Əvvəl bir vaqona 5 min 900 dollar alırdılarsa, indi bu məbləğ 6 min 400 dollara qalxıb
Yaxın Şərqdəki inqilablardan sonra hökumətin elan etdiyi korrupsiyaya qarşı mübarizəyə insanların bir qismi inanmışdı. Amma hökumətin bu məsələdə səmimi olmadığını, prosesin sadəcə, “gözdən pərdə asmaq” məqsədi daşıdığını anlamaq üçün çox zaman lazım olmadı.
Əslində, Azərbaycandakı rejimin mahiyyətinə bələd olanlar bundan artığını gözləmirdilər. Korrupsiyadan yoğrulmuş bir sistemdə antikorrupsiya islahatları hansı nəticəni verə bilər axı?!
Dərnəgül şossesində taxta biznesilə məşğul olan sahibkarlar da bu mənada ümidləri puça çıxanlardandır.
Taxtanın “şapkasını” necə qaldırdılar?
Hökumət “korrupsiyaya qarşı mübarizəyə başlayandan” Dərnəgüldəki obyektlərdən müxtəlif adlarla pul yığmağa gələnlər qəflətən yoxa çıxıblar. Ötən il Vergilər Nazirliyindən gəlib hər obyektdən 3-5 min manat arası pul yığan müfəttişlər də gözə dəymir. Təbii ki, bu vəziyyət sahibkarları sevindirib. Amma az keçməmiş onlar xəbər tutublar ki, taxtaya görə gömrükdə alınan pulun məbləği artırılıb.
Sahibkarların dediyinə görə, əvvəl ölkəyə gətirilən taxtanın 1 vaqonuna görə 5 min 900 dollar pul alınırdısa, indi bu məbləğ 500 dollar artıb. Bir vaqon taxtaya görə gömrükdə 6 min 400 dollar manat ödəmək lazım gəlir.
Sahibkarlar deyir ki, əslində, bir vaqona görə ödənilməli olan dövlət rüsümu cəmi 740 dollardır. Yəni, qalan məbləğ “şapka”dır.
Sahibkarlarla söhbətimizdən o da aydın oldu ki, quru taxtaya görə alınan rüşvətin məbləği də düz 1000 manat qalxıb. Fevralın 1-nə qədər quru taxtanın bir vaqonu üçün sahibkarlar 10 min 800 dollar verirdilərsə, indi onlar 11 min 800 dollar ödəməli olurlar.
Nəzərə alsaq ki, hər gün ölkəyə 80-100 vaqon taxta gətirilir, deməli, təkcə taxta biznesindən milyonlarla rüşvət yığılır.
Onu da öyrəndik ki, ölkədə taxta biznesi Prezidentin Şəxsi Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun nəzarətindədir. Hətta Dərnəgüldəki obyektlərin də bir çoxu məhz ona yaxın adamlarındır.
“Şapka” olmasa, taxta neçəyə olar?
Sahibkarlar deyir ki, ölkəyə gətirilən tikinti materialları “rüşvət aparatı”ndan keçməsə, qiymətlərdə də kəskin ucuzlaşma olar. Məsələn, indi taxtanın 1 kubu 220 manata satılır. Əgər “şapka” vermədən taxtanı ölkəyə gətirmək mümkün olsaydı, onda qiymət 140-150 manat ola bilərdi.
“Monopoliya, rüşvət olmasa, azad bazar prinsiplərilə işləsək, heç nədən şikayətimiz də olmaz. Bizə imkan vermirlər işləməyə. Misirdəki inqilabdan dərs götürüb qiymətləri aşağı salmaqdansa, bunlar daha da qaldırırlar. Demək istəyirlər ki, bizim heç nə vecimizə deyil. Ya da bunlar qəsdən narazılıq yaratmaq istəyirlər ki, xalq ayağa qalxsın”, – deyə Nizami adlı taxta satıcısı deyir.
Başqa bir taxta satıcısından öyrəndik ki, bazarda hamı bir-birinə borcludur: “Ümumiyyətlə, alver çox aşağıdır. Alanların çoxu da, nisyə alır. Sonra pulları yığmaq olmur”.
Məmurlara milyonlar, fəhlələrə qəpik-quruş
Taxta biznesi sahəsində milyonlarla dollar kimlərinsə cibinə axdığı halda, Dərnəgül bazarında yükləri boşaldan fəhlələr günə 5-10 manat pul qazanırlar.
Maşınlara taxta yığıb boşaldan Qalib deyir ki, bəzən heç 1 manat da qazana bilmir: “Məsələn, neçə gündür qar, yağış yağır deyə, qətiyyən alver yoxdur. Bir həftədən çoxdur ki, evimə çörək pulu apara bilmirəm. Burdakı sahibkarlar sağ olsunlar, iş olmayanda 1 manat yolpulu verirlər”.
Fəhlələr deyir ki, onların qarşısında iki yol var: “Ya bizi bu vəziyyətə salanlara qarşı mübarizə aparmalıyıq, ya da neft ölkəsində bizə verilən bu qəpik-quruşla kifayətlənib yoxsulluq və səfalət içində ölməliyik”.
Elmin