Seymur Həzi: «Baş verənlər hakimiyyəti və birbaşa dövlət başçısını tənqid etməyimlə əlaqəlidir»
Xəbər verdiyimiz kimi, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi təqib olunmasıyla əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət edib.
Seymur Həzi “mediaforum”a açıqlamasında bildirib ki, müraciətinə heç bir reaksiya verilməyib: “Mənim məqsədim hakimiyyətdən təhlükəsizlik qarantiyası almaq deyil. Çünki bu təhlükəni yaradan hakimiyyətin özüdür. Azərbaycan hakimiyyəti və güc strukturları jurnalistlərə, tənqidi fikir sahiblərinə, siyasi partiya mənsublarına qarşı əməliyyatlar qurur. Mənim üzləşdiyim cinayətin üstü iki ildir açılmır. Bu, həmin qrupları təqibləri davam etdirməyə həvəsləndirir. Daxili Işlər Nazirliyinin əlində cinayətin üstünü açmağa kifayət qədər imkan var. Amma buna baxmayaraq cinayətin üstü hələ də açılmayıb. Bu o deməkdir ki, hakimiyyət belə hadisələrin törədilməsində maraqlıdır.
Azərbaycan hökuməti istənilən şəxsi hər an öldürə, həbs edə, ona ağır işgəncə verə bilər. Çünki Azərbaycanda qanunlar və konstitusiya işləmir. Buna görə də öz təhlükəsizliyimi qorumaq yönündə heç bir addım atmıram. Bütün vətəndaşların təhlükəsizliyini qorumağa and içmiş şəxs dövlət başçısıdır, buna hüquqi və mənəvi məsuliyyət daşıyır. Mən fikir adamıyam, yazı yazıram, dövlət aparatından özümü nə ilə müdafiə edə bilərəm?”
Seymur Həzi 2011-ci il martın 26-na keçən gecə hücumla üzləşib. Ceyranbatan qəsəbəsi ərazisində qara maskalı bir qrup şəxs jurnalisti başına çuval keçirməklə oğurlayıb, avtomobillə naməlum istiqamətə aparıb və ona işgəncələr verib. Qara maskalılar jurnalistdən tənqidi yazılarından çəkinməyi tələb ediblər.
Hadisədən 2 il keçməsinə baxmayaraq bu cinayətin üstü hələ də açılmayıb.
Martın 30-da jurnalist yenidən həmin adamlardan birinin də iştirak etdiyi qrup tərəfindən izlənilib.
“Aydın görünür ki, mənə qarşı cinayətə yol vermiş şəxslər cəzasız qaldıqları üçün özlərini belə sərbəst hiss edirlər və təqibi davam etdirirlər. Heç kimlə şəxsi düşmənçiliyim və ya intriqam yoxdur. Baş verənlər hakimiyyəti və birbaşa dövlət başçısını tənqid etməyimlə əlaqəlidir”, – deyə Seymur Həzi Usubova müraciətində yazıb.