«Hanı o uğurlu xarici siyasətin nəticələri ki, Azərbaycanı hazırda hər tərəfdən təhlükə gözləyir»
Zəfər Quliyev: “Küncə sıxılmış iqtidarın yaratdığı təhlükə ondan ibarətdir ki, rejim qalmaq üçün milli maraqlara zidd addımlar da ata bilər”
Uzun müddət rəsmi təbliğatın Azərbaycanın xarici siyasətdə balanslaşdırılmış siyasət apardığını bəyan etməsinə baxmayaraq hazırda gözümüz önündə fərqli mənzərə yaranıb. Azərbaycanın hazırda qonşuları ilə ciddi problemlər yaşadığı və beynəlxalq aləmdə əlverişsiz durumda olduğu görünməkdədir. Siyasi ekspert Zəfər Quliyevlə müsahibəyə Azərbaycanın xarici siyasət vektorundakı bu tendensiyalara aydınlıq gətirməklə başladıq:
– Zəfər bəy, Azərbaycanın xarici siyasətinin hazırkı durumu, Qərblə gərgin münasibətlərlə yanaşı, Rusiya və Iranla da əlaqələrdəki soyuqluq nədən xəbər verir?
– Əslində əvvəllərdə bu siyasət yalnız konyukturaya hesablanan balanslaşdırılmış siyasət olub. Faktiki olaraq bu balanslaşdırılmış siyasət deyildi. Son illərin təcrübəsini nəzərə alsaq Azərbaycan gah sağa, gah da sola meyllənən siyasət yürüdüb. Azərbaycan hakimiyyəti Qərbin təzyiqindən, demokratiya sahəsində islahatlar tələbindən gizlənmək lazım olanda Rusiyaya sığınır, eyni zamanda Moskva və ya Iranla əlaqələr korlananda Qərbin xoşuna gəlmək istəyirdi. Hakimiyyət bu dövrdə Qərblə qısa müddətli münasibətlər qururdu. Əslində bu cür siyasət strateji baxımdan uğurlu sayıla bilməz. Çünki müstəqil, özünə hörmət edən ölkə öz maraqları, eyni zamanda dünyanın müasir siyasi mahiyyətini dərk edərək onun üzərində xarici siyasətini qurur. Lakin hakimiyyət xarici siyasətini daha çox taktiki uğurlar üzərində qururdu. Ona görə də həm daxildə, həm də xaricdə Azərbaycana qarşı vəziyyət dəyişən kimi bu “balanslaşdırılmış” siyasətin nəyə qadir olması həmən göründü. Əslində Azərbaycanın xarici siyasətində bu tendensiya Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsindən sonra hiss olunurdu. Hakimiyyət siyasi iqtidarı qorumaq üçün hamıya güzəştə getməyə çalışırdı. Amma 2008-ci ildən sonra ərəb inqilabları dalğasından sonra aydın şəkildə görünür ki, Azərbaycanın nə qonşuları ilə, nə də Qərblə normal münasibətləri yoxdur. Hakimiyyət özü də bunu etiraf edir. Rəsmi təbliğat göstərir ki, Azərbaycana qarşı bütün cinahlarda düşmən münasibət var.
Hər hadisədə Iranın izin axtarmaq yanlışdır
– Son günlər Irandan Azərbaycana qarşı sərt bəyanatlar səsləndirilir. Iran rəsmiləri Azərbaycan Respublikasının Irana birləşdirilməsi ilə bağlı referendum keçirilməsini istəyirlər. Bu nəyin təzahürüdür? Bu Iranın Bakıda bir müddət əvvəl Güneylə bağlı keçirilən konfransa cavabdır, yoxsa başqa məqamlar var?
– Aydın məsələdir ki, Bakıdakı bu tədbir Iranı qıcıqlaqdırmışdı. Amma bu sərt münasibət yalnız tədbirlər bağlı deyil. Son illər Iran Azərbaycan münasibətləri gərgin olaraq qalmaqdadır. Mütamadi olaraq Irandan sərt bəyanatlar səslənir, qarşılıqlı notalar verilir. Ona görə hazırkı bəyanatların kökləri daha dərindədir. Bakıdakı tədbir formal baxımdan bu cür ittihamların səsləndirilməsinə əlavə təkan verdi. Iran Azərbaycandan siyasi mahiyyətinə görə fərqli rejim deyil. Lakin indiki məqamda rəsmi Bakı yanlış olaraq bir çox məsələlərin arxasında məhz Iranın izini görmək istəyir. Hətta özü də bəlkə bilir ki, burada Iranın əli yoxdur, amma Tehranı vurmaq üçün bir fürsət axtarır. Məsələn, artıq parlament səviyyəsində, rəsmi mətbuatda Nardarandakı aksiyanı Irana bağlayırlar. Mən şəxsən belə hesab etmirəm. Nardaranlılar özləri də bəyan etdilər ki, onların kifayət qədər sosial problemləri var. Eyni zamanda Iran da Cənubi Azərbaycanda baş verən bir çox hadisələrin arxasında Azərbaycanın əlini görmək istəyir. Amma Iranın son bəyanatları bir qədər gülməli görünür. Çünki adi məntiqə görə Şimali Azərbaycan Irana qatılsa, bu artıq Iran yox, Azərbaycan olacaq. Yəni bu Iran üçün daha təhlükəli olardı. Iran ölkədə baş verən proseslərdən narahatdır. Çünki 2009-cu ildə Güney Azərbaycanda baş verən proseslərin uğurla nəticələnməsinə az qalmışdı. Eyni zamanda Azərbaycan hakimiyyəti bizdə keçiriləcək seçkilərdən narahatdır. Ona görə hakimiyyət Irana qarşı durduğu görüntüsünü yaratmaqla, Qərbin dəstəyini almağa çalışır.
– Bu bəyanat Güney Azərbaycanla bağlı tədbirdən sonraya təsadüf edir. Təbii ki, biz cənubda yaşayan soydaşlarımıza dəstək verilməsinin tərəfdarıyıq. Amma sizcə, Azərbaycan bir qədər eyhtiyatlı davranaraq, Iranın əlinə bəhanə verməmək üçün diqqətli davranmamalıdırmı?
– Hakimiyyət müqəddəs və hamının diqqətində olan məsələlərdən bir çox hallarda spekulyasiya edir. Bununla cəmiyyətin diqqətini başqa problemlərə yönəltməyə və özünün daha çox vətənpərvər olduğu fikrini formalaşdırmağa çalışır. Buna misal olaraq hakimiyyətin həm Qarabağ, həm Güney məsələsindən istifadə etməyə çalışmasını göstərmək olar. Bununla hakimiyyət cəmiyyəti öz ətrafında birləşdirməyə çalışır. Seçki yaxınlaşdıqca biz bunu daha qabarıq formada hiss edəcəyik. Digər tərəfdən Qarabağ problemi kimi, Güney məsələsi tədricən Azərbaycan cəmiyyəti üçün gündəmdə olan məsələyə çevrilir. Əgər doğurdan da Azərbaycan hakimiyyəti milli maraqları hər şeydən üstün tutsaydı, bu özünü hər şeydə göstərməli idi. O zaman hakimiyyət daxili siyasətdə vətəndaşlarına qarşı fərqli münasibət sərgiləyərdi. Bizim hakimiyyət bir qayda olaraq çətin duruma düşəndə spekulyasiya edir. Əgər hakimiyyətin siyasətinin arxasında real məqamlar dursaydı, o zaman Güneylə bağlı tədbirə görə münasibətlərin korlanmasını anlayardıq. Amma bu belə deyil.
Rusiya-Azərbaycan gərginliyinin səbəbi nədir?
– Rusiya ilə hakimiyyətin münasibətləri uzun müddət normal olub. Amma hazırda bu münasibətlərdə gərginlik yaşanır. Bunun səbəbi nədir? Rusiyanın Azərbaycandan gözləntiləri nədir ki, münasibətlər bu formada gərilib.
– Çox vaxt avtoritar rejimlərin arasında olan münasibətlərdəki dəyişmələr o qədər də ciddi siyasi və iqtisadi səbəblərlə bağlı olmur. Burada ilk növbədə şəxsi münasibətlə əlaqəli olur. Hər iki ölkədə avtoritar rejimlər var və Putin-Əliyev münasibətləri vaxtı ilə Putin-Saakaşvili əlaqələri kimi gərilib. Digər tərəfdən əvvəllər Putinlə Əliyevin münasibəti normal deyildi. Medvedevin dönəmində iki ölkə arasında normal münasibətlər var idi. Amma hazırda bu münasibətlər sıfır nöqtəsindədir. Bunun səbəbləri çoxdur. Burada həm “WikiLeaks”də gedən materialları, həm də Azərbaycanın Qəbələ RLS və digər məsələlərdə Rusiyaya “yox” deməsini vurğulamaq olar. Rusiya mətbuatında da rəsmi Bakıya qarşı sərt münasibət var. Əslində hakimiyyət də gözəl bilir ki, onun üçün 2013-cü il seçkisində ən böyük təhlükə məhz Rusiyadan gəlir. Hakimiyyət həm “milyarderlər ittifaqı”nı, Kremlin Şimali Qafqazda apardığı siyasəti, Rusiya-Iran tandemini özü üçün böyük təhlükə sayır. Əslində bu göstərir ki, hakimiyyətin on il uğurlu xarici siyasət apardıqlarına dair təbliğatı yalandır. Hanı o uğurlu xarici siyasətin nəticələri ki, Azərbaycanı hazırda hər tərəfdən təhlükə gözləyir. Bu xarici siyasətin böhranının göstəricisidir.
– Ekspertlər Rusiya ilə gərgin münasibətlərin fonunda buna qarşı Azərbaycanın NATO-ya inteqrasiya kursu tutmalı olduğunu vurğulayırlar. Amma Azərbaycanın Qərblə də münasibətləri gərgindir. Bu tendensiya hakimiyyətə nə vəd edir, hansı fəsadlar ola bilər?
– Rəsmi Bakı balanslaşdırma siyasəti yürütdüyünü bəyan etməklə bütün qapıları öz üzünə açıq qoymuşdu. Amma qapıları açıq qoymaqla yanaşı Azərbaycan heç bir qapıya da daxil olmağı istəmirdi. Bir müddət bu cür ehtiyatlı siyasət yürütməklə manevr imkanları saxlayırdı. Lakin bu cür siyasətin uzun müddətli perspektivi ola bilməz və hakimiyyət əvvəl axır seçim qarşısında qalacaq. Hakimiyyət strateji seçim etməkdə geciksə ondan sonra çox təhlükəli mərhələ başlaya bilər.
Hakimiyyət milli maraqları sata bilər
– Hakimiyyət kifayət qədər mürəkkəb və gərgin geosiyasi durumda 2013-cü il seçkilərinə gedir. Qərblə əlaqələrin gərgin olduğu bir zamanda, hakimiyyət seçki saxtakarlığında arxalandığı ənənəvi müttəfiqlərini də itirib. Belə təcrid olunmuş vəziyyətdə seçkiyə getmək hakimiyyətə nə vəd edir?
– Hakimiyyət üçün təhlükəli perspektivlər yaranıb. Eyni zamanda bu tendensiya cəmiyyət üçün təhlükə vəd edir. Amma hakimiyyət hələ ümid edir. Hazırda hakimiyyət emisarlarını ABŞ, Avropaya göndərir. Güman etmək olar ki, Rusiya ilə də danışıqlar aparır. Ona görə hakimiyyət cürbəcür bazarlaşma ilə Qərbi, Rusiyanı neytrallaşdırmağa çalışır. Hakimiyyət bu yol ilə müttəfiq qazanmasa da, müəyyən təhlükələri aradan götürmək istəyir. Amma əvvəllər hakimiyyətin bazarlaşmaq üçün resursu var idisə, hazırda küncə sıxılmış iqtidarın yaratdığı təhlükə ondan ibarətdir ki, recim qalmaq üçün milli maraqlara zidd addımlar da ata bilər. Çünki prioritetləri müqayisə edəndə hakimiyyət üçün milli maraqlar, ölkənin müstəqilliyi bir o qədər də önəmli deyil. Hakimiyyət üçün ən birinci prioritet siyasi iqtidarı saxlamaqdır. Ona görə hakimiyyət gizli bazarlaşmada təhlükəli güzəştlərə gedə bilər. Amma hətta bu da təhlükəli ola bilər. Tutalım bu bazarlaşma uğurlu oldu. Bəs sonra. Artıq hakimiyyətin siyasətinin perspektivləri görünmür. Seçkini saxtalaşdırmaq hələ siyasi gələcəyi təmin etmək demək deyil.
– Bu gərginliyin fonunda Azərbaycan daxili durum da tam fərqlidir. Sosial şəbəkələr ayaqdadır, ölkədə hər ötən gün narazılıq artır və aksiyalar keçirilir. Bütün bunların üzərinə daha bir faktor da gəlir. Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi. Bu baxımdan ölkədə baş verənləri necə proqnozlaşdırırsınız?
– Seçkiyə bir neçə ay qalsa da, seçki mühiti hiss olunmur. Düzdür seçki ilə bağlı siyasi qüvvələr hərəkətə gəlib, namizədliklər irəli sürülür. Amma seçki ab-havası hissə olunmasa da, insanlar siyasi cəhətdən fəallaşıblar. Regionlarda, Bakıda ümumi narazılıq artıq o səviyyədədir ki, sosial narazılıq siyasi müstəviyə keçməkdədir. Eyni zamanda sosial şəbəkələrdə gedən proseslər, mübarizə real aləmə transfer olunur. Belə bir şərəaitdə hakimiyyət seçki mövzusunu gündəmə gətirmək istəmir. Amma insanların da özündə də seçki prosesinə inamı yoxdur. Insanlarla görüşdə də hiss olunur ki, onlar daha çox fors-major hadisələr, inqilabi proseslərə ümid edirlər. Insanlar bu proseslərin ya paytaxtda, ya da rayonlarda başlayacağına və zəncirvari hal alacağına ümid edirlər. Bu baxımdan hakimiyyət hətta seçki prosesini pozmaqda da maraqlı ola bilər. Siyasi fəallığın azaldılması üçün ölkənin müxtəlif yerlərində fövqəladə vəziyyət də yaradıla bilər. Hakimiyyət beynəlxalq aləmdən cüzi dəstək olsa, 3-cü dəfə prezidentliyin irəli sürülməsini gündəmdə saxlayır. Amma onu da nəzərə almaq lazımdır ki, sonu çatan avtoritar rejimlər ömürlərinin axırında gücə arxalansalar da, bununla ömürlərini qısa müddətə uzada bilirlər. Bu kimi hakimiyyətlər zorla özlərinə siyasi perspektiv qazana bilmirlər.
Xəyal