Üç uşaqdı, yenilənməsi üçün hər dəfə bir ətək pul silinən H.Əliyevin nəhəng plakatının dibində oynayırlar. Birinin orta imkanlı ailədən olması dərhal bilinir, qalan ikisi bizə doğma olan mühitdən – qəpiyi-qəpiyə calayan zümrədəndi.
Həmin o orta imkanlı evin uşağı deyir:
– Mən qaçdım, atam ət alıb bazardan, bizdə indi kabab bişirirlər.
O birilər əvvəl susdular, sonra atılıb-düşərək yoldaşlarını haydı-hoyduya götürdülər:
– Ətdən kabab? Ay taxtabaş, ətdən kabab olar? Kabab kartoşkadan, pamidordan olar eyy, özü də yay vaxtı!
Bu kədərli əhvalatı niyə yazdım? Uşaqlar həmişə, xüsusən bayramlarda hər şeyə rəğmən sevinməyə mütləq bir şey tapırlar. Sevinc həyat eşqidir, inamdır, gücdür. Bunun əksini allah göstərməsin. Düşünəndə ki, həmin bu ət kababı tanımayan uşaqlar öz yoldaşlarının fərqli həyat tərzinə görə bəxtlərindən küsüb qəzəbli, bədbin qüvvəyə çevriliblər, bunun nəticəsini adam xəyalına belə gətirmək istəmir. Amma böyük uşaqlar əsl kababın quzu ətindən çəkildiyini və hətta onun dadını bilirlər. Əlbəttə, bəzi başqa nadir heyvan və quşlardan da kabab çəkilir, amma bu başqa zümrənin menyusudur. Bunları nəinki yemək, hətta bu barədə danışmaq belə bizə yasaqdır. Olsun, bizim gənclər kabab davası eləmirlər ki, ölkədəki özbaşınalıqlara və ordu kimi toxunulmaz, etibarlı yerdə əsgərlərimizin hədəf olduğu müəmmalı ölümlərə qarşı etiraz edirlər. Məqsədim gənclərin etiraz aksiyalarından yazmaq deyil, sadəcə mövzular bir-biriylə o qədər bağlıdır ki, onları ayırmaq olmur. Məsələn, Azərbaycan “yel”evizorlarının canfəşanlıqla xalqa təqdim etdiyi bolluq içindəki “novruz şənliyi” və xalqı ağzına almış yoxsulluq, səfalət kimi…
Fərqindəsinizmi, uşaqlardan savayı bayramlarda belə, kimsənin üzü gülmür. Kredit və dükan-bazar borcları, ailənin tərkibindən asılı olaraq təhsil, əsgərlik ödəmələri, hesablanmamış xərclər – xəstəlik, qəza və digər “təbii fəlakətlər” vətəndaşın varlığını didib-gəmirir. Hələ bu harasıdır, əslində xoş olan hadisələr də baş verəndə adamlar sevinmək əvəzinə fikirdən başlarını itirirlər. Xeyir iş vəsait üzündən problemə dönür, nisyə mallar, yüksək faizli sələmlər bütöv ailəni iflic vəziyyətinə salır.
Əcaba, ölkə rəhbərinin bunlardan xəbəri yoxdurmu?
Hakim ailənin bayram gəzintisinə hətta əcnəbi gözü ilə baxsaq belə, bu suala müsbət “yox” cavabı vermək mümkün deyil. Çünki meydanda nümayiş etdirilməklə efir vasitəsilə xalqın mədəsinə ötürülən ləziz qidalar, təlimat əsasında şənlənən qruplar, informasiya texnologiyaları ilindən, kosmik peykdən, məhz prezidentin uğurlu daxili və xarici siyasəti nəticəsində 2015-ci ildə ölkədə keçiriləcək Bədii Gimnastika üzrə Avropa Çempionatından sayıqlayan robot kosa və bütün digər süni görüntülər bunun əksini deyir. Quraşdırılmış həmin gülünc, saxta səhnələrlə heç beş yaşlı körpəni də aldatmaq olmaz. Onda bəs necə olur ki, dünyanın hər yerini gəzib bir neçə dil bilən, hətta azəri türkcəsində danışmağı öyrənən əliyevlər ailəsi belə asanlıqla məmur toruna düşürlər. Heydər Əliyev kursunun layiqli davamçıları belə sadəlövh ola bilərlərmi? Prezidentin təbirincə desək, qudurğan məmurlar bu qədərmi özlərinə arxayındılar, xalqın gözü qarşısında ölkənin prezidentini ələ salırlar? Necə ola bilər? Axı, prezident özü bu yaxınlarda etiraf elədi ki, hər şeydən xəbəri var…
Yox, prezident həmin mesajı sadəcə olaraq məmurların gözünü almaq üçün veribsə, (“blef” demirlərmi, buna?) onda mən prezidentə əsl həqiqətləri öyrənməsi üçün yardım etməyə hazıram. Yetər ki, o “hə” desin. Amma bilmirəm bu niyyətimi ona necə çatdırım? Kosa demiş, informasiya texnologiyaları vasitəsiləmi? Bu yolla Azərbaycan vətəndaşının prezidentə çıxışı məmur divarıyla biryolluq əngəllənib. Lentkəsmə mərasimlərində prezidentə canlı yaxınlaşmaqlamı? Bu cəhdə görə adamı elə şərləyərlər ki, ömrünün qalan hissəsini bağışlamağa adam axtararsan. Yaxşı, bəs onda nə?
Qalır bircə iqtisadi yol… Deyirlər, yaxın ətrafa “ödəniş” etməklə bir neçə dəqiqə qazanmaq olarmış. Amma mənim nəqd ödəniş imkanım yoxdu, yalnız kreditə gücüm çatır. Məsələn, pensiya kartımı bir illik qoya bilərəm… Bu müddətdə ölkə kanallarından o qədər bayram plovları veriləcək ki… Informasiya və texnologiyalar ili deyilmi, kosacım? Adama bir il mənəvi qidalanaq!..