Bir qrup məmur və hökumətyönlü ziyalıların nümayəndələri Amerika Azərbaycanlıları ictimai təşkilatının (Azad) sədri Elmar Şahtaxtinskiyə təhqiredici məktub yazıb. Özlərini Şahtaxtinski soyadının nümayəndələri adlandıran bu şəxslər onu milli maraqları satmaqda, soyadı bədnam etməkdə və Azərbaycanın düşmənlərinə yardım etməkdə ittiham edirlər.
“Xaricdə yaşayan həmvətənlərimizin əksəriyyəti haqq uğrunda mübarizə aparan insanlardır. Lakin vətənini satanlar da var. Siz onlardan birisiniz. Azərbaycanda demokratiyanın pozulması haqqında iddialarınız sizə şərəf qazandırmır”, – deyə məktubda qeyd edilib.
Məktubu Ismayıl Hacıyev- Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinin rəhbəri, Isa Həbibbəyli- Naxçıvan Dövlət Universitetinin rektoru, Oruc Həsənli- Naxçıvan Müəllimlər Institutunun rektoru, Hacıfəxrəddin Səfərli- Naxçıvan Tarix, Etnoqrafiya və Arxeologiya Institutunun direktoru və daha 16 nəfər imzalayıblar.
Qeyd edək ki, ABŞ-da tanınmış vəkil və Azərbaycan diasporasının fəal üzvü Elmar Şahtaxtinskiyə qarşı basqılara səbəb onun ABŞ hakimiyyətini Naxçıvanda insan hüquqlarının kütləvi şəkildə pozulmasına son qoymaq üçün Azərbaycan hökumətinə təzyiq göstərməyə çağırması olub. Azərbaycan diasporasının nümayəndələri əmindirlər ki, bu məktubun arxasında Naxçıvan “xanı” Vasif Talıbov durur.