«Hakimiyyətdə hər şey oğurluq üzərində qurulduğundan fərqli idarəçilik mümkün deyil»
Mehman Əliyev: «Rusiya Prezident Administrasiyasında Azərbaycan hakimiyyətinin üzünə qapılar bağlanıb»
Azərbaycan hakimiyyəti son zamanlar beynəlxalq təşkilatlara qarşı münasibətini daha da sərtləşdirib. ABŞ-ın Milli Demokratiya Instituna qarşı təzyiqlər artıq ifrata varıb. Bəs baş verənlərin pərdəarxası məqamları nədən ibarətdir? Oxşar yanaşma da ATƏT-ə qarşı yönəlib. Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlara qarşı münasibətinin nəylə nəticələnəcəyi maraq doğurur. Müsahibimiz “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevə ilk sualımız məhz bu məqamla bağlı oldu.
– Hakimiyyət üçün bu il çox qeyri-standart vəziyyət yaranıb. Bir tərəfdən xarici qüvvələr – ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə istəyir ki, bu il Azərbaycanda normal seçkilər keçirilsin. Bu artıq konkret addımlarla fakta çevrilib. Beynəlxalq qüvvələr seçki ilə bağlı çox prinsipial mövqe sərgiləyirlər. Onlar çox gözəl bilirlər ki, normal seçki keçirilərsə, bu hakimiyyət yerində qalmayacaq. Elə əsas problem də məhz burdadır. Azərbaycanda bu hakimiyyətin dövründə demokratik seçkilər keçirilsəydi, hazırkı iqtidar səs toplaya bilməyəcəkdi. Ona görə də Azərbaycanda seçki prosesi bir qayda olaraq zorakılıqla keçirilib. Azərbaycandakı seçkilərdə nə normalar var, nə muhdudiyyətlər. Ona görə beynəlxalq təşkilatların yanaşmasına, onlara qarşı aparılan kampaniyaya seçki prizmasından baxmaq lazımdır. Bu da hakimiyyəti narahat edir. Bundan başqa, ölkə daxilindəki vəziyyəti nəzərə almaq lazımdır. Bir il ərzində Azərbaycanda nələrin baş verdiyini gördünüz. Artıq cəmiyyətin özündə də dəyişikliklərə böyük ehtiyac var. Əgər əvvəllər yalnız müxalifət qüvvələri, müstəqil şəxslər, media təmsilçiləri ölkədə dəyişikliklərin gərəkli olduğunu deyirdilərsə, hazırda bu tələbi bütün cəmiyyət səsləndirir. Bu tələblər istər Bakı küçələrindən, istərsə də Ismayıllıdan, Imişlidən səsləndirilir. Bu artıq prosesdir. Hakimiyyət məhz ona qarşı olan bu prosesdən narahatdır. Iqtidarın gərginliyini yaradan amillər də məhz bunlardır.
MDI məsələsində ABŞ-ın mövqeyi qətidir
– Hazırda hakimiyyət ATƏT-lə də bağlı eyni problemi yaşayır. ATƏT-in Bakı Ofisinin nəzarətə alınmaq istəyi bunun bariz nümunəsidir. Azərbaycan hakimiyyətinin ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatları çərçivəyə salmaq istəyi nədən qaynaqlanır?
– Ümumiyyətlə, baş verənlərə kompleks şəklində baxmaq lazımdır. Gənc fəalların həbsi, QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması, internetə nəzarət qoyulması cəhdləri, MDI-nin ittiham olunması, ATƏT-in səlahiyyətlərinin çərçivəyə salınması ilə hakimiyyət Qərbdən dəstək almağa çalışır. Hakimiyyət əlində olanları alver predmetinə çevirmək istəyir. Hakimiyyət bəyan edir ki, biz sizə hər cür şərait yarada bilərik. Amma gərək siz məhz bizimlə işləyəsiniz. Yəni hakimiyyətə qarşı fərqli münasibət sərgilənməlidir. Hakimiyyətin mübarizə apardığı əsas məsələ məhz budur. Hazırda seçki qanunvericiliyi ilə bağlı çox gərgin proses gedir. Azərbaycan hakimiyyəti seçki qanunvericiliyini üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dəyişdirmək istəmir. Beynəlxalq təşkilatların bu istiqamətdə tövsiyələri nəzərə alınmır. Çünki beynəlxalq təşkilatların tələblərinə əsasən qanunvericiliyə dəyişiklik ediləcəksə, bu seçki prosesini xeyli demokratikləşdirə bilər.
– ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova zəng edərək ATƏT və MDI ilə bağlı yaşanan problemləri müzakirə etdiyi barədə məlumat yayıldı. Amma bu məlumatı dərhal ABŞ səfirliyi təkzib etdi. Yayılan bəzi məlumatlara görə, bu informasiyanı hakimiyyət düşərgəsi dövriyyəyə buraxıb. Burada məqsəd nə idi?
– Hakimiyyətin həyata keçirmək istədiyi bir sıra planlar var. Bu üzdən Səməd Seyidov, Asim Mollazadə xaricə göndərilir. Onlar çalışırlar ki, kimlərsə beynəlxalq aləmdə bunları tanısın və bunlardan danışsın. Ikinci əsas məsələ bundan ibarətdir ki, ölkələrin münasibətləri nə qədər pisdirsə, ABŞ-ın həmin dövlətlə münasibətləri ya yüksəldilir, ya da aşağı salınır. Məsələn, belə hallarda prezident səviyyəsində danışıqlar baş tutmaya, səfir ölkəyə təyin olunmaya bilər. Məhz bu məqamlar iki dövlət arasında münasibətləri göstərir. Bu baxımdan, fikrimcə, ABŞ MDI və ATƏT-lə bağlı mövqeyini müəyyənləşdirib və bəyan edib. Bu mənada ABŞ MDI məsələsinin alver predmetinə çevirmək fikrində olmadığını bəyan edib. Görünür, bu məlumat hakimiyyətə çatdırılıb. Bəlkə də bu məlumatın çatdırılması bir qədər aşağı səviyyədə olub. Ona görə də hakimiyyət bu cür informasiyanı dövriyyəyə buraxmaqla yoxlamaq istəyir ki, açıqlanan ABŞ hökumətinin, yoxsa müəyyən dairələrin mövqeyidir. Səfirliyin bəyanatı da göstərdi ki, rəsmi Vaşinqtonun baş verənlərlə bağlı konkret mövqeyi mövcuddur.
Hakimiyyət Rusiyaya rüşvət təklif edir
– Bu arada daha bir təkzib Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ilə bağlı oldu. Lavrovun Bakıya əvvəlcədən səfərinin planlaşdırıldığı bildirilsə də bu təxirə salındı. Bu məlumatın dövriyyəyə buraxılmasının sifarişçisi kimi hakimiyyət göstərilir. Burada Qərbi Rusiyadan təzyiqin olmasıyla şantaj etməyə çalışıldığı düşünülür?
– Bu daha çox Rusiya ilə yaxınlaşmaq cəhdinə bənzəyir. Son vaxtlar hakimiyyətin Rusiya ilə yaxınlaşmaq cəhdləri çox böyükdür. Amma Rusiya Prezident Administrasiyasında Azərbaycan hakimiyyətinin üzünə qapılar bağlanıb. Azərbaycan hakimiyyəti ilə vaxtilə Rusiyada dostluq edən adamlar onlardan üz döndərib. Azərbaycan hakimiyyəti ölkədən xeyli pul çıxardaraq, vəzifəli şəxslərə rüşvət təklif edir. Amma artıq heç kim heç nə vəd etmir. Ona görə bir nəticə gözlənilmir.
– Dövlət başçısının məmurlara ciddi xəbərdarlıqlarının səsləndirildiyi bir müşafirə keçirildi. Məmurların fəaliyyəti ciddi tənqid olundu. Bu müşavirədən sonra məmurların fəaliyyətində elə bir dəyişiklik hiss edirsinizmi?
– Heç bir dəyişiklik yoxdur. Hakimiyyətdə bir çaşqınlıq hökm sürür. Məmurlar bir cür hərəkətə öyrəşiblər, birdən onlara əmr edirlər ki, başqa cür hərəkət et. Bu sistem mülayim münasibətlərə hesablanmayıb. Bu sistem avtoritar münasibətlərə uyğun qurulub. Azərbaycanın regionlarında məmurlar özlərini xan kimi aparırlar. Indi bu məmurlara deyəndə ki, siz xan yox, ədalətli hökmdar olmalısız, onlar nə edəcəklərini bilmirlər. Bu mənada da hakimiyyətdə çaşqınlıq var. Hakimiyyətdəkilər başqa idarə üsuluna keçəndə o zaman iqtidarın idarəçiliyi zəifləyir. Onlar bilmirlər ki, fərqli idarəçilikdə oğurluq, korrupsiya necə olacaq? Hakimiyyətdə hər şey oğurluq üzərində qurulduğundan fərqli idarəçilik mümkün deyil. Hər bir dəyişiklik sistemi sarsıtmağa başlayır. Hər geri addım sistemdə problemlər yaradır. Ona görə də Ilham Əliyevin çağırışı və məmurların hərəkətləri ziddiyyətlidir və heç bir nəticə verməyəcək.
Hakimiyyət sona qədər siyasətini apara bilməyəcək
– Müsahibələrinizin birində vurğulamısınız ki, hakimiyyət artıq islahatlara getməyə məcburdur. Amma hakimiyyətin istər gənclərə qarşı apardığı repressiya siyasətindən, istərsə də səfirliklərin əyalətlərə səfərlərinin məhdudlaşdırılmasından islahata getməyə hazır olduğu hiss edilmir. Hakimiyyəti nə narahat edir, Məqsədləri nədir?
– Bu siyasətin heç bir perspektivi yoxdur. Islahatlara xoş arzularla getmirlər, məcburiyyət qarşısında gedirlər. Bu baxımdan məcburiyyət var. Sadəcə olaraq hazırda hakimiyyət müəyyən kanallardan istifadə edərək müəyyən dividendlər əldə etməyə çalışırlar. Amma düşünmürəm ki, hakimiyyət bu kursu sona qədər bu formada aparacaq. Çünki bu kurs heç bir normal məqsədə gətirib çıxara bilməz. Hakimiyyətin nə xaricdə, nə də cəmiyyətdə müttəfiqi var. Seçki kampaniyasına daxil olandan sonra isə vəziyyət xeyli qəlizləşəcək. Situasiya gərginləşəcək, fəallıq artacaq.
– Elşad Abdullayevin yaydığı videolarla bağlı zərərçəkmişlərdən birinin vəkili Ramiz Zeynalov bildirib ki, bu materialların ictimailəşməsində maraqlı qüvvələr var. Bu açıqlama nədən xəbər verir?
– Hakimiyyətdaxili qüvvələrdən kimlərinsə burada maraqları o mənada güdülür ki, bu videolarda daha çox vurulan Ramiz Mehdiyevdir. Ona görə qarşı tərəf bu videoların yayılmasında maraqlıdır. Amma bu heç də o demək deyil ki, bu videoların ictimailəşməsində onların rolu var. Seçki prosesi zamanı bu və yeni açıqlanacaq videoların baş verənlərə böyük təsiri olacaq.
– Prezident Administirasiyasındakı müəyyən struktur dəyişiklikləri hakimiyyət daxilində müəyyən qruplaşmanın vurulacağı təsəvvürünü yaratmışdı. Daha sonra dövlət başçısının keçirdiyi müşavirə bu fikirləri gücləndirdi. Amma sonra heç bir proses baş vermədi. Sizcə, hakimiyyət düşərgəsində ciddi nüfuza malik şəxslər vurula bilərmi?
– Baş verən proseslərin fonunda Ramiz Mehdiyevə müavinlərin təyinatı bir ehtiyatlı variant ola bilər. Yəni gələcəkdə Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırılandan sonra idarəetmədə boşluq yaranmasın.
– Prezident seçkiləri ilində hakimiyyətin Rusiya, Iran və Qərblə münasibətləri çox gərgindir. Bütün bunların üzərinə hakimiyyətdən narazılığı da gəlsək, iqtidarın kifayət qədər qəliz durumla üzləşdiyi ortadadır. Bütün bu hadisələrin təzyiqi hakimiyyətə nə vəd edir?
– MDB məkanında ard-arda bir nəfər prezident seçilib. O da Lukaşenkodur. O zaman Lukaşenkoya xəbərdar etmişdilər ki, namizədliyini irəli sürməsin. Bu addımdan sonra Belarusun hansı vəziyyətə düşdüyü göz önündədir. Hazırda bu ölkədə dərin böhrandır. Qərblə əməkdaşlıq yoxdur. Deməli, vəziyyət daha da pisləşəcək. Ona görə Lukaşenkonun hakimiyyətdə qala bilmək ehtimalı getdikcə azalır.
– Azərbaycanda da oxşar proses gedə bilər?
– Azərbaycan Belarusa nisbətən daha zəif mövqeydədir. Çünki Belarusda nisbətən sosial bərabərlik mövcuddur. Azərbaycanda vəziyyət daha qəlizdir. Belarusun prezidenti Ilham Əliyev qədər korrupsiyaya bulaşmayıb. Azərbaycanda korrupsiya çox yüksək, varlılarla kasıblar arasında çox böyük, ölkədə qanunlar, ümumiyyətlə, işləmir.
Xəyal