Millətin haqqını oğurlayanlar onun gələcəyini oğurlaya bilməyəcəklər
Ayəndə Mürsəliyeva
Ölkəni inadla 37-yə doğru sürüyürlər. Siyasi fikir və duşüncələrinə görə, hər gün kimlərsə həbsə atılır, cibinə narkotok atılaraq şərlənir, silah saxlamaqda suçlanır.
Bütün yolar qapanıb və bunlar başqa yol tanımırlar, artıq. Əvvəlki illəri hədə-qorxu ritorikası da işləmir. Bütün təbəqələr hakimiyyət üçün potensial deyil, gerçək düşməndir və özəlliklə də, gənclik. Indi hədəfdə gənclikdir və onlara qarşı xüsusi hücümlar təşkil edilib. Az qala, hər gun kiminsə həbs edilməsi xəbərini eşidirik. Bu həbslər, təsiri olmayan həbslərdir. Həbslər artdıqca, insanları təəccübləndirmək mümkünsüzdür. Həbslər insanlarda hakimiyətə qarşı daha çox nifrət və daha çox mübarizə əzmi yaradır. Cəsarət və qorxu üz-üzədir.
Real dünya ilə düşmənçilik azmış. Əliyevçilik indi virtual dünya ilə də müharibəyə girib. Sosial şəbəkələrdəki fəallıq və canlanma hakimyyəti çox narahat edir. Sosial şəbəkələrə qarşı çağırışlar, həm də bütün dünya ilə, savaşın əlamətlərindəndir. Universitet və orta məktəblərdə tələbə və şagirdlərə sosial şəbəkələrdən istifadə yasaqları gündən-günə tragikomik gerçəklik kimi dərinləşməkdədir. Bunların ərəb inqilablarından aldıqları dərs budur. Hər kəsə bəllidir ki, ərəb inqilablarında sosial şəbəkələrin boyuk rolu olmuşdu. Bu baxımdan, hakimiyyətin zəkaya deyil, intuisiyaya dirənən təlaşı başa düşüləndir.
Doğru deyiblər, nə qədər az qorxu hiss edirsənsə, təhlükə bir o qədər azdır. Hər kəs içindəki qorxunu məhv etməyi bacarmalıdır. Indi qorxu, yalnız Əliyevçi rejimin hisslərinə hakim olmalıdır. Millət yavaş-yavaş qorxunun caynaqlarından sıyrılıb çıxır.
Çörəyə möhtac məmləkətin dunyaya səpələnən milyardları
Yenə də Əliyevlər ailəsinin offşor ərazilərə yatırdıği gizli və çirkli paralar gündəmə gəldi. Azərbaycan prezidenti Ilham Əliyevə və ailəsinə məxsus offşor şirkətlərlə bağlı yeni araşdırma işıq üzü görüb. Bundan öncə, Azərbaycan prezidentinin övladlarına dəyəri 75 milyon olan mülklər almağı ilə dünya gündəminə gəlmişdi. Keçmiş sayılan həmin suallara cavab verilmədikcə onlar keçmişdə qalmış sayıla bilməz ki… Və bu məsələlər barədə verilən suallar hələ də cavabsız olaraq qalır. Vircin adalarında şirkətlərə sahib olması ilə bağlı suallar da cavabsız qalacaq. Əliyevlər bu cinayətlərin motivini izah edə bilməyəcəklər. Çünki bu motivlər bəşəri deyil. Bioloci tamahkarlıqdır və günün birində cəmiyyət qarşısına bu effektlə çıxmaq mümkün deyil. Bunlar, axı, “kübar”dırlar. Buna görə də bu sualları səsləndirən cəmiyyəti məhv etmək xəttini tuturlar. Hələ bir də, “ermənipərəstlik” var. Cinayətləri haqqında danışanlar “ermənidirlər” və ya “ermənipərəst”dirlər. Azərbaycan hakimiyyəti ölkədə və ölkədən kənarda, onları tənqid edən hər kəsi ermənipərəstlikdə ittiham edir. “Kürü diplomatiyası”nın cənginə keçməyənlərin hamısı ermənidir!
Və düşünün: bir tərəfdə oğurluq milyardlara sahib olan Əliyevlər ailəsi, digər tərəfdə övladına çörək verə bilməyəcək durumda qalan və bu üzdən intihar edən bir ata. Oğurluqla, quldurluqla mənimsənilmiş milyardlar körpələrini doyura bilmədiyinə görə intihar edən həmin atanın həyatına dəyirmi?!
Müxalifətə niyə dəstək verməli…
Problemlər məngənəsində xalqın dirəniş göstərməsi qəhrəmanlıqdır. Hər kəs bu il Əliyevlər hakimiyyətinin sonu olacağına çox inanır və bu inancda haqlıdırlar. Artıq xalq, hakimiyyəti dəyişmək istəyən muxalif partiyalara daha çox inanır və bu partiyalara qoşulmaqla onları dəstəklədiklərini bəyan edirlər. Ola bilər, bəzi sadə adamları bir sual düşündürmüş olsun. Mən muxalifətə niyə dəstək verməliyəm? Çünki xalqın ölkədən oğurlanan sərvətləri xalqa geri qaytarılacaq. Əsgər ölümlərinə son veriləcək və övladını itirmiş anaların iztirabları bitəcək. Rüşvət dövləti idarəetmə siyasəti olmayacaq. Təqaüdçülər normal insan həyatı yaşamağa imkan verən qədər təqaüd alacaqlar. Müəllim və həkimlər öz peşə şərəflərini qəpik-quruş müqabilində ayaqlar altına atmağa məcbur edilməyəcəklər. Insanlar hüquq və azadlıqlara sahib olacaqlar. Ölkənin bilavasitə idarə edilməsində hər bir vətəndaş iştirak edə biləcək.
Bir nuansı da xüsusi vurğulamaq istəyirəm. Dunyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycanlı mühacirlərin ən böyük arzuları vətənə dönməkdir. Mən bu hisləri hazırda yaşayıram və o üzdən həmvətənlərimi daha yaxşı anlayıram. Azərbaycanın Əliyevlər diktatorluğundan qurtulacaği günü səbirsizliklə gözləməkdəyəm. Bu günün çox da uzaqda olmadığına bütün ruhumla inanıram. Azərbaycan vətəndaşı öz məmləkətində rahat və firavan yaşamaq haqqına sahibdir. Və bu haqqı ona Azərbaycan müxalifətinin tanıyacağına inanın.
Ayəndə Mürsəliyeva