Bu kitab bir AXCP üzvünün imzası ilə ortalığa çıxacaq
Azərbaycan hökuməti, nəhayət ki, qərar verdi. Turqut Ərə qarşı bir əks-təbliğat kitabı hazırdır. Kitab yaxın müddətdə ortalığa çıxarılacaq.
“Azadlıq”a daxil olan məlumatda bildirilir ki, kitaba müəllif də tapılıb. Müəllif hakimiyyətin nəzarəti altında olan bir müxalifətçinin imzası ilə çıxacaq. Mənbə bildirir ki, bu kitabın müəlliflik hüququ, böyük ehtimalla bir AXCP üzvünə veriləcək. Həmin şəxsin hakimiyyətlə çox qapalı əlaqələri var. Yaxın günlərdə kitabın müəllifinin şəxsiyyəti bəlli olacaq. Müəllifin AXCP üzvü olaraq təqdim edilməsi ilə hakimiyyət, guya Turqut Ərə qarşı kampaniyaya qarışmadığını və kitabın Əli Kərimlinin lideri olduğu partiyanın içindən çıxdığını göstərmək istəyəcək.
“Bu variant ona görə seçilib ki, Əli Kərimli ”Azadlıqdan tiranlığa…” adlı kitabı yazdığına görə Turqut Ərə xüsusi təşəkkürünü çatdırıb”, – deyə mənbə əlavə edir.
Gözlənilən bu hadisə ilə bağlı Turqut Ərə müraciət etdik. Turqut Ərin məsələyə münasibəti belə oldu:
– Nə yazırlar, yazsınlar. Mənim orada sifarişli cızma-qara edəcək heç kimsə ilə işim yoxdur. Kiminsə çörəyi bundan çıxacaqsa, bu da mənim hesabıma qazanılmış savab olacaq. Hə, mənim haqqımda nə yazacaqlar ki? Rüşvətxor deyiləm, korrupsiya ilə məşğul olmamışam, dövlətin malını-mülkünü talamamışam. Kimsənin şəxsinə də həqarət etmək fikrim olmayıb. Əlimdə olan bilgilərin hamısını kitaba daxil etməməyimin də birinci səbəbi bu olub ki, məni kimlərinsə şəxsiyyətini aşağılamaqda ittiham etməsinlər. Amma bu faktlar mənim əlimdədir.
İnformasiya şöbəsi