Diktaturanın ideoloji tərəfdarlarından olan Makiavelli tiranlara xəbərdarlıq edirdi: əhalinin var-dövlətinə və izzəti-nəfsinə toxunma. Çünki insan psixologiyası şəxsi ləyaqətinə və sərvətinə uzanan əl sahibini ömrünün sonuna qədər bağışlaya bilmir.
Azərbaycan hakimiyyəti isə ölkə sahibkarlarının sərvətini yağmalamaqda, siyasi rəqiblərinin ləyaqətini alçaltmaqda bir addım da olsun geri çəkilmədi, əksinə, ildən-ilə bu prosesi genişləndirdi – insanların yurd-yuvasını əlindən almağa, tikib-qurduqlarını başlarına uçurmağa qədər.
Ilk dəfə səsini çıxardan və talanmış sərvətini tələb edən Zülfüqarlı qardaşları oldu. Başlarına min bir oyun açılsa da, indiyədək susmayan, mübarizəni beynəlxalq səviyyəyə qədər aparan onlardır – baxmayaraq ki, hədəflərinin doğru olmadığı düşüncəsindəyəm. Indi isə talançılığa qarşı daha kiçik miqyaslı sahibkarlar dirəşirlər: Müqayis Verdiyev Goranboy, Fəqan Nəsibov Zərdab rayon icra başçısının əməllərini və yeyintilərini ictimailəşdirir.
“Zərdab rayon icra başçısı Lütfəli Babayev düşünür ki, etdiyim şikayətlərə baxılmadığını görüb, susacağam. Ancaq mən pulumu almayınca, ondan əl çəkməyəcəm”. F.Nəsibovun dediyi bu sözlər ciddi ictimai oyanışın növbəti təsdiqidir. Əvvəla, bəyan edilir ki, sahibkarın etdiyi şikayətlərə baxmırlar, yəni balıq başdan iylənir, yerli icra başçıları yuxarıların razılığı ilə bu ədalətsizliyi, talanı həyata keçirirlər. Ikincisi…
Bax, elə əsas məsələ də ikincisidir. Zatən illər öncə də “yuxarılardan razılıq alan” məmurlar iri və orta sahibkarlara qarşı səlib yürüşünə çıxmışdılar. Ancaq türməyə soxulan, başına torba keçirilən iş adamlarının, demək olar, hamısı – Zülfüqarlılar istisna olmaqla – haqsızlığı ictimailəşdirməkdən çəkinirdi, başının dinc olması üçün susurdu.
Indi isə susmurlar, inad edirlər, təknələrinə uzanan əli kəsmək üçün sona qədər getməyə hazır olduqlarını söyləyirlər. Onların “haqları” – pulları oğurlanıb və getdikcə dərk edirlər ki, haqlarını qorumayınca, “haqq”larını ala bilməyəcəklər.
Artıq bütün xalq oğurlanan “haqqının” fərqindədir və haqqını, hüququnu geri almaq üçün daha Quba, Ismayıllı, Imişli rayonlarında olduğu kimi, yerli icra hakimiyyətlərinə yox, F.Nəsibovun dediyi kimi, “ailəsi, uşaqları ilə birlikdə” Prezident Administrasiyasına doğru yürüşə hazırlaşır. Bu “hazırlığın” sonu yaxşı heç nə vəd eləmir – nə bu xalqa, nə də hakimiyyətə. Ancaq təəssüf ki, hakimiyyətin məcbur etdiyi prosesin inkişaf istiqaməti belədir və bunu görmək üçün yalnız Siyavuş Novruzov olmamaq kifayətdir…
526 gün
Sözə görə həbs olunan həmkarlarımın həmişə müdafiəsində olmuşam, amma heç birinin məhkəməsində iştirak etməmişəm. Səbəbi çox sadədir: mənə elə gəlir ki, həmin məqamda Söz həbsdə olan həmkarımızın simasında cəmlənir, Sözün dəmir barmaqlıqlar arxasında olmasını isə, ümumiyyətlə, təsəvvür edə bilmirəm və məni sarsıdacaq o mənzərəni görmək istəmirəm.
Yalnız bir dəfə bu “ənənəni” pozdum – Əvəz Zeynallının məhkəməsində. Iki polisin əhatəsində məhkəmə zalından çıxan Əvəzlə görüşməyimizə imkan vermədilər. Və Əvəzin polislərə dediyi bir söz yaddaşımda ilişib qaldı: “Siz Allah, nə olur, icazə verin, görüşüm!”
“Yox” dedilər…
Haqlı haqsıza yalvardı, haqq nahaqdan xahiş etdi, olmadı…
Bir neçə gün əvvəl Ə.Zeynallı telefon zəngi limitini mənə xərcləyəndə dediyi ilk sözlə də həmən yaddaşı təzələdi: “Qardaş, bilirsənmi, 526 gündür görüşmürük”…
Günlərdir “526″ rəqəmi gözümün önündən getmir…
Indi o günlərin üstünə bir həftə də əlavə olunub: 533 gün!
Böyük zaman deyil, ancaq 50-60 il ömür qıyılan insan üçün heç kiçik zaman da deyil. Insanın da həyatından günlərini, həftələrini, aylarını oğurlayarlarmı? Sərvəti, pulu başa düşdük – onu özünüzə xərcləyirsiz, dağıdırsız, talayırsız… Bəs, Allahın başqasına qıydığı ömrü niyə oğurlayırsız, o sizin nəyinizə lazımdır?
Insan psixologiyası sərvətinin talanmasını bağışlamırsa, ömrünün, gününün çalınıb-çapılmasını unudarlarmı? Bu qisas doğuracaq psixoloji minaları cəmiyyətin içinə niyə basdırırsınız?