«Gedib lent kəsmək, öyrədilmiş şəxslərin qarşısında çıxış etmək ölkənin taleyi ilə maraqlanmaq deyil»
Mirvari Qəhrəmanlı: “ARDNŞ neft sektorundakı situasiyanı dəyişməsə, tətillər bütün müəssisələri bürüyə bilər”
Bakı Dərin Özüllər Zavodunun fəhlələrinin bir neçə gün qabaq etdiyi tətil ölkədə böyük ajiotaja səbəb oldu. Əvvəllər ARDNŞ-in tərkibində olan zavod sonradan Neft Şirkətinin balansından çıxardılaraq “Bos Shelf”in nəzdinə keçib. Fəhlələrinsə tələbi tibbi sığorta və əmək haqlarının artırılmasıdır. Bəs fəhlələrin etirazı nə dərəcədə gözlənilən idi. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə müsahibəmizə bu sualla başladıq.
– Belə bir etirazın baş verəcəyi keçən ildən məlum idi. Etiraz edən fəhlələrin böyük əksəriyyəti xarici şirkətlərdə normal əmək haqqı, iş şəraiti görənlərdir. Ötən illəri Dərin Özüllər Zavodunun ləğv edilərək “Bos Shelf”ə birləşdirilməsində biz artıq narahatçılıq görürdük. ARDNŞ-də olan hissə-hissə struktur dəyişikliyinə biz zamanında diqqət yetirmədik. Bu struktur dəyişiklikləri dağınıq formada aparılırdı. ARDNŞ-də bütöv bir zavodu ləğv etmək, ümumiyyətlə, son hədd idi.
– Bu zavod əvvəl ARDNŞ-ə məxsus olub və belə hesab olunur ki, məhz bu idarəçilik zamanı zavodun işçi heyəti lazım olandan artıq artırıldığından sonradan “Bos Shelf” xərclərdə bir sıra ixtisarlar etmək məcburiyyətində qalıb?
– “Bos Shelf” Azərbaycanda qeydiyyatdan keçmiş müştərək müəssisədir. Əvvəllər “Göy Zavod” adlanan Dərin Özüllər Zavodu isə çox güclü mütəxəssisləri olan və şirkətə lazımlı bir qurum idi. ARDNŞ isə bu strukturda əvvəl qazmanı ləğv etdi. Dərin Özüllər Zavodu müasir və yaxşı avadanlıqla təchiz olunmuş müəssisə idi. Amma Dərin Özüllər Zavodu ləğv olundu, “Bos Shelf” müştərək müəssisə isə qaldı. Bu zavodda 2500 nəfərə yaxın işçi çalışırdı. Onların hamısının işlə təmin olunacağı sual altında idi. “Bos Shelf” indiyə qədər insan hüquqlarının pozulmasına görə fərqlənib. Hətta bir zamanlar həmin şirkətin prezidenti insan hüquqlarına yanaşmasına görə, bizim tərəfimizdən “mənfi prizlə” mükafatlandırılmışdı. Bu müəssisədə problem hələ çözülməyib. Ona görə növbəti tətillərin də olması istisna deyil.
Problemin səbəbləri çözülməmiş qalır
– Oxşar aksiyalar digər şirkətlərdə də ola bilərmi?
– Bəli, ola bilər və belə tətillərin olmasını biz gözləyirik. Problemin səbəbləri, kökləri həll olunmayıb. “Bos Shelf”də işçilərlə bağlanmış müqavilələrin vaxtı 3 aylıqdır. Ikincisi, əmək müqavilələri qanunauyğun bağlanmır. Əmək müqavilələri xarici valyuta ilə bağlanır. Azərbaycanda heç kimin dollar ilə əmək müqaviləsi bağlamağa ixtiyarı yoxdur. Bu, qanunvericiliyin kobud surətdə pozulmasıdır. Harada görünüb ki, işçi ilə 3 aylıq əmək müqaviləsi bağlansın. Bundan başqa, işçilərlə əmək müqavilələri bağlanmır. Işçilərin maaşları olduqca aşağıdır. Bütün bunlara görə məsuliyyəti ARDNŞ daşıyır.
– Belə bir fikir səsləndirilir ki, zavod yenidən ARDNŞ-in nəzdinə keçirilə bilər. Bu məlumat nə dərəcədə doğrudur?
– “Bos Shelf”in Azərbaycan iqtidarında öz hamiləri var. Ona görə şirkətə qarşı heç bir tədbir görülmür. ARDNŞ-in hazırda yenidən zavodu ixtiyarına qaytarmaq fikri yoxdur. Digər tərəfdən, “Bos Shelf”ə bu formada nəzarət etmək hakimiyyət üçün daha sərfəlidir. ARDNŞ ölkədə keçirilən laihələrdə tam formada iştirak edə bilmir. Çünki bu şirkət nə əməlli-başlı formalaşa bilib, nə də struktur dəyişikliyi yekunlaşıb. Azərbaycan neft sektorunda tətillər baş verirsə, deməli, ARDNŞ-in bütün komandası cavabdehdir. Bir müddət əvvəl “Bibiheybətneft”də iş bir neçə saatlığına dayanmışdı. Səbəb əmək haqları ilə bağlı yaşanan problemlərdir. Əgər rayonlar dövlət məmurları arasında bölünübsə, neft sektorunda da oxşar proseslər yaşanır. ARDNŞ neft sektorundakı situasiyanı dəyişmək istiqamətində ciddi addımlar atmasa, tətillər bütün müəsisələri bürüyə bilər.
Hakimiyyət sosial şəbəkədəki birlikdən qorxur
– Gündəmin digər mövzuları ilə də bağlı münasibət öyrənmək istərdik. Hazırda hakimiyyətin sosial şəbəkəni hədəfə götürməsi, sosial mediadan qorxması nəylə bağlıdır?
– Təbii ki, narahat olacaqlar. Insanlar hardasa fikirlərini söyləmək imkanı əldə etməlidirlər. Ölkədə korrupsiya o qədər inkişaf edib, o qədər ədalətsizlik hökm sürür ki, insanlar dərdlərini bölüşmək üçün məkan arayırlar. Mən hər gün 2 saat müddətində “facebook”da məşhur qrupları izləyərək, gündəmin nəbzini tuturam. Əksinə, hökumət sosial mediadakı fikirlərə diqqətlə qulaq asmalı və yanlışlarını düzəltməyə çalışmalıdır. Amma bizim hakimiyyət dialoqa hazır deyil. Putin də diktator adnlanır. Amma Putin ən azı jurnalistlərlə, QHT-lərlə görüşür. Gedib lent kəsmək, öyrədilmiş şəxslərin qarşısında çıxış etmək ölkənin taleyi ilə maraqlanmaq deyil. Deyirlər ki, prezident yaxşıdır, ətrafı pisdir. Ölkə başçısı ətrafının ölkəyə vurduğu zərbələrdən xəbərdar deyilsə, o zaman ondan ölkə başçısı olmaz. Axı prezident Qurana və Konstitusiyaya əl basaraq and içdi ki, sizin hamınızın rəhbəri olacam. Bunun ardınca çıxış edərək bəyan etdi ki, qudurğan məmur övladlarını həbs edəcək. Amma sonradan həbs olunanlar sosial şəbəkədəki cavanlarımız oldu. Ilham Əliyev Allah qarşısında da söz verib. Hakimiyyət elə etməsin ki, tarixdəki lənətlənmiş nəsillər termini onlara da şamil edilsin. Bu sözlərdən qorxmalıdırlar. Hakimiyyət anlayır ki, sosial şəbəkələrdə insanların yazışmaları, fikir formalaşdırmaqları artır. Ona görə hakimiyyət əhalini sakitləşdirmək üçün müxtəlif rəylər buraxır. Bir şayiə də bundan ibarətdir ki, seçki ərəfəsində hakimiyyət hər bir vətəndaşa 5 min manat pul paylayacaq. Bundan başqa, sosial şəbəkədəki gənclərlə mübarizəyə 5 milyon manat pul ayrılıb. Amma bu pulun ayrıldığı gənclərdə o müstəqil istək, bacarıq olmayacaq. Halbuki bu pul ayrı-seçkilik edilmədən verilsəydi, daha ciddi nəticələrə səbəb ola bilərdi.
– Ramiz Mehdiyev uzun sürən sükutdan sonra kifayət qədər ittihamlarla dolu bir müsahibə ilə çıxış etdi. Həmin müsahibədə Ramiz Mehdiyev Qərbi, xarici QHT-ləri hədəf götürürərək onları səlahiyyət həddini aşmaqda ittiham edib…
– Bu, sadəcə olaraq məlumatsızlıqdır. Beynəlxalq təşkilatların missiyasının məqsədini öyrənmədən ittiham etmək gülüncdür. Milli Demokratiya Institutu müəyyən vəsait ayırıb, gənclərin inkişafına, onlarda liderlik xüsusiyyətlərinin formalaşmasına çalışırsa, bunun nəyi pisdir. Axı nəyə görə bu tədbirlər rayonlarda keçiriləndə icra hakimiyyətinin təmsilçiləri bu treninqlərə qatılmırlar? Baxsınlar ki, bu beynəlxalq təşkilatlar nədən danışırlar. Azərbaycanda hər deyilən söz, çıxış yeni mürtəce qanunun hazırlanmasına səbəb olur. Mən iyirmi ildən artıqdır ki, QHT sektorunda fəaliyyət göstərirəm. Indiyə qədər görməmişəm ki, hər hansı bir donor mənim qarşımda şərt qoysun. Donorun öz prioritetləri var. Sən normal, nəticəli layihə ortaya qoyrusansa, o mütləq qiymətləndirilir.
– Belə bir məlumat yayıldı ki, nazirlər rayonlara səfərlər edəcəklər. Amma hakimiyyətin ənənəvi siyasətindən o da məlumdur ki, bir qayda olaraq şikayətçilər dövlət başçısı rayona gəldiyi zaman zərərsizləşdirilir. Bir də ki, hər gün dövlət müəssisələrinin qarşısında yüzlərlə vətəndaş probleminin həlli məqsədilə toplaşır. Yaxşı olmazdı ki, elə problemlərin həllinə onları dinləməkdən başlasınlar?
– Hökumətin ən kobud və ən qüsurlu tərəfi siyasətində səmimi olmamasıdır. Hər bir şəxs sənin seçicin sayılır. Sovet dövründə belə tənqid və özünə tənqidə diqqət yetirilirdi. Bizim ölkədə isə tənqid, ümumiyyətlə, yoxdur. Problemlər qabarmasın deyə potensial şikayətçilər görüşlərə buraxılmır. Bundan sonra heç buraxılmayacaqlar. Hazırda icra strukturları o qədər qorxaq olublar ki, hətta əhaliyə “Lenin baba yolunda” şeirini əzbərlətməyə belə getməyə hazırdırlar. Məsələn, “Bos Shelf”in tətilinə Qaradağ rayon icra hakimiyyətindən nümayəndə gəlmişdi. Səbəb nədir? Bu şəxsin dövlət müəssisəsi olmayan yerdə nə işi var? Insanların qarşısına çıxsınlar. Insanlar nazirləri, dövlət xadimlərini yeyəcəklər? Şah Abbas məmləkəti gəzib. Ondan artıqsınız məgər? Bəlkə də hakimiyyət bu xalqın problemlərini dinləsə, onları çözməyə çalışsa, ona olan nifrəti müəyyən qədər azalda bilər. Sən nazir öz qiymətini bilmək istəyirsənsə, əhali ilə görüşdən niyə qorxursan? Nazirin xalq qarşısında suçu yoxdursa, o açıq görüşə gedəcək. Nazirin başı aşağıdırsa, o zaman özü postunu tərk etməlidir.
– Əsgər ölümünə etiraz olaraq keçirilən aksiyalara baxmayaraq, ordudakı neqativ hallar bitmək bilmir. Əsgər ölümləri davam edir. Bunun səbəbi nədir?
– Utanmadan insanlara irad tuturlar ki, məgər əsgər ölümləri əvvəllər olmurdu. Baş verənlərin müxtəlif cür səbəbləri də ola bilər. Hakimiyyətdaxili qruplar arasındakı mübarizə danılmaz faktdır. Ona görə mənə elə gəlir ki, ordudan gələn ölüm xəbərləri hansısa ixtilafın qurbanları ola bilər. Ya ordunun daxilində erməni kəşfiyyatı işləyir və təxribata yol verir, ya da ölən əsgərlər müəyyən konfliktlərin nəticəsidir. Orduda olan korrupsiyaya, ölüm hadisələrinə qarşı loyal münasibət hökumətin mahiyyətini göstərir.
Xəyal