«Bu hakimiyyətin hamını razı salacaq seçki keçirmək iradəsi yoxdur»
“Azərbaycanda iqtidar-müxalifət dialoqunun məqsədi kiminsə öz iradəsini qarşı tərəfə qəbul etdirməsi və kimisə nəyəsə məcbur etmək demək deyil”. Bunu, Prezident Administrasiyasının Ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib(APA).
Qarşıdan prezident seçkilərinin gəldiyini xatırladan Ə.Həsənov bildirib ki, iqtidar seçki ərəfəsində müxalifət partiyaları ilə, o cümlədən seçki institutları və QHT-lərlə görüşlərini davam etdirəcək:
“Onlarla bərabər seçki prosesinin təşkili, seçkilərin daha şəffaf keçirilməsi ilə bağlı bütün tərəfləri narahat edən məsələləri müzakirə edəcəyik. Məqsəd də ondan ibarətdir ki, ümumrespublika əhəmiyyətli tədbiri – prezident seçkilərini ədalətli keçirək, bütün maraqlı tərəflər, seçkiyə qatılmaq istəyən partiyalar, qurumlar burada iştirak etsin və hər kəs seçkinin nəticəsindən razı qalsın”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, Ə.Həsənovun səsləndirdiyi fikirlər elə Azərbaycan müxalifətinin də arzusudur: “Biz həmişə bütün problemlərin qanunçuluq çərçivəsində, sivil qaydada, hər hansı qarşıdurma olmadan həllinin tərəfdarı kimi çıxış etmişik. Seçki ilində də partiyamızın, bütövlükdə Ictimai Palatanın və müxalifətin mövqeyi Azərbaycanda normal, demokratik seçki şəraitinin keçirilməsindən ibarətdir. Amma təəssüf ki, hakimiyyət ideoloqlarının dəfələrlə seçki ərəfəsi verdiyi bəyanatlar sonradan təsdiqini tapmayıb. Seçkiyə bir neçə ayın qaldığı bir vaxtda sərbəst toplaşmaq azadlığına bu cür münasibət, partiya funksionerlərinin regionlarda hətta öz üzvləri ilə görüşlərinə maneə törədilməsi, fəal gənclərin kütləvi şəkildə həbs olunması, bu həbslər zamanı narkotik kimi eybəcər vasitələrdən istifadə, demokratiya tələb edən beynəlxalq qurumlara qarşı hücumların getdikcə sərtləşməsi – bütün bunlar Əli Həsənovun dediyi fikirlərlə ziddiyyət təşkil edir. Və bir daha bu hakimiyyətin qeyri-səmimi olduğunu göstərir. Hesab edirəm ki, bu, Əli Həsənovun beynəlxalq qurumları növbəti dəfə aldatmaq cəhdidir. Normal seçki şəraitinin yaradılması prosesi çoxdan – ən azı, iki il əvvəldən başlamalı idi. Bu cür bəyanatlarla yenə camaatı aldatmaq və çirkin niyyətlərini həyata keçirmək istəyirlər”.
Müsavat başqanının müavini Gülağa Aslanlı hesab edir ki, bu hakimiyyət hamını razı salacaq seçki keçirmək iradəsinə sahib deyil: “Əvvəla, Əli Həsənov dolayısıyla etiraf edir ki, bu günə qədər hamını razı salacaq seçki keçirməyiblər. Ikincisi də, Əli Həsənov və onun təmsil olunduğu iqtidar hər dəfə seçki bitəndən sonra Azərbaycanda müxalifətin olmadığını deyir. Bu, bir-iki il belə davam edir. Seçkiyə yaxın dövrlərdə ”biz müxalifətlə dialoqa hazırıq” şüarını səsləndirirlər. Seçki ilində də bu dialoqun daha da intensivləşəcəyi haqda fikirlər söyləyirlər. 93-cü ildən bəri verilən vədlər elə vəd olaraq qalıb. Heç biri həyata keçməyib. Bu hakimiyyətin hamını razı salacaq seçki keçirmək iradəsi yoxdur. Indi seçkiyə 6 ay qalmış yenidən belə vəd verirlər. Əgər hakimiyyətin ədalətli seçki keçirmək niyyəti olsaydı, bu işə seçki qanunvericiliyini təkmilləşdirməkdən başlamalı idi. Bunu etmirsə, demək belə bir niyyət də yoxdur”.