«Əliyevlərin niyyəti xalqın sərvətlərini talamaq, daha çox maddi vəsaitə sahib olmaqdır»
Nemət Əliyev: “Kapitalını offşor zonalara çıxarması ailənin öz iqtisadi maraqlarını qorumaq istəyindən irəli gəlir”
Azərbaycan hakimiyyətinin dünya mediasına səs salan offşor qalmaqalı bir çox ekspertlərin fikrincə, yalnız iqtisadi məsələ deyil. Baş verən olaylarda siyasi çalarlar da özünü açıq formada göstərir. AXCP Iqtisadiyyat Komissiyasının rəhbəri Nemət Əliyevlə müsahibəmizin ilk sualı da məhz bu məqamla bağlı oldu.
– Bu həm siyasi, həm iqtisadi, həm də psixoloji məsələdir. Baş verənləri yalnız bir tərəfinə görə qiymətləndirmək mümkün deyil. Bu, çoxtərəfli məsələdir və Azərbaycanı bütün dünyada rüsvay edən, gözdən salan, ölkə kimi Azərbaycanın olan-qalan nüfuzunu da məhv edən bir məlumatdır. Hər bir halda Azərbaycan xalqı, dövləti, vətəndaşı itirir.
– Maraqlıdır ki, bu offşor qalmaqalı ilə bağlı 170 ölkədən 130 min nəfərin adı hallanıb. Amma bu şəxslər içərisində yalnız bir dövlət başçısının adı çəkilir. O da Azərbaycanın dövlət başçısı Ilham Əliyevdir. Bu faktı necə dəyərləndirmək olar?
– Bu çox utancverici haldır. Bunun izahını necə vermək olar? Bir anlığa təsəvvür edin, Azərbaycan vətəndaşı başqa ölkələrdən olan insanlarla ünsiyyət qurur və birdən xatırladırlar ki, sizin yaşadığınız ölkənin başçısı xalqa məxsus varidatı çapıb talayıb. Bu, insanı utandıran, insanı haldan-hala salan bir məqamdır. Dövlət başçısının adı cürbəcür rüşvət qalmaqallarında, çirkli pulların yuyulması proseslərində hallanır. Bu bir vətəndaş olaraq bizi utandırır. Bir dövlət başçısı olaraq onu da bu məqam utandırmalıdır ki, vətandaş, ailə başçısı və dövlət rəhbəri kimi özünü pis vəziyyətə salıb. Buna görə hamımız utansaq da, baş verənlərin xəcalətini onun təmsil etdiyi komanda və partiya çəkməlidir. Çünki zamanında ölkədə demokratik seçkilərin keçirilməsinin zəruri olduğunu həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlarlar bəyan etsələr də buna məhəl qoyulmayıb. Azərbaycandakı durumla bağlı narahatlıq dəfələrlə ifadə olunub və beynəlxlq təşkilatların hesabatlarına daxil edilib. YAP və onun rəsmiləri bunlardan ibrət götürməlidirlər. Əksinə, hakimiyyət onun xalqın maraqlarına zidd əməllərini açıb-göstərən təşkilatların və vətəndaşların üzərinə yeridilər. Vaxtında lazımi nəticələr çıxarılsaydı, dövlət, xalq olaraq ağır duruma düşməzdilər.
