Ensiklopedik bilikli filosof
Öz qiymətli əsərləri ilə Şərq fəlsəfi fikir tarixində əbədi yer qazanan görkəmli Azərbaycan filosofu və şairi Mahmud Şəbüstəri çox qısa ömür sürməsinə baxmayaraq, elm sahəsində böyük şöhrət qazanmışdır. Qədim yunan fəlsəfəsi, zərdüştilik, bütpərəstlik, xristianlıq, islam dini və onun müxtəlif mistik-fəlsəfi cərəyanları haqda da dərin bilik sahibi olan Mahmud Şəbüstəri 1827-ci ildə Təbriz yaxınlığındakı Şəbüstər adlanan yerdə ilahiyyatçı ailəsində anadan olmuşdur.
Şəbüstəri ensiklopedik biliyi olan bir alim idi. O, ilahiyyat, fəlsəfə, astronomiya, tibb, filologiya və başqa elm sahələrinə dərindən bələd olmuşdur.
Mahmud Şəbüstəri hələ cavanlıq illərindən Misir, Hicaz, Suriya, Iraq və başqa ölkələrə səyahətlər etmiş, orada görkəmli alimlərlə tanış olmuş, onlarla əlaqə yaratmış və daimi məktublaşmışdır. Məhəmmədəli Tərbiyətin yazdığına görə, şirvanlı səyyahlardan biri Şəbüstərinin Kirmanda da olduğunu iddia edir. O, Kirmanda evlənmiş və orada uşaq və nəvələri də olmuşdur. Şəbüstərinin nəslindən çıxanlar arasında elm və ədəbiyyat xadimləri də vardı. Onun oğlu şair olmuş və atasının məşhur “Gülşəni-raz” əsərinə şərh yazmışdır.
Şəbüstəri 1320-ci ildə vəfat etmiş və öz vətənində, Şəbüstərdəki Gülşən qəbiristanlığında müəllimi Bəha əd-Din Yaqub Təbrizinin yanında dəfn olunmuşdur. Indi də onun məzarı ziyarətgahdır. Məqbərəsi təkcə XIX əsrdə üç dəfə bərpa edilib. Məzarın üzərinə mərmərdən xatirə lövhəsi vurulmuş və onun üzərində bu sözlər həkk edilmişdir: “Böyük şeyx hicri tarixi ilə 720-ci ildə (1320) 33 yaşında bu cismani dünyadan əbədi dünyaya köçdü”.
Şəbustəri özündən sonra zəngin bir ədəbi irs qoyub getmişdir. “Səadətnamə”, “Kənzul-həqaiq” (“Həqiqətlər xəzinəsi”), “Həqqul-yəqin fi Mərifəti rəbbul aləmin” (“Aləmin yaradıcısını dərk etmək üçün şəksiz həqiqətlər”), “Miratul-Muhəkkikin” (“Həqiqət axtaranların aynası”) və bir də dünya şöhrətli “Gülşəni-raz” (“Sirlər gülşəni”) poeması kimi əsərlər onun qələminə məxsusdur.
Məşhur əsəri “Gülşəni-raz” haqqında
“Gülşəni-raz” (“Sirlər gülşəni”) məsnəvisi Mahmud Şəbüstəriyə böyük şöhrət qazandıran əsərlərindən biridir. “Gülşəni-raz” təsəvvüf ədəbiyyatında işlənən bir sıra anlayış və istilahların, incə mətləb və rəmzlərin açıqlanmasına həsr olunmuşdur. Bu əsər yazıldığı dövrdən başlayaraq təsəvvüfün təməl kitablarından, ana qaynaqlarından biri sayılıb, sonradan bu mövzuda yazılmış əsərlərdə ona dönə-dönə üz tutulub. “Gülşəni-raz”ın çoxlu saylı qədim əlyazmaları, eləcə də ona yazılan orta yüzil şərhləri bunu əyani şəkildə sübut edir.
“Gülşəni-raz” əsərinin yazılmasının da maraqlı tarixçəsi var. 1317-ci ildə Xorasanın nüfuzlu alimlərindən sayılan Seyid Hüseyni Hərəvi (1246-1320) yaxın adamlarından bir nəfəri Şəbüstərinin yanına göndərək ona şeirlə yazdığı məktubunu çatdırır. Xorasan alimi həmin məktubunda Şəbüstəridən xahiş edir ki, onu düşündürən 15 suala şeirlə cavab yazsın. Şəbüstəri əvvəlcə bu xahişi qəbul etmək istəmir, bildirir ki, məktubdakı sualların cavabı onun nəsrlə yazdığı risalələrində var. Müəllif bu fikrini həm də onunla əsaslandırır ki, indiyədək qələmini şeirdə sınamayıb və “söz-mənanın” (dərin mənalı sözün) əruza, qafiyəyə sığacağına inanmır. Bununla belə, Şəbüstəri yaxın bir adamının xahişi ilə çox qısa zamanda ona şeirlə ünvanlanan suallara şeirlə də cavab yazır.
Beləliklə, ilk nəzm əsəri olan “Gülşən-raz” məsnəvisi bu şəkildə ortaya çıxır. Şəbüstəri özünün ilk fəlsəfi əsərlərini nəsrlə yazmışdır. O yalnız ömrünün sonlarında şeirə müraciət etmişdir.ÿ
Bir müddət sonra Şeyx Hüseyni yenidən bir sıra suallar göndərir. Həmin suallar Şəbüstərinin cavab məktubunu oxuyarkən yaranmışdı. Bu dəfə müdrik sənətkar hər iki məktubdakı sualları 15 mövzuya bölüb “Gülşəni-raz” adlı poemasını qələmə alır. Bu, Şəbüstərinin ilk mənzum əsəri olduğundan, o burada fəlsəfi fikirləri mənzum formada ifadə etməkdə çətinlik çəkdiyini də söyləyir. Bu proses onun fikrincə, dəryanı bir qaba yerləşdirmək kimi bir şeydir.
Qeyd etdiyimiz kimi, “Gülşəni-raz” məsnəvisinə çoxlu klassik şərhlər yazılıb. Həmin şərhlər içərisində ən məşhuru Şəmsəddin Məhəmməd Lahicinin “Məfatihül-ecaz fi şərhi-”Gülşəni-raz” (“Gülşəni-raz”ın şərhinə aid möcüzələrin açarı) adlı əsəridir. Lahicinin bu şərhində “Gülşəni-raz”ın hər bir beytinin geniş izahı verilib. Əminəddin Təbrizi, Seyid Yəhya Şirvani-Bakuvi, Baba Nemətullah Naxçivani, Kəmaləddin Hüseyn bin Şərəfəddin Əbdülhəqq Ərdəbili və başqa Azərbaycan alimləri də “Gülşəni-raz”a şərhlər yazıblar.
Şəbüstərinin tarixə miras qalan elmi “xəzinəsi”
Orta yüzilliklərdə “Gülşəni-raz”ın təsiri ilə yazılmış bir sıra əsərlər də məlumdur. Xəlvətiyyə təriqətinin şeyxlərindən olmuş Ibrahim Tənnurinin türkcə məsnəvi şəklində yazdığı “Gülzarnamə” kitabında “Gülşəni-raz”ın güclü təsiri görünür. XVII yüzil Osmanlı müəllifi Sarı Abdullah ana dilində yazdığı “Səməratül-Fuad” əsərində “Gülşəni-raz” əsərinə istinad etmişdir. Bu əsər orta yüzilliklərdə iki dəfə türkcəyə tərcümə edilib. Bu klassik tərcümələrdən birincisi “Şirazi” təxəllüslü Azərbaycan şairi-mütərciminə məxsusdur və 1429-cu ildə tamamlanıb.
1426-cı ildə “Gülşəni-raz” Azərbaycan şairi Şirazi tərəfindən ana dilimizə-Azərbaycan türkcəsinə çevrilir. 1944-cü ildə isə Əbdülbaqi Gölpınarlı əsəri Osmanlı türkcəsinə tərcümə edir. XIX əsrdən başlayaraq, poema müxtəlif müəlliflər tərəfindən bir çox Avropa dillərinə çevrilir və dəfələrlə dərc olunur. Əsər yarandığı gündən bütün şərqin sufiləri arasında böyük rəğbətlə qarşılanır. Şəbüstərinin fəlsəfəsinə dair kitabında Şaiq Ismayılov XIV-XVIII əsrlər arasında həmin əsərə fars dilində şərh yazmış 18 müəllifin adını çəkir. Həmin şərhlər arasında Azərbaycan filosofu Şəmsəddin Lahicinin 1472-ci ildə yazdığı “Məfatih-ül Ecaz” (“Möcuzələrin acarı”) əsəri bizim günlərə qədər öz populyarlığını itirməmişdir. 1319-1320-ci ildə Şəbüstəri özünün ikinci mənzum fəlsəfi əsəri olan “Səadətnamə”ni qələmə alır. Bu, həcmcə əvvəlki poemadan daha iri olub, üç min beytdən ibarət idi. Əsər hər biri fəsil və paraqraflardan ibarət səkkiz hissəyə bölünmüşdü. Şəbüstəri “Səadətnamə”də fəlsəfi düşüncələrindən başqa öz həyat və fəaliyyəti, səyahətləri haqda məlumatlar verir, öz müəllimləri və sevimli kitabları haqda söz açır.
M.Tərbiyətin yazdığına görə, Şəbüstəri indiyə qədər dünyanın kitab saxlanclarında təsadüf olunmamış “Şahidnamə” adlı başqa bir poemanın da müəllifidir. O həmçinin ərəb dilindən fars dilinə tərcümə ilə məşğul olmuşdur. Məşhur filosof Imam Qəzalinin “Minhacul-abidin” (“Zəvvarların yolu”) adlı əsərini farscaya məhz o çevirmişdir. Şəbüstərinin Xorasan mütəfəkkiri Hüseyni Səadətlə yazışmaları da bəllidir. Bütün bunlarla birlikdə Şəbüstəri yaradıcılığının araşdırıcıları, o cümlədən bu xəzinənin tanınmış bilicisi Şaiq Ismayılov “Kənzul-həqaiq” əsərinin ona məxsus olmadığını iddia edirlər.
Şəbustərinin yaradıcılığı Azərbaycanın orta əsrlər fəlsəfəsi tarixində mühüm yer tutur. Onun əsərləri Avropa və Asiyanın bir çox ölkələrində nəşr olunmuşdur. Sufi fəlsəfəsinin davamçıları onu bu sahədə böyük bir nüfuz sahibi bilir və öz mülahizələrində tez-tez Şəbustəri irsinə istinad edirlər.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir