Ötən ayın ən maraqlı hadisələrdən olan Qəbələ tətili barədə çox danışıldı. Video çarxlar, xəbərlər, araşdırmalar bu aksiyanı yetərincə məşhurlaşdırdı. Fəhlələrin etiraz tətilinə ilk informasiya dəstəyi verən peşəkar və sadə bir qəbələli kimi tətillə bağlı mülahizələrimi bölüşməyə ehtiyac duyuram. Çünki bura bizim əzəli və əbədi yurdumuz, ata ocağımızdır. Şükürlər olsun, bu bölgədə də baş verən hadisələrə saf mövqedən yanaşanların kökü hələ kəsilməyib. Üstəlik, gənc nəslin ləyaqətli nümayəndələri vətəndaş estafetini şərəflə daşımaqdadır.
Martın 25-də “Azəri Trans” şirkətində işləyən fəhlələr keçirdikləri etiraz aksiyasında tələblər irəli sürüb və bu tələblərini tətil zamanı Qəbələ rayon icra hakimiyyətinin nümayəndəsinə yazılı surətdə təqdim ediblər. Hakimiyyət nümayəndəsi tətilçilərə vəd vermişdi ki, bütün tələblər bir həftə ərzində yerinə yetiriləcək.
Bir həftə keçdi. Həftə ərzində şirkətin sahibi – rəhbərliyi təyyarə ilə gəlib helikopterlə camaatı qarışqaya baxan kimi yuxarıdan seyr etdi. Bəlkə də yeyib-içərək fəhlələrin tələblərinə və icra hakimiyyətinin vədlərinə güldü. Sonra da uçub getdi. Nəticədə üç fəhləni polis qanunsuz saxladı. Polis dərəbəyliyini “maddələr donuna” salmaq üçün məhkəmə quruldu. Aprelin 2-də tutulanlara altı günə qədər həbs cəzası kəsildi.
O nə tələblərdi ki, yerinə yetirmək bir tərəfdən çox asan görünür və həmin tərəfdən də onları həyata keçirmək mümkün olmur. Tam qanuni tələblərdi: Fəhlə ilə şirkət arasında Əmək Məcəlləsiylə tənzimlənmiş standart əmək müqavilələrinin bağlanması. Yəni fəhlələr bilmək istəyirlər: Onlar hansı işi görüb nə qədər əmək haqqı alacaqlar, o pul onlara nə vaxt veriləcək, tapşırılan işi görmək üçün gündə neçə saat işləməlidirlər, hansı günləri istirahət etməlidirlər… Hərəkətləri də tam qanunidir. Tətili iş yerində keçiriblər. Şüar və plakatlarla küçələri gəzməyiblər, ona görə də heç kəsdən də aksiyanı keçirməyə icazə almaq ehtiyacı yaranmayıb. Bir sözlə, “Ictimai Asayiş” qəti pozulmayıb.
Bəs niyə bu qanuni tələbləri irəli sürən fəhlələrdə irili-xırdalı kəmaləddinçilərin acığı tutub? Məncə, cəmi bir sözə, “Fəhlə” sözünə görə. Xalq arasında “fəhlə” ağır fiziki işlə məşğul olana deyirlər. Bu anlayış düz deyil. Fəhlə işinin çətinliyindən asılı olmayaraq öz halal əməyini satan və əməyinin haqqını alan insana deyilməlidir. Aydın məsələdir, əmək haqqı fəhlənin əməyini tam şəkildə əvəzləmir. Amma, söhbət onda deyil, əsas münasibətlərdir. Fəhlə əməyi Əmək Məcəlləsiylə tənzimlənir, deməli, tətilçilər qanun pozuntularına son qoyulmasını tələb edirlər, sahibkarlarla əmək müqavilələri bağlamaqla qanuni fəhlə olmaq istəyirlər.
“Azəri Trans” sahibkarlarının fəhləliyə münasibəti savadsızlaşdırılmış xalqın təsəvvüründəki kimi deyil: Fəhlə ağır fiziki işlə məşğul olmalıdır, amma əmək haqqını tələb etməməlidir (pulu sahibkar özü istəyən vaxtı, özü istəyən miqdarda verər, ya da heç verməz), iş yerindən ən çoxu 12 saat müddətinə evə gecələməyə gedə bilər, onun cüməsi-bazarı ola bilməz… Və nəhayət, bu cür xoş rəftara görə sahibkara-quldara min dillə minnətdarlığını bildirməlidir. Çünki etirazını bildirən (yəni: qul olmaq istəməyən) dərhal ya tutulur, ya da sadəcə quldarın gözündən uzaq qovulur.
“Azəri Trans”daki münasibətlər klassik quldarlıq quruluşu ilə izah olunmur. Quldar qula heç olmasa bir parça çörək verməlidir ki, qul acından ölməsin, işləyə bilsin. Bəlkə bunu quldur quldarlığı quruluşu adlandıraq? Amma elə bilməyin ki, xalis quldarlıq münasibətləri ölkədə mövcud deyil. Belələri də var. Icra hakimiyyəti, polis, məhkəmə qanunun tələblərinə riayət etmək üçün dövlətdən maaş alır. Qanunu isə pozurlar, çünki yuxarıların qeyri-qanuni istəklərini yerinə yetirirlər. Bu da təbiidir – qul quldarın iradəsiylə hərəkət etməlidir.
Ötən tətil zamanı aprelin 5-ə təyin edilən aksiya gündəmdədir. Amma bu aksiyanı özgə maraqlar, böyük ehtimalla, ələ keçirib və təyin olunmuş “lider” artıq məlumdur. Bunu, qanunsuz olaraq qapalı keçən məhkəmə açıq-aşkar göstərdi. Tətilçilərin yaxınları, fəhlə yoldaşları, jurnalistlər polisin kobud müdaxiləsi ilə zala buraxılmadığı halda, yalnız tətilə dəxli olmayan bir nəfər sərbəst şəkildə içəri buraxıldı. Həmin şəxs məhkəmə qurtaran kimi camaatın qarşısına çıxıb özünü xalqın ağsaqqalı elan etdi…
Bundan sonrakı haqlı tələblərlə bağlı keçiriləcək bütün növbəti tətillərə xələl gəlməməsi üçün aprelin 5-nə planlaşdırılmış tədbirdə iştirak etməyə dəyər.