«Qanun keşikçiləri» vətəndaşı ölüncə döyəndən sonra müəyyən məbləğ müqabilində buraxıblar
Tovuz polisləri Gəncə sakini Habil Hüseynovu qəddarlıqla döyüb. Bu barədə “Azadlıq”a Habil Hüseynovun özü məlumat verib. Onun sözlərinə görə, yanvarın 29-da Şəmkir rayonunun Könüllü kənd sakini Əli Qəmbər oğlunun idarə etdiyi VAZ 21011 markalı 66 XX 481 dövlət nömrə nişanlı avtomobillə Tovuzdan Gəncəyə gedirmiş. Yolda Tovuz rayon Polis Şöbəsinin əməkdaşları onları saxlayıb:
“Məni heç bir əsas olmadan polis şöbəsinə apardılar. Orada amansız işgəncələrə məruz qaldım. Rəisin Zəfər adlı birinci müavini öz kabinetində məni qəddarlıqla döyməklə yanaşı, 3 dəfə boyun nahiyəmə elektroşok verdi. Mən işgəncələrdən hüşumu itirdim. Ayılanda gördüm ki, rəis müavini Zəfər əlində dəsmal qulağımın arxasında axan qanı silir. Bədənimdə çoxsaylı xəsarət izləri olduğundan məni 4 gün polis şöbəsinin 2-ci mərtəbəsində saxladılar”.
Şikayətçinin sözlərinə görə, bundan sonra evlərinə xəbər verilib: “Mənim atam Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Ona görə də baş əməliyyat müvəkkili polis mayoru Cavad Səfərəliyev evimizə zəng vuraraq anama təcili polis şöbəsinə gəlməyi tapşırıb. O, anama yalandan deyib ki, oğlun oğurluğa görə saxlanılıb və telekanallar da gəlib reportaj hazırlayır. 300 manat gətir reportaj efirə getməsin. Anam polis şöbəsinə gəldikdən sonra məni buraxmaq üçün Cavad Səfərəliyev ondan 3400 dollar pul alıb. Mən sərbəst buraxılandan sonra anam bu qədər pul verildiyini mənə dedi. Anam Cavad Səfərəliyevin sözlərinə inanıb, elə bilib ki, mən doğrudan da hansısa oğurluqda iştirak etmişəm. Əslində mənim bu məsələyə heç bir aidiyyətim yoxdur”.
Habil Hüseynov daxili işlər naziri Ramil Usubova müraciət edərək bu məsələ ilə bağlı tədbir görməsini xahiş edir: “Biz çox kasıb ailəyik. Anam o pulu borc alıb. Məni günahım olmadan tutub, anamı aldadıb pul alıblar. Ramil Usubovdan xahiş edirəm ki, heç olmasa həmin pulu geri almağa yardım etsin”.
İnformasiya şöbəsi