Hakimiyyət yalnız özünü düşünür
– Dövlət başçısı Bakıda keçirilən forumda çıxışı zamanı ölkə iqtisadiyyatında sahibkarlar üçün yaradılan əlverişli mühitdən danışdı. Halbuki reallıq başqa cürdür. Normal ölkələrdə kapitalın offşor zonalara daşınmasının qarşısını dövlət başçısı aldığı halda bizdə fərqli bir yanaşma tərzidir…
– Dövlət başçısı seçki yoluyla seçilsəydi xalq qarşısında məsuliyyət daşıyardı. Amma neçə vaxtdır xalqın etirazının qarşısını zor yoluyla alırlar. Ona görə xalq, dövlət, qanunların qarşısında məsuliyyət hissi itirilib. Bu hiss itirildiyinə görə də hakimiyyətdəkilər dövlətin marağının necə təmin olunacağını düşünmürlər. Amma normal halda dövlət başçısı maliyyə vəsaitinin xarici ölkələrə axınının qarşısını alır. Çünki normal dövlət başçısı həmişə ona çalışır ki, ölkəsində firavanlıq olsun. Ona səs verib, yüksəklərə qaldırmış xalqın, vətəndaşların durumu yaxşı olsun. Ölkənin iqtisadi sistemi rəqabət qabiliyyətli olsun, ölkədə istehsal olunan mallar dünya bazarlarında yaxşı mövqelərdə dayansın. Mənə elə gəlir ki, bu adamlar dövlətə və xalqa özlərini bağlı saymırlar. Ona görə ölkədəki iqtisadi sistemin, dövlətin maraqları deyil, özlərinin və təmsil etdikləri tayfanın maraqlarını daha üstün tuturlar.
– Hakim ailənin offşor zonalara üz tutmasının səbəbləri nədən ibarətdir? Bununla hakim ailə kapitalının təhlükəsizliyinə çalışır?
– Burada əsas məqsəd ailənin iqtisadi, maliyyə maraqlarının təhlükəsizliyinin təminatıdır. Çünki bilirlər ki, postsovet məkanında hər hansı bir narahatlıq yaransa, o zaman offşor zonada qurulan şirkət bunların dadına yetəcək. Əslində normalda dövlət başçısı ölkənin iqtisadi sistemini qorumalıydı. Ölkənin iqtisadi sistemini elə etibarlı sütunlar üzərinə gətirmək lazımdır ki, dünya bazarında yarana biləcək fors-mojorlardan özünü qoruya bilsin. Təəssüf ki, dövlət başçısı özünün və təmsil etdiyi çevrənin maraqlarını xalqın maraqlarından üstün tutur. Üstün tutduqlarına görə həmin maliyyə vəsaitini xaricə, övladlarının adına yatırır. Çünki həmin maliyyə vəsaitləri halallıqla qazanılmayıb. Onlar dövlət büdcəsindən korrupsiya və oğurluq yolu ilə mənimsənilmiş vəsaitlərdir.
Offşorlara yatırılan pul korrupsiyanın səviyyəsini göstərir
– Bir müddət əvvəl yayılmış məlumatda vurğulanırdı ki, 17 il ərzində Azərbaycandan 48 milyard vəsait çıxarılıb. Hazırda offşor zonalarla bağlı açıqlanan maliyyə isə ərəb offşorundakı vəsaitlər, hesablara daxil deyil. Üzdə olan məlumatlar ölkədəki korrupsiyanın miqyası ilə bağlı hansı təsəvvürləri yaradır?
– On yeddi il ərzində 48 milyard dollar yalnız offşor zonadakı müəyyən hesablara köçürülüb. Bu faktın özü artıq 42 ildən artıq bir zamanda Azərbaycanda hakimiyyətdə olmuş insanların niyyətini qabarıq şəkildə ortaya qoyur. Bu gün Azərbaycan hakimiyyətində təmsil olunmuş insanların niyyəti xalqın maraqlarına uyğun deyil. Bunların niyyəti Azərbaycan xalqından sərvətlərini talamaq, daha çox maddi vəsaitə sahib olmaqdır. Bu yolla onlar özlərinin tayfa imperiyasını qurmaq istəyirlər. Ikinci bir məqamı da qeyd etmək lazımdır ki, bu həm də Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsinin yüksək olduğu anlamına gəlir.
– Həmkarlarınızın apardığı maraqlı araşdırma ciddi nəticələr ortaya qoyub. Məlum olub ki, kənd təsərrüfatına yararlı torpaqların sahəsinə görə Azərbaycanla Yaponiya eynidir. Amma bu ölkə 130 milyon nəfərlik əhalisinin ərzaq ehtiyaclarının təxminən 68 faizini, yəni 65 milyon nəfər insanı 100 faiz daxili aqrar məhsullarla təmin etmək gücündədir…
– Bu bir daha ölkə iqtisadiyyatına münasibəti göstərir. Yaponiya hökuməti xalqına xidmət edir. Məhz xalqlarını sevdiklərindən vəsaitlərini kənd təsərrüfatının inkişafına yönəldiblər. Nə qədər insafsız olasan ki, kənd əhalisini iş üzünə həsrət qoyasan. Bəzi hallarda kəndli əkin sahəsini əkib-becərmək üçün 20-40 manata möhtac olur. Maliyyə vəsaitlərinə ölkədə bu qədər ehtiyac duyulduğu bir məqamda vəsaiti ölkənin aqrar, emal sektorunun inkişafına yönəltmək əvəzinə, pulu ölkədən oğurlayıb, offşor zonlara sahib ölkələrin şirkətinə yatızdırırlar. Ya da kiçik faizlərlə 300 milyon dolları Serbiyaya kredit verirlər. Eyni zamanda Gürcüstana da iri maliyyə vəsaitləri kiçik faizlərlə verilib. Sadəcə olaraq bir daha təsdiq olunur ki, Azərbaycan dövlətinə rəhbərlik edənlərin maraqları xalqın, dövlətin mənafeyi ilə üst-üstə düşmür.
İnsanlar artıq hesab sorur
– Hesablama Palatasının Milli Məclisdə hesabatı təqdim edildi. Hesabatda büdcədən yayınmanın miqdarı kimi 300 milyona yaxın vəsait göstərilib.ÿSonra bu vəsaitin büdcəyə geri qaytarıldığı vurğulanıb. Bu nə dərəcədə reallığa uyğun məlumat ola bilər? Digər tərəfdən, baş verən qanunsuzluğa görə heç kim məsuliyyətə cəlb olunmayıb?
– Bu hesabat gözdən pərdə asmağa yönəlib. Azərbaycan kimi ölkədə Hesablama Palatası və onun başında duran şəxs kimdir ki, hansısa yoxlamanı həyata keçirsin və ya hansısa yoxlamanı həyata keçirəndən sonra o kimdir ki, həmin yoxlamanın araşdırmasını həyata keçirsin. Azərbaycanda hər şey bir nəfərin iradəsi ilə həll olunur. Bu iradə hesab eləsə ki, ölkədə korrupsiyaya qarşı mübarizə aparılmalıdır, o zaman lokal xarakterdə mübarizə olacaq. Nəyə görə lokal deyirəm. Çünki bu insanlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq imkanlarından məhrum ediliblər. Sadəcə olaraq bu gün korrupsiya, rüşvət monopoliya hakimiyyətin hərəkətverici qüvvəsinə çevrilib. Bu amillər aradan qaldırılsa, hakimiyyət olmayacaq. Ona görə hakimiyyət imitasiya taktikasını seçib. Ərəb dünyasındakı inqilablar zamanı korrupsiyaya qarşı bir görüntü mübarizə başladı. Amma nə oldu? Xalq xüsusi Natorial kontorlarda, səhiyyə sistemində rüşvətin yığışdırıldığını hiss etdi. Amma qısa müddət sonra yenidən eyni situasiya yarandı. Bir daha aydın olur ki, bu adamlar sadəcə olaraq imitasiyaya meyillidirlər. Başqa bir nümunə, Hesabalama Palatası Xarici Dillər Universitetində araşdırma aparıb, nəticələri prokurorluğa təqdim etmişdi. Amma heç bir nəticə olmadı. Bu cür imitasiya ilə çox getmək mümkün deyil. Azərbaycan xalqı ayılıb və insanlar daha həssas olublar. Insanlar hakimiyyətin gözdən pərdə asan əməllərini anlayıb. Insanlar anlayıb ki, bu iqtidarla üzülüşmədən rahatlıq tapmayacaqlar. Azərbaycan hakimiyyəti bundan ibrət almalıdır. Nə qədər ki, Azərbaycanda ədalətli məhkəmə sistemi qurulmayıb, obyektiv seçkilər keçirilməyib, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparılmayıb, hakimiyyətin bu tip imitasiya xatakterli əməlləri davam edəcək.
Xəyal