Prezident Administrasiyasının rəhbəri İlham Əliyevin qeyri-ciddi durumda olduğuna işarə vurdu
Prezident Administrasiyasının rəhbəri, akademik, Elşad Abdullayevin videolarındakı deputat mandatı alverində adı hallanan Ramiz Mehdiyev mətbuata müsahibə verib. Onun rəsmi vəzifəsi, eləcə də siyasi planlaşmadakı faktiki rolunu, ölkədə hakimiyyətin təşəbbüsü ilə baş verən irili-xırdalı əksər hadisələrin ideya müəllifi olduğunu hər kəs bilir. Ramiz Mehdiyev Əliyevlər hakimiyyətinin bütün siyasi cinayətkarlıqlarının ssenarisini cızan tək şəxs kimi hələlik toplumda müzakirə olunur. Elə ona görə də biz Mehdiyevin müsahibəsindəki bir çox tezislərə münasibət bildirməyə çalışacağıq. Hərçənd, siyasi hakimiyyət bütün aspektlər üzrə elə ifşa mərhələsi yaşayıb ki, bizim xüsusi anti-tezislər hazırlamağımıza gərək qalmır. Amma bu həm də tarix üçün çox vacibdir.
Tarixi fürsət və kəmfürsətlik
Ramiz Mehdiyev 20 illik Əliyevlər hakimiyyətinin mahiyyətinə uyğun olaraq, tarixi gerçəyi bir daha saxtalaşdıraraq, SSRI-nin dağılmasına və Azərbaycanın müstəqilliyinin bərpasına toxunarkən deyir: “Azərbaycan xalqı bu nadir tarixi fürsətdən istifadə edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurmağa, siyasi varislik prinsipinə birmənalı dəstək verməklə onu inkişaf etdirməyə, dünyanın nüfuzlu ölkələrindən birinə çevirməyə nail olmuşdur”.
Bu, Azərbaycan Milli Azadlıq Hərəkatının inkarından başqa, həm də siyasi tarixin ciddi şəkildə saxtalaşdırılmasına cəhd, eyni zamanda, dövlətçilik qarşısında cinayətə bərabər bir addım atmaqdır. Azərbaycan insanlarının Sovet hakimiyyətinə qarşı mübarizəsini və bu mübarizənin dünyaca tanınan və sayğı duyulan lideri Əbülfəz Elçibəyi tarixdən silmək cəhdləri Ramiz Mehdiyev üçün yalnız Ilham Əliyevin ötəri əsəblərini yatırmaq baxımından faydalı və elə o qədər də uzunömürlü ola bilər. Ramiz Mehdiyev bu addımı ilə həm də iddia etdikləri siyasi kursun yalan və saxtakarlıq meyarları ilə həyata keçirildiyini təsdiqləyib. Bu isə hərbi siyasi qiyamla hakimiyyətə gəlmiş qüvvələrin həqiqi kəmfürsətliyindən başqa bir şey deyil.
Biz harada yaşayırıq?
Ramiz Mehdiyevin daha bir akademik illüziyası Azərbaycanda iqtisadi inkişafla bağlıdır. Ilham Əliyevin siyasi bleflərini ideologiyalaşdıran administrasiya rəhbəri ölkədəki inkişafı bu cür təsvir edir: “Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmışdır və hazırda dünyanın müasir və inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Son 10 ildə biz iqtisadiyyatımızı şaxələndirməyə, ümumi daxili məhsulu 300 faiz artırmağa, ən əsası, iqtisadiyyatın qeyri-neft sektorunu 2,4 dəfə yüksəltməyə nail olduq”.
Məsələ burasındadır ki, Azərbaycan sosializm və xalq təsərüffatı iqtisadi münasibətlər sistemindən azad bazar münasibətlərinə keçid prosesini demək olar, yaşamadı. Ölkə iqtisadi azadlıqlara görə beynəlxalq təşkilatların hesabatlarında ən axırıncı yerləri tutur. Hətta Azərbaycan korrupsiyanın həddinə görə Monqolustandan fərqli olaraq, “Minilliyin çağırışı” proqramından yardım ala bilmədi.
Qeyri-neft sektorunun inkişafını nəinki iqtisadi şkalada rəqəmlərlə, hətta ölkə miqyaslı tək zavod və ya alternativ istehsal müəssisəsilə də göstərmək mümkün deyil. Ramiz Mehdiyev isə 300 faiz inkişafı çox güman ki, “Böyük yalan danışın ki, inanan olmasa da, müzakirə edən olsun” prinsipi ilə ictimaiyyətə sırımağa cəhd edir.
Keçəl dərman bilirmiş…
Ramiz Mehdiyev Ilham Əliyevin görüşmək üçün Afrika lideri axtardığı, mədəni dünyanın Azərbaycan rəhbərlərinə salam verənləri “topa tutduğu” bir vaxtda beynəlxalq siyasi uğurlardan, “dünyanı necə idarə etdiklərindən” dəm vurur: “Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü kimi qlobal siyasətin formalaşmasında iştirak edir, sülhün və təhlükəsizliyin təmin olunmasına dəyərli töhfələr verir. ”Eurovision”, BMT-nin Internet Idarəçilik Forumu, Beynəlxalq Humanitar Forum, Iqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı və onlarla digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz həm də sosial, iqtisadi, mədəni-humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə edildiyi əlverişli məkana çevrilmişdir”.
Əgər belədirsə, niyə Ilham Əliyev bu fürsətdən istifadə edərək Qarabağ üçün ciddi nailiyyətlər əldə etməyib? BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq Ilham Əliyevin siyasi həyatında və Azərbaycanın geosiyasi tarazlıqlarında heç nə ilə yadda qalmayıb. Böyük forumlar və tədbirlərin məkanı olmaq haqda təkcə onu deyirik ki, Bakıda keçirilən beynəlxalq internet forumunda Avropa Komissiyasının nümayəndəsinin fərdi kompüterini müsadirə eləmişdilər.
Liberal dövlət faşizmi
Ramiz Mehdiyev siyasi islahatların yüksək inkişafından danışmamaq üçün də özünü saxlaya bilməyib. Bir siyasi hərəkatın rəhbəri, bir partiya sədrinin müavini, 4 gəncin şərlənərək içəri atıldığı və bir baş redaktora 9 il həbs cəzası verildiyi günlərdə o deyir: “Prezident Ilham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır”.
Bu ifadələri bəlkə də şərhsiz qoymaq olardı. Amma ölkə boyu insanların hakimiyyət orqanlarına misilsiz qəzəbinin nəticəsi olan etirazları, silahlı qüvvələrdə əsgərlərin düşmən kimi məhv edilməsinə görə yaranan hiddət imkan vermir ki, Ramiz Mehdiyevə bu “sabitliyin” portretini göstərməyək.
İlham Əliyev nümunədir, nümunəvi deyil
Siyasi sürrealizmin banisi sayılacaq Ramiz Mehdiyevin Ilham Əliyev haqqında dedikləri də çox maraqlıdır. Həm də diqqətçəkəndir: “Ilham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni əsrdə Azərbaycanın Prezidenti olmasının özündə rəmzi məna vardır. O, post-sovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir”.
Ilham Əliyev post-sovet məkanında atadan hakimiyyət alaraq, irsi rəhbər olan tək şəxsdir. Ona görə də onun həqiqətən də yeni əsrdə “yeni” lider olması şübhəsizdir. Fəqət, görünən başqa reallıq da odur ki, bu yeni lider tarixin qucağında köhnə əsrin Asiya liderləri ilə birlikdə qərar tutmaqda israrlıdır.
İnsanı məhv edib “insan kapitalı” yaratmaq
Ilham Əliyevin hakimiyyəti illərində Azıərbaycanın ən müasir nailiyyəti kimi yeni peykin kosmosa qaldırılmasının qeyd olunduğu ərəfələrdə texniki fənlərdən 150 bal toplayan tələbələr universitetlərdə birinci kursa gedirdilər. Ilham Əliyev isə bütün gücü ilə toplumun gözünə qaranlıq çökdürüb onu süni parıltısının ətrafında toplamağa girişib. Ramiz Mehdiyev bu mənada hakimiyyətin gözündəki tiri görməzlikdən gələrək deyir: “Cənab Prezidentin insan kapitalının inkişafına xüsusi önəm verməsi heç də təsadüfi deyildir. Bir tərəfdən, biz inkişaf deyəndə sadəcə iqtisadiyyatın tərəqqisini deyil, eyni zamanda, sağlam gələcək nəslin formalaşmasını nəzərdə tuturuq. Intellektual potensialın yaratdığı texnoloji innovasiyalar”.
Söhbət həm də ondan gedir ki, xaricdə təhsil almaqla bağlı dövlət proqramlarının icrasına olmayan ictimai nəzarət, hətta onu aşkarlayıb ki, bir məmur qohumu eyni proqram üzrə ikinci təhsili almağa nail olsa da, istedadlı, amma “sahibsiz” gənclər dövlətin imkanlarından yararlana bilmirlər.
Karsız sahibkarlar ölkəsi
Bütün ölkənin və dünyanın gözü qarşısında Bakının mərkəzində onlarla sahibkara hücum çəkərək onların mülkiyyəti əlindən alındı. Bu işdə polis və qoçu dəstələri açıq iştirak elədilər. Rasim Məmmədov adlı şəxs bu talanların koordinatoru kimi, arxasında Ramiz Mehdiyev və Bəylər Əyyubovun durduğunu da gizlətmədi. Ramiz Mehdiyev isə deyir: “Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, əlverişli investisiya mühitinin təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmiz bazar iqtisadiyyatı yolu ilə inkişaf edir, iqtisadi sahədə liberal islahatlar davam etdirilir, azad sahibkarlığa böyük diqqət və qayğı göstərilir. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon kredit verilmiş, ötən il bu rəqəm 250 milyon manat təşkil etmiş, bu il də həmin məbləğdə vəsaitin ayrılması nəzərdə tutulmuşdur”.
Bu yalanlara həyat özü lazımi şərhi verib. Amma bunların həm də cinayət olduğunu xatırlatmadan keçmək olmur.
Məişət zəminində siyasi yanğın
Ismayıllıda baş vermiş ictimai etiraz və onun arxasınca hakimiyyət orqanlarının yerli rəhbərlərinin korrupsiya yolu ilə yığdıqları mülklərin yandırılmasını Ramiz Mehdiyev məişət zəminində hadisə kimi xarakterizə edir: “Ismayıllı rayonunda baş vermiş məişət xarakterli hadisə bir daha təsdiq etdi ki, Azərbaycanda bəzi siyasi qruplar mahiyyət etibarilə dağıdıcılıq fəaliyyəti göstərir, insanlar arasında süni narazılıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa, dövlət məmurlarına şər atmağa, onları şantaj etməyə və hörmətdən salmağa, hakimiyyət strukturları və vəzifəli şəxslər arasında qarşıdurmalar yaratmağa, rəsmi orqanların fəaliyyətinə qara yaxmağa cəhdlər göstərirlər. Üstəlik, onlar öz dağıdıcı fəaliyyətini demokratiya şüarları ilə pərdələməyə çalışırlar”.
Bütün bunlar doğrudursa, deməli, Ilham Əliyev də həmin dağıdıcı qüvvələrə qