Mübariz ruhanı “Azadlıq”a göndərdiyi məktuba görə “karsa” salındı
Hacı Abgül Süleymanovun zindandan “Azadlıq”a göndərdiyi məktub onun növbəti dəfə cəzalanması ilə nəticələnib. A.Süleymanovun ruhani dostlarının “Azadlıq”a verdiyi məlumata görə, aprelin 13-dən onu “karsa” salıblar.
O, bir müddət əvvəl ayaqlarında və belində yaranmış ağrılarla əlaqədar müalicə alması üçün Pentensiar Xidmətin müalicə müəssisəsinə göndərilmişdi. Müalicə müəssisəsindən 13 saylı cəza çəkmə müəssisəsinə köçürüldüyü gün A.Süleymanov 15 günlüyə “karsa” salınıb.
İkiqat türmə həyatı
Bu, onun 13 saylı müəssisəyə köçürüldüyü vaxtdan bəri 3-cü “karsdır”. Aldığımız məlumata görə, A.Süleymanov hələ cəzəçəkmə müəssisində olduğu müddətdə ümumi məhkumların yanına buraxılmayıb. Hər dəfə onu müxtəlif bəhanələrlə dustaqlardan təcrid etmək üçün “karsa” salırlar.Yaxınları Hacı Abgülün Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülmə və orda həyatına sui-qəsd olunma təhlükəsindən narahatdırlar.
Yada salaq ki, A.Süleymanov “Azadlıq”a göndərdiyi məktubda ölkə vətəndaşların dinindən, əqidəsindən asılı olmayaraq zülmlə mübarizəyə çağırmışdı:” Ölkədə pozulmuş hüquqlarını tələb edən vətəndaşların ( islamçı, müxalifətçi, ticarətçi və ya fəhlə fərq etmir) qanunsuz həbslərinə son qoyulmasa, hicab qadağası həll olmasa, hicab məhbusları azad edilməsə bütün gücümüzlə seçkilərdə müxalifətlə çiyin çiyinə ölkəmizdə ədalətin bərpası uğurunda mübarizə aparacağıq.
Biz dinimizi, dövlətimizi xalqımızı sevirik. Bu keçirilən aksiyalar da hərəkatın gücünün cüzı bir hissəsidir”
Onun bu məktubundan sonra həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədov da analoji müraciət yayımışdı və Abgül Süleymanovun rəşadətli mübarizəsini öyərək onun önündə təzim etdiyini bildirmişdi.
Abgül Süleymanov kimdir?
Abgül Süleymanov “Cəfəri heyət” dini təşkilatının rəhbəridir. 2012- ci ilin avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Süleymanovun sədrliyi ilə keçirilən prosesdə 11 il həbs cəzasına məhkm edilib. Ona qarşı iğtişaş törətmək, ictimai təhlükəsizliyin pozulmasına cəhd və adamları itaətsizliyə təhrik etmək ittihamı irəli sürülüb.
Amma müstəqil müşahidəçilərin heç biri inkar etmir ki, A.Süleymanovun həbsi birbaşa onun hicab qadağasına qarşı Bakıda keçirdiyi aksiyalar və hakimiyyətə münasibətdə təslimçi mövqe tutmaması ilə bağlıdır.
Abgül Süleymanov azadlıq və başqa ümümbəşəri dəyərləri tapdaladığına görə hakimiyyətin ünvanına təsirli xütbələri ilə seçilən ruhanilərdən olub. “Youtube”də yayılan çıxışlarında o eyni zamanda dindarları da şərə lal müqavimət göstərdiklərinə görə günahlandırıb.
Natiq