlanan mesajlarla müxalifəti vaxtından əvvəl qarşıdurmaya itələmək istəyir, bir qisim də inqilab ideyasının populyarlığından istifadə edərək, əsassız təklif və bəyanatlarla qəhrəmana çevrilməyə cəhd göstərir. Ancaq bütün bunların fonunda bir şey açıq-aydın görünür ki, cəmiyyət inqilab ideyasına kifayət qədər həssas yanaşır. Sosial problemlərin ağırlığı, gələcəyə ümidsizlik, seçki yolu ilə siyasi dəyişikliklərə inamın itməsi, bir də korrupsiya və rüşvətxorluğun dövlət siyasətinə çevrilməsi cəmiyyətin bütün təbəqələrində xalq inqilabı ideyasını cazibədar etməkdədir.
Xalq inqilaba hazırdırmı?
Bu sualın cavabına keçməzdən öncə bir məqama diqqət yetirmək lazımdır ki, Azərbaycanda ehtimal edilən inqilabi situasiyanı şərtləndirən səbəblər uzun müddətdir mövcuddur. Nədir bunlar? Ilk növbədə cəmiyyətlə hakimiyyət arasında son həddə qədər dərinləşmiş psixoloji uçurum və etimadsızlıq mühitidir ki, bu mərhələdən sonra hakimiyyətin hansı vəd və bəyanatlar verməsindən asılı olmayaraq, insanlar bunu növbəti yalan və aldatmaca kimi qəbul edirlər.
Başqa bir amil isə hakimiyyətin kriminallaşması və bu kriminalın getdikcə hər kəsin təhlükəsizliyinə təhdidə çevrilməsi fikrinin hakim olmasıdır. Əvvəllər belə düşüncə vardı ki, siyasətə qarışmadan başını aşağı salıb birtəhər salamat qalmaq olar. Ancaq evləri sökülənlər, işgəncələrə məruz qalanlar, intihar həddinə çatdırılanlar və bütün bunlara səbəb olan məmur özbaşınalığı davam etdikcə insanlarda o fikir yaranır ki, müxalifətçi olmadan da, meydana çıxmadan da bu rejimin şərinin qurbanı olmaq mümkündür.
Korrupsiya və rüşvət isə iş adamlarının, dövlət orqanına işi düşmüş vətəndaşın qorxulu kabusuna çevrilib. Hüququ tapdanan, qorxu və əziyyətlə qazandığı pulu əlindən alınan iş adamı ona bu sıxıntıları yaşadan rejimə heç də müxalifətçidən az nifrət etmir və “buna bir son verilməlidir” düşüncəsinin daşıyıcısına çevrilir.
Işsizlik, gələcəyə ümidlərin itməsi, sosial problemlərin öhdəsindən gələ bilməmək üzündən insanlar xoşbəxt yaşayışa inamını itirərək, “nə qədər belə sürünmək olar?” kimi kəskin cavab tələb edən sualla üz-üzə qalırlar.
Son zamanlar az qala, hər gün özünəqəsd hallarının baş verməsi, azərbaycanlıların qorxu hissinə güvənib, cəmiyyətin bu üzdən də səsini çıxarmayacağına əmin olanların bu fikirlərində nə dərəcədə haqlı olub-olmadığı üzərində düşünməyə ehtiyac yaradır. Əgər bu gün insanlar evində həyatlarına qıyırlarsa, sabah bunu meydanda etmək istəməyəcəklərinə kim təminat verə bilər?! Kütləvi iğtişaşların psixoloji hərəkətverici qüvvəsi də məhz özünü ölümə hazır görənlərin varlığına bağlıdır.
Ancaq bütün bu inqilabi şərtlərlə yanaşı, Azərbaycan xalqının ictimai və siyasi olaylara münasibəti dəyişməyincə, bu şərtlərin kütləvi hərəkat yaradacağı ehtimal olaraq qalacaq. Şərq ölkələrindən fərqli olaraq, burada cəmiyyət inqilabın müxalifətin üzərinə düşən bir vəzifə olduğunu, özünün isə qələbə əminliyinin yaranacağı mərhələdə bu prosesə qoşulacağını düşünür. Bir müxalifət nümayəndəsi kimi tez-tez eşitdiyim “başlayın görək nə olur, biz də qoşularıq” sözlərində əslində, “görək nə olur…” ifadəsi görə bilərik. Ancaq Orta Şərq ölkələrində proseslərin uğurla davam etməsi və bununla bağlı cəmiyyətdə gedən müzakirələrlə yanaşı, müxalifətin də maarifləndirici təbliğatı bu yanaşmanı dəyişərsə, o zaman inqilabi şərtlər kütləvi etiraz dalğasına yol açar.
Hakimiyyət necə, inqilabı önləməyə hazırdırmı?
Təbii ki, burada ilk ağla gələcək məsələ güc strukturlarının baş verə biləcək kütləvi etiraz dalğasını zor gücünə boğa bilib-bilməyəcəyidir. Ancaq müasir inqilabi təcrübə onu göstərir ki, kütləvi xalq etirazı başlayanda güc strukturlarının tətbiq edəcəyi zor bir çox hallarda böhranı həll etmək əvəzinə, qarşıdurma mühitini daha da dərinləşdirir. Bu halda güc strukturları müxalifətin etiraz aksiyalarını boğmağa yetərli olsa da, bu aksiyalarda xalq kütləvi şəkildə iştirak etdikdə məsələ dəyişir. Nümunə üçün deyək ki, xalqın qarşısında 330 min polis və xəfiyyəsi olan Hüsnü Mübarək rejimi belə duruş gətirə bilmədi.
Uzun illərdir, müxalifətin davamlı basqı və zorakı təzyiq altında saxlanılması siyasi sistemdə tıxanıqlıq yaradaraq, cəmiyyətdə dəyişikliklərin heç də təkcə müxalifətin işi olmadığı və kütləvi şəkildə hərəkətə keçməyin vacibliyi düşüncəsini yayğınlaşdırmaqdadır. Bu baxımdan əsas diqqət yetiriləsi məsələ güc strukturlarının gücü deyil, iqtidarın siyasətinin ölkə daxilində yarana biləcək etirazların səbəblərini nə dərəcədə aradan qaldıra bilməsidir. Çünki təcrübə onu göstərir ki, ən geridə qalmış toplumlarda belə, inqilabi səbəblər aradan qaldırılmadıqca və fəsadlar davam etdikcə, gec-tez inqilabi partlayışların baş verməsi realdır. Və burada avtoritar liderin və onun komandasının inadla status-kvonu saxlaması partlayış effekti doğurur.
Bu baxımdan Ilham Əliyevin Orta Şərq ölkələrində baş verən olaylardan sonra korrupsiyaya qarşı başlatdığı kampaniya əslində, manevr etməklə status-kvonu saxlamaq cəhdi kimi görünür və bunun imitasiya olduğu kimsədə şübhə doğurmur.
Çünki korrupsiyanı yaradan səbəblərə toxunmadan və kriminallaşmış hakimiyyətin idarə olunma formalarını dəyişmədən korrupsiyaya qarşı mübarizə olsa-olsa, “məsuliyyəti daha zəiflərin üzərinə atıb onları qurbanvermə” əməliyyatına çevrilir. Korrupsiyanın qalması isə hakimiyyətdən narazıların sayının artması və bu problemin həllinin iqtidar dəyişikliyinə bağlı olması fikrinin kök atması deməkdir.
Azərbaycanda cəmiyyətin narazılığı təkcə siyasi dəyişikliklərin önünün kəsilməsi problemilə bağlı deyil. Əsas məsələ odur ki, dövlət orqanları bir cəza mexanizmi kimi fəaliyyət göstərir və bu şəkildə davam etdikcə insanlarda qisasçılıq, əvəzçıxma hissləri kütləvi hərəkat üçün psixoloji zəmin yaradır.
Avtoritarizmin ilk dönəmlərində cəmiyyət üzərində qorxu yaratmaq metodları effekt versə də, zaman keçdikcə bu siyasətin davam etməsi incik düşənlərin və qurban olmaq qorxusuyla yaşayanların qorxudan azad omaları üçün mübarizəyə qoşulmalarına səbəb olur. Ərəb ölkələrində kütləvi xalq etirazlarını qızışdıran səbəblərdən biri də rejimin vətəndaşlara qarşı qəddar davranışları nəticəsində insanların amansız rəftara öyrəşməsi oldu. Bu üzdən də meydanda gülləbaran belə, etirazçıları dağıtmağa yetmədi. Bu baxımdan indiki halda hakimiyyətin cəmiyyəti qorxutmaq üçün güc strukturlarını qabağa verməsi və qorxu nümunələri yaratması əks-effekt verə biləcək təhlükələrə də yol açır.
Digər bir məqam isə ölkədəki vəziyyətin xarici təsirlərə açıq olması faktıdır. Bu həm təhlükəsizlik məsələsində, həm də hakimiyyətdaxili münasibətlərdə nəzərə çarpmaqdadır. Düzdür, bu gün hakimiyyət daxilində mümkün daxili və xarici təzyiqlər qarşısında çat verə biləcək zəif bəndlər, etibarsızın kimliyilə bağlı axtarışlar getməkdədir. Ancaq bu elə bir məsələdir ki, zəif bəndin həlledici məqam yetişməmiş özünü açığa verməsini gözləmək sadəlövhlük olardı.
Bu mənada diqqət yetiriləsi məqamlardan biri də budur ki, Ilham Əliyevin ətrafı xalqla və dünya ilə qarşıdurmaya yönəlmiş, gələcəyi riskli siyasətin davam etməsində nə dərəcədə maraqlıdır? Vaxtilə Abid Şərifovun “çoxları mənim uğurlu istefama həsəd aparır” ifadəsini xatırlayası olsaq, onda uğurlu – sağ-salamat istefa arzusunda olanların özlərini dövlət başçısının siyasətinin girovunda hiss etmədiklərini söyləmək olmaz. Çünki bu oliqarxlar indiki siyasət davam edəcəyi təqdirdə, təkcə xalqın deyil, hakim komanda rəhbərinin də qurbanlığına çevriləcəklərindən narahatdırlar. Qorxu əsasında qurulmuş belə bir münasibətlər şəraitində hakim elitanın kütləvi xalq etirazı qarşısında özünü riskə ataraq inqilab alovunun qarşısında sədaqətlə duracağı isə ən azı, şübhəlidir. Xüsusilə, avtoritar rejimlərin Orta Şərqdəki süqutunun bu cür siyasətin perspektivsizliyinə inam yaratdığı bir dönəmdə hakim elitanın Qərbdən gələcək basqılar qarşısında öz monolitliyini saxlaya biləcəyini demək çətindir. Halbuki, gerçək islahatlar və yuxarıdan başladılan yumşaq keçid elə ilk növbədə hakimiyyətdəki oliqarxların həm özlərinin, həm də kapitallarının gələcək təhlükəsizliyiinə təminat yaratmış olardı.
Başqa bir məqam isə, Rusiya hakim elitasında Medvedev və Putin arasında gözlənilən qarşıdurmanın Azərbaycan hakim elitasında yarada biləcəyi çatdır. Bu proses öz növbəsində Qərbin hakimiyyətdaxili münasibətlərə təsir imkanlarının da xeyli dərəcədə artmasına imkan verəcək.
Yuxarıdakı fikirləri ümümiləşdirərək demək olar ki, hakimiyyətin hazırkı siyasəti ehtimal olunan xalq etirazını önləməyə deyil, onu körükləməyə daha çox xidmət edir.
Xarici faktorlar
Qısaca olaraq bir məsələni də qeyd etmək gərəkdir ki, əslində, Orta Şərqdə baş verən xalq üsyanlarında avtoritar rejimlərin artıq Qərbin təhlükəsizlik, siyasi və iqtisadi maraqlarına cavab verməməsi amili də unudulmamalıdır. Bu baxımdan son zamanlar Qərb mətbuatında Ilaham Əliyevin açıq-aydın hədəfə götürülməsinə əslində, Azərbaycanda dəyişikliklər məsələsinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi kimi də baxmaq olar. Rusiyada yaxın gələcəkdə Putin və Medvedev arasında dərinləşməkdə olan ziddiyyətlər, Türkiyənin Misir məsələsində xalq hərəkatına açıq dəstək verməsi kimi yeni yanaşmaların ortaya qoyulması, Iranla münasibətlərdəki problemlər əslində, Ilham Əliyevin demokratiya məsələsində manevr imkanlarını xeyli dərəcədə məhdudlaşdırmaqdadır. Bu halda demokratiya əvəzinə Qərbə Qarabağı təklif etmək də vaxt qazanmaq üçün yetərli deyil. Çünki ötən zaman bir daha təsdiqlədi ki, iqtidar istəsə belə, Qarabağı güzəştə getmək iqtidarında deyil. Çünki bu məsələdə əsl söz sahibi olan Rusiya indiki halda Qafqazda hərbi-siyasi mövcudluğunu saxlamaq üçün problemin həllində maraqlı deyil. Bu isə o deməkdir ki, xalqların razılaşmasına əsaslanan davamlı sülhün yaradılması həm Azərbaycanda, həm də Ermənistanda Rusiyanın təsirində olmayan demokratik iqtidarların mövcudluğuna bağlıdır. Bu da öz növbəsində demokratik dəyişikliklər məsələsini aktuallaşdırır.