…Üç saat gecikmiş qoşunlar və 23 il gecikmiş Sumqayıt həqiqəti
Hakim Camalovun ilkin istintaqda verdiyi ifadəni oxuyur: “Əlində meqafon olan oğlan erməniləri öldürməyə çağırırdı. Çünki bizim ana-bacılarımızı Ermənistanda, Qarabağda öldürdüklərini deyirdi”. Şahid bildirir ki, aradan 9 ay keçib, onun ilkin istintaqa verdiyi ifadə yadından çıxıb: “Quldurlar cəld tərpənirdilər. Ermənilər yaşayan evləri asan tapırdılar. Səbəbini deyə bilmərəm. Əlində meqafon olan oğlan dəstəyə rəhbərlik edirdi. Yadımdadı, bir piyadaların döyüş maşınını onların üstünə sürdülər. Dəstədə müxtəlif yaşda adamlar vardı. Onlara 3-4 yaşlı uşaqlar da qoşulmuşdular”.
Zalda gülüş qopur.
Vəkil Şapaşnikova şahiddən soruşur:
– Bəz siz dəstəyə niyə qoşulmuşdunuz?
Onun “sonradan istintaqa kömək etmək üçün” cavabı da gülüşlə qarşılanır. Özünü saxlaya bilməyən Əhmədov da bərkdən gülür.
Şahid davam edir:
– Maşınları saxlayırdılar. Yaxınlıqda milislər durmuşdular, heç nəyə qarışmırdılar. Meydanda daş qalağı vardı. Bunu hardan gətirmişdilər, deyə bilmərəm.
Əhmədovun bığı istintaq dəlilinə çevrilir
Axırda şahid ilkin istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyir. Vəkil Ruştuni Əhmədova sualla müraciət edir: “Sizin talanlar vaxtı bığınız vardımı?”
Əhmədov “mən heç vaxt bığ saxlamamışam” deyir. Bu vaxt vəkil oktyabrın 21-də Ermənistanda çıxan “Qrakan terq” qəzetində Əhmədovun dərc olunmuş şəklini göstərir. Bu şəkildə Əhmədov bığı olduğunu deyir.
Ruştuni Əhmədovdan bığını qırxmasının səbəbini soruşur.
Əhmədovun vəkili Yaşin üzünü şahidə tutur:
– Camalov, indicə siz Əhmədovun səsini eşitdiniz. Meqafonda danışan bu adamdı?
Şahid sakitcə deyir:
– Ola bilsin ki, bu adamdı?!
Əhmədov hirsindən yerində qalxıb-oturur.
Vəkil şahiddən soruşur:
– Siz ehtiyatda olan zabitsiniz, niyə talanların qarşısını almaq üçün bir iş görmədiniz?
Şahid:
– Mən nə edə bilərdim, hətta milislər durub baxırdılar, mən nə iş görə bilərdim?
Süd zavoduna qan içində qaçan adam
Şahid Şakir Əliyev mühakimə edilənlərdən heç kimi tanımır. Ilkin istintaqa verdiyi ifadəsini təsdiq edir. Suallara cavab vermir, yaddaşının korlandığını deyir.
Şahid B.Qəmbərovun ifadəsi səslənir. Məlum olur ki, mühakimə olunanlardan heç kimi tanımır. 5 nömrəli süd zavodunda mühafizə bölməsinin rəisi işləyib: “Saat 16:30-da bir qrup, 300 nəfərə qədər adam sud zavoduna yaxınlaşdı. Üst-başı qan olan bir adam zavodun keçidinə doğru qaçırdı. Onu bir neçə gənc qovurdu. Mən onları zavoda buraxmadım. Əynində bozumtul kostyum olan oğlan bir neçə dəfə məni balta ilə vurmaq istədi. Bu vaxt piyadaların zirehli maşını gəldi. Əsgərlər havaya atəş açdılar. Onlar qaçdı. Mən milisə zəng etdim. Heç kim köməyə gəlmədi”.
O, ilkin istintaqa verdiyi ifadəsini təsdiqləyir.
Vəkil Şapaşnikova soruşur:
– Süd zavoduna gələnlər arasında əlində meqafon olan vardımı?
Qəmbərov:
– Süd zavoduna gələn dəstədə əlində meqafon olan oğlan yoxuydu.
Şapoşnikova:
– Bəs Babayanın başına küt alətlə kim vururdu? Siz dəqiq deyin…
Avtovağzalın daşı…
Fasilə elan edilir. Fasilədən sonra şahid Murad Muradov ifadə verir. O, mühakimə olunanlardan yalnız Ismayılovu tanıdığını deyir. Onunla bir zavodda işlədiyini bildirir: “Fevralın 29-da şəhərdə şayiə yayılmışdı ki, ermənilər məktəbi və uşaq bağçasını yandırıblar. Mən Həsənovla evə gedirdim. Yolda Ismayılovu gördüm. Avtovağzala getdik. Burada bir maşın yanırdı. Bir qrup adam milislərə daş atırdı. Ismayılov məndən soruşdu ki, biz də daş ataqmı? Mən dedim ki, niyə daş ataq ki?! Sonra mən evə getdim”.
Prokuror şahiddən soruşur:
– Avtovağzaldakı daşı kim gətirmişdi?
Şahid:
– Mən hardan bilim…
Şahid Teyyubova: “Mən pəncərədən dəqiq görürdüm. Bir oğlan meqafonla çıxış edirdi. Girişdən iki nəfər çıxırdı. 50-100 adam onları döyməyə başladı. Çıxış edən oğlan təmiz rus dilində danışırdı: ”Qarabağ bizmdir. Onu heç kimə vermərik!”
Prokuror onun ilkin istintaqa verdiyi ifadəsini oxuyur. Burada göstərilir ki, meqafonlu oğlan digər əlində ətdöyən tutmuşdu. Ilkin istintaqda meqafon tutan oğlanı tanıdığını söyləsə də, bunu məhkəmədə təsdiq etmir.
Məni onun atası qorxutdu
Moskva 31 oktyabr, 1988-ci il. Həftənin birinci günü.
Şahid Səlimxanov mühakimə olunanlardan yalnız Ismayılovu tanıyır: “Avtovağzalda mitinq zamanı Ismayılov bir qadından soruşdu ki, ermənilərin harada yaşadığını bilirmi? Qadın ”yox” dedi. Üçüncü mikrorayonda həyətdə tonqal yanırdı. Ismayılovun ora pərdə atdığını görmüşəm. Vəssalam”.
Hakim şahiddən soruşur:
– Ilkin istintaqda ifadə vermisinizmi?
Şahid:
– Müstəntiq məni dolaşdırdı, mən də yalan ifadə verdim.
Səlimxanovun ilkin istintaqa verdiyi ifadəsindən:
“Avtovağzal yaxınlığında Ilham Ismayılovu gördüm. O, mənə yaxınlaşdı və erməniləri öldürmək üçün onunla birgə getməyi təklif etdi. Bu vaxt bizim yanımızdan bir yaşlı qadın keçdi. Ilham ondan ermənilərin harda yaşadığını soruşdu. Bildirdi ki, erməniləri öldürmək istəyir”.
“Məni müstəntiq aldatdı”, – bunu da şahid bildirir.
Sonra şahid Səlimxanov deyir: “Məni qorxutdular, ilkin istintaqa verdiyim ifadəmi danmağa məcbur etdilər.
Erməni vəkil Ruştuni ondan soruşur:
– Kim səni qorxutdu?
Səlimxanov:
– Ilham Ismayılovun atası. O, evimə gəldi və tələb etdi ki, mən Ilhamla avtovağzalda ayrılmağım haqda ifadə verim.
Vəkilin “Həqiqətən Ilham erməniləri öldürmək istəyirdi?” sualına şahid “hə” cavabı verir.
“Biz Ilhamla üçüncü mikrorayonda ayrıldıq. Orada kimsə BTR-dən şəkil çəkirdi. Sonra şəhərdə şayiələr yayıldı ki, bütün hadisələr lentə alınıb. Bunu eşidən Ilham qorxudan ağardı, hətta nahar etməyə də getmədi”.
Vəkil Ruştuni Ilhamın atasına müraciət edir:
– Vətəndaş Ismayılov, siz Səlimxanovun dedikləri barədə nə bilirsiniz?
Ata Imayılov:
– Mən biləndə ki, oğlum Səlimxanovla işdən birgə çıxıb, onlara getdim və istintaq qrupuna düzünü deməsini ondan xahiş etdim. Mən heç kimə hədə-qorxu gəlməmişəm, Səlimxanov yalan deyir.
Hakim müttəhim Ismayılova müraciət edir:
– Siz şahidin dedikləri ilə razısınızmı?
Ismayılov razılaşmadığını bildirir, onun yalan danışdığını deyir.
“Melkumyanlara və qukasyanlara dedim evdən çıxmasınlar”
Şahid T.Təhməzov mühakimə olunanlardan heç kimi tanımır. Zərərçəkənlərdən isə Karina Melkumyanı tanıdığını bildirir.
Şahid bildirir ki, melkumyanların ailəsində səhər saat 8:30-da olub. Onlara evdən çıxmamağı məsləhət görüb. O, qukasyanların da ailəsində olduğunu danmır. Ancaq bu ailə evlər idarəsinin müdirinin sözlərinə qulaq asmayıb. Qaçaraq xilas olublar. Təhməzov saat 15:30-dan 21:00-a qədər şəhər Icraiyyə Komitəsində olduğunu bildirir.
Vəkil Şapaşnikova ondan soruşur:
– Siz niyə tədbir görmürdünüz, gedib kabinetlərdə otururdunuz?
Təhməzov:
– Bu sualı Icraiyyə Komitəsinin sədri Təvəkkül Məmmədova verin. Biz orada sərəncam gözlədik, heç bir tapşırıq almadıq.
***
Bakı, 1998-ci il, avqust. Azərbaycan KP MK-nın qərarından:
“Şəhərdə lazımi nizam-intizamın təmin edilməsi işinin təşkilində ciddi nöqsanlara yol verdiyinə, siyasi naşılıq göstərdiyinə, faciəli hadisələrlə nəticələnmiş mənfi halların qarşısını almaq üçün vaxtında tədbirlər görmədiyinə görə qərara alınmışdır ki, T.Y.Məmmədov yoldaşın Sumqayıt Şəhər Icraiyyə Komitəsinin sədri vəzifəsində qalması məqəsədəuyğun sayılmasın. Ona Sov.IKP üzvünün uçot vərəqinə yazılmaqla şiddətli töhmət verilsin”.
***
Moskva, 1988-ci il, 31 oktyabr. Təhməzovun ifadəsindən:
“Azərbaycan KP MK-nın nümayəndəsi Hənəfiyevin tapşırığı ilə bütün sındırılmış ev əşyalarını yandırdıq və yerinə qum səpdik. Bu işlər çox təcili həyata keçirildi. Səhəri gün Icraiyyə Komitəsindən 41-ci məhəlləyə briqada göndərildi, orada olan hər şey yığışdırıldı”.
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala