Müzəffər Baxışov: «Offşor zonada qeydiyyatdan keçmiş şirkətlər çirkli pulların yuyulmasıyla məşğul olur»
“Azadlıq”ın ötən sayında xəbər verdiyimiz kimi, dövlət başçısı Ilham Əliyev və ailə üzvlərinin biznesilə bağlı yeni faktlar üzə çıxıb. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun həyata keçirdiyi araşdırma nəticəsində məlum olub ki, Ilham Əliyev və ailə üzvlərinin sahib olduğu şirkətlər offşor zonada qurulub.
Maraqlıdır, dövlət başçısı və onun ailə üzvlərinin bizneslə məşğul olması məsələsi qanunvericilikdə necə tənzimlənir? Qanunda hansı məhdudiyyətlər var?
Hüquqşünas Müzəffər Baxışov deyir ki, qanuna görə, prezident bizneslə məşğul ola bilməz. Azərbaycanın dövlət başçısının xanımının bizneslə məşğul olmasına gəlincə, nəzərə almaq lazımdır ki, o da Milli Məclisin deputatıdır. Konstitusiyanın 89-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə görə, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə, o cümlədən kommersiya fəaliyyətilə məşğul ola bilməz.
“Prezidentin övladlarının adına olan hüquqi şəxslər – şirkətlər offşor zonada qeydiyyatdan keçib. Bu da bütün dünyada qəbul edilmiş qaydadır ki, offşor zonada qeydiyyatdan keçmiş hüquqi şəxslər bir qayda olaraq, çirkli pulların yuyulmasıyla məşğul olur. Onların hesabatları şəffaf olmur, vergidən yayınır, qanunsuzluqlara yol verirlər. Bu baxımdan dünya mediasında bu faktların ortaya çıxarılması müsbət haldır”, – deyə Müzəffər Baxışov bildirib.
Nigar