Ilham Əliyevin “Mir” telekanalına müsahibəsindən parçaları oxudum. Bu telekanalı uzun-uzadı vəsf etməyə dəyməz, o, bir növ bizim Az.TV-nin MDB miqyaslı variantıdır.
Ilham Əliyevin “Mir”in müxbiri qarşısında özünü çox sərbəst, rahat aparması təbiidir. Bunun da səbəbi var: hər halda, müxbirin beyqəfil ona qayıdıb “siz özünüzü kral kimi hiss etmirsiniz ki?” sualını verməsi ehtimalı sıfıra bərabərdir.
Bunlar əlahəzrətin müsahibəsinin zahiri tərəfləridir. Mənim müsahibədən oxuduğum parçalarda özəlliklə iki məqam diqqətimi çəkdi. Əliyev deyir ki, ailədə siyasətdən danışmırlar. Kral bunu yaxşı bir şey kimi deyir, amma heç də belə deyil. Bir ailənin aparıcı fərdlərinin ikisi birbaşa siyasətə dəxli olan iki statusa (prezident və deputat) sahiblənmişsə və o ailədə siyasətdən danışmırlarsa, bu nə qədər məntiqli və yaxşı bir haldır?
Bilirsiniz ki, Ilham Əliyev tez-tez xalqın siyasiləşməsinə qarşı çıxır. Bir siyasətçinin cəmiyyətin siyasiləşməsindən qorxması əlbəttə ki, absurdun son həddidir. Bizim kral belə absurdları çox sevir. Məsələn, bir də görürsən çıxıb deyir: “Azərbaycanda müxalifət yoxdur”. Çox keçmir, əlavə edir: “Azərbaycanda demokratiya var”. Müxalifətin olmadığı ölkənin demokratik olmasını iddia etmək yalnız bunların ağlına gələ bilər.
Başçılarından birinin prezident, digərinin deputat olduğu bir ailədə siyasətdən danışılmaması da ən azı o qədər absurddur. Bu, həm də o deməkdir ki, Ilham Əliyev nəinki cəmiyyətdə, hətta ailəsində belə, siyasi söhbətlərə qarşıdır. Ən yaxın çevrəsində belə, siyasi müzakirələr, söhbətlər aparılmasından çəkinir. Siyasətdən çəkinən siyasətçi – bu da sizə Azərbaycan reallığının növbəti anormallığı!
Əlahəzrətin məlum müsahibəsindəki başqa bir diqqəti çəkən məqam isə xeyli düşündürücüdür. Sitat: “Cəmiyyətdə ölkəmizin necə inkişaf etməsi ilə bağlı diskussiyalar yoxdur”. Bəli, Ilham Əliyev cəmiyyətdə ölkənin inkişafı ilə bağlı diskussiyalar olmadığını deyir, üstəlik, bundan narahat olacağına, məmnuniyyətini ifadə edir.
Əslində əlahəzrətin bu sözləri Azərbaycandakı mövcud hakim zehniyyətin ifşasıdır. Nəhayət ki, onlar diskussiyalardan qorxduqlarını boyunlarına alırlar. Eyni zamanda Azərbaycanı totalitar düşüncənin girovuna çevirmək üçün qollarını sıvadıqlarını etiraf edirlər. Əks halda, bir ölkə başçısı nədən cəmiyyətin bu günü və gələcəyilə bağlı diskussiyaların olmamasını yaxşı bir hal kimi qeyd etməyə çalışsın ki?
Axı inkişafın özü yalnız diskussiyalarla mümkündür.
Diskussiyalar yoxdur, mübahisələr, fikir toqquşmaları yoxdursa, cəmiyyətin hansı inkişafından danışmaq olar? Bəyəm çoxfikirlilik demokratiyanın əlifbası deyilmi? Yoxsa “müxalifətin olmadığı demokratik ölkə” anlayışı ilə politologiya tarixində inqilab etmiş bizim kral həzrətləri indi də “hamının eyni cür düşündüyü demokratik ölkə” qurmaq əzmindədir?
Qısası, Ilham Əliyevin bu son müsahibəsindən yola çıxaraq əminliklə deyə bilərik: biriləri hələ də Azərbaycan hakimiyyətindən demokratiya adına hansısa addımlar gözləyərkən, iqtidardakıların heç demokratiyanın “d”sindən xəbəri olmadığı ortaya çıxdı.
Di gedin nə qədər istəyirsiniz konstruktivləşin…
Məntiq xatırlatması
Biz Ilham Əliyevdən Dubay mülklərinin hesabını soranda çıxıb nə dedi yaptokratlar? “Bizim xalqın gözəl bir adəti var, başqasının pulunu saymazlar” demədilərmi? Baxdılar ki, boğulurlar, mentaliteti saman çöpünə çevirib ondan yapışmadılarmı?
Buyurun: Misir Mərdanov “antikorrupsiya şousu” çərçivəsində 72 məktəb direktorunu işdən çıxarıb, ən dəhşətlisi odur ki, işdən çıxarılanlar arasında vəfat etmiş adamlar da var. Indi mən həmin mentalitet aşiqi yaptokratlardan soruşuram: cənablar, başqasının pulunu saymaq olmaz da, ölünün dalınca danışmaq, onu korrupsioner çıxarmaq olarmı? Hanı burda məntiq?
Heç kim unudulmasın
Əslində, hökumətin “antikorrupsiya müharibəsi”nə vəfat etmiş məmurları da daxil etməsini yüksək qiymətləndirmək olardı. Ancaq bir şərtlə: prosesə 2003-cü ildə vəfat edənlərdən start versəydilər…