“Fövqəlnazir”, nəhayət kollegiya iclası keçirsə də, başqaları kimi tədbiri özünütənqidə həsr etmədi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəhayət kollegiya iclası keçirdi. Qeyd edək ki, “fövqəlnazir” yeganə məmur idi ki, dünənədək R.Mehdiyevin yanındakı toplantıda verilən tapşırığa əməl etməmişdi. Bir çox ekspertlər bunu onun korrupsiyaya qarşı kampaniyaya R.Mehdiyevin rəhbərlik etməsini qəbul etməməsi kimi qiymətləndirirdilər. Amma görünür, həmkarı Ziya Məmmədovun son iki həftədə iki dəfə kollegiya iclası keçirməsi, onun bu dirənişinin mətbuatda qabarması, nəhayət R.Mehdiyevlə üz-üzə gəlməkdən çəkinməsi qərarından daşındırıb.
K.Heydərov, nəhayət toplantı keçirdi. Amma bu da başqalarından fərqli oldu.
Nazirliyin saytında yer alan xəbərdən belə görünür ki, K.Heydərovun tədbiri qətiyyən özünütənqid ruhunda olmayıb. Əksinə, onun bütün çıxışı ona yönəlib ki, guya FHN üzərinə düşən bütün vəzifələri yerinə yetirib.
Məsələn, K.Heydərov deyib ki, nazirlik 2010-cu ildə qarşısında duran vəzifələrin öhdəsindən gəlib.
Ölkənin taxıla olan tələbatının ödənilməsi istiqamətində görülən işlər barədə məlumat verən nazir, eyni zamanda, 2010-cu ilin yaz aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranmış təhlükəli vəziyyətlə əlaqədar gördükləri işləri yüksək qiymətləndirib.
Nazir qeyd edib ki, 2010-cu ildə nazirliyə əməkdaşların qanunsuz hərəkətləri barədə cəmi 58 müraciət daxil olub.
Bunlara da nəzərdə tutulmuş qaydada baxılıb.
Nazir bildirib ki, 2010-cu ildə aparılmış araşdırmaların nəticəsi olaraq nazirliyin 48 əməkdaşı barədə intizam tənbehləri görülüb, onlardan 18 əməkdaşı işdən xaric edilib, 2 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 əməkdaş vəzifəsindən azad edilib, 24 əməkdaş barəsində isə digər intizam tənbehləri tətbiq edilib.