20 il keçəndən sonra Qarabağın bu vaxta qədər qaytarılmamasının səbəbini izah etmək üçün hakimiyyət dairələri, prinsipcə başqa arqumentlər də gətirə bilərdi. Amma onlar Qarabağın qaytarılmamasının “səbəb”ini Ziyalılar Forumunda, xüsusən də yazıçı və ssenarist R.Ibrahiməyovda gördülər – özləri bilavasitə bunu etməsələr də, onlara yaxın telekanallar bu tapşırığı çox ustalıqla yerinə yetirdilər.
Bəlkə də bu da onun nəticəsidir ki, mənim yazdığıma rəğmən əslində onların deyiləsi və yazılası arqumenti yoxdur. Bir vaxt özlərindən əvvəlki hakimiyyətləri fərqinə varmadan əsaslı və əsassız arqumentlərlə yamanlayan indiki hakimiyyət təmsilçiləri 20 ildir ki, sanki heç nə olmamış kimi ölkə ictimaiyyətinə tutarlı bir izahat verməyi də özlərinə rəva bilmirlər. Bəli, I.Əliyev irəliəcədən təşkil olunmuş görüşlərdə insanlara nəsə deməyə çalışır. Amma bu deyilənlərə nə münasibət bildirməyə icazə verilir, nə də ki, onların məzmunu dəyişdirilir – I.Əliyev kiçik qruplar qarşısında hər dəfə eyni sözləri təkrar edir. Hər dəfə də o, “Nə ediləcək” sualına cavab verməyə cəhd edir – “Qarabağ müstəqil olmayacaq!”, “Ikinci erməni dövləti yaranmayacaq!” və s və i.
Insanlar isə ondan daha çox “Nə edilib?” və “Nə edilir?” suallarına cavab verilməsini gözləyirlər. Həqiqətən də 20 il ərzində Qarabağı qaytarmaq üçün nə edilib? Və yaxud da hazırda nə edilir?.. Bu sualların cavabı yoxdur. Sadəcə deyə bilmirlər ki, bu 20 il ərzində Azərbaycanda yalnız digər keçmiş sovet ölkələrində nə edilibsə, o edilib – beş-altı bina tikilib, iki-üç körpü salınıb, əvəzində isə özləri hesaba belə gəlməyən dərəcədə sərvət toplayıb. Bunları demək, etiraf isə etmək çətindir. Amma bütün hakimiyyətin bir yazıçı və ssenaristlə savaş açması asandır.
Bunlardan soruşan lazımdır ki, niyə bu qədər qeyzlənirsiniz? R.Ibrahimbəyov bu ölkənin vətəndaşıdır. 9 milyon insanın susmasına rəğmən o sizdən – ölkənin hakimiyyətindən nəsə soruşur. Buyurun, siz də onun sorğusuna cavab verin.
Başqa vaxt ictimai rəydən və ictimai iştirakçılıqdan danışırsınız. Təsəvvür edin ki, həmin o rəy bu gün sizdən hesabat istəyir. Axı “Siz mənə inanın!”, “Mən sizi aldatmaram!” deməklə iş bitmir. Özü də faktiki olaraq o halda ki, insanlar aldadılır, özü də hər an, hər saat.
Bir nəfərin, özü də ölkə rəhbərinin nə qədər sərvəti və mülkü ola bilər?.. Adamı ən çox əndişələndirən odur ki, zavallı insanlar hələ deyir ki, bunlar sərvət toplayıb doyublar, sonra gələnlər isə hələ bundan sonra toplayacaqlar! Adamın burada M.Cəlilin çox məşhur müraciəti yadına düşür. Amma indi onu səsləndirməyəcəyik. Sadəcə, deyəcəyik ki, axı doymurlar!.. Sizə elə gəlir ki, onlar nə vaxtsa doyub “stor!” -deyəcəklər. Amma demirlər…
20 ilin statistikası
Bu il Minsk qrpunun yaranmasının 21 ili tamam oldu. Aprel ayında isə BMT TŞ-nin qəbul etdiyi ilk qətnamənin – 822 saylı qətnamənin qəbul olunmasının 20 ili tamam olur. Çox acınacaqlı statistikadır.
Düzdür, BMT-nin yaşı 50 ilə çatan qətnamələri də var. Bu mənada Qarabağ hələ çox “cavan”dır. Amma digər münaqişələrlə bağlı proseslər daha aktiv gedir. Üstəlik, hərənin özünə uyğun ritorikası var. Məsələn, Fələstin demir ki, biz bölgənin lider dövlətiyik!
Amma Azərbaycanda deyirlər. Fərqinə varmırlar ki, bir gün biri çıxıb deyə bilər ki, əvvəlcə ərazi bütövlüyünüzü və sərhədlərinizi sahmana salın, ondan sonra liderlik iddiasına düşün.
Söhbət Qarabağdan düşəndə deyirlər ki, bəli, dünya birliyi hüquqa etinasız yanaşır. Elə ki həmin dünya birliyi ölkənin içindəki haqq və hüquqdan bir kəlmə daşımaq istəyir, dərhal bunların yadına düşür ki, bura da qüdrətli və suveren dövlətdir.
Sovet siyasətinin iflası güc strukturlarından başlamışdı. Kommunizmə və başqa siyasi şüarlara rəğmən bu strukturlarda elə münasibətlər yaranmışdı ki, onlar dünyanın heç bir ölkəsində yox idi.
Uzağa niyə gedək? Bir vaxt həmin bu strukturlarda “dedovşina” deyilən münasibətlər qurulmuşdu. Indi bu ifadəni Azərbaycan gerçəkliyinə tətbiqən eşidirik. Budurmu bu 20 ilin evolyusiyası?
Kiçik sözardı
20 il artıq bir nəsil deməkdir. Azərbaycanda elə bir nəsil yaranır ki, onlar Qarabağ haqqqında ən yaxşı halda bir şey bilirlər: onların valideynləri bu torpaqlardan çıxıb. Onlar əvvəlki nəsillərdən fərqli olaraq daha “Qarabağ niyə qaytarılmadı?” demirlər, çünki Qarabağ onlar üçün həmişə xəttin o biri tərəfində olub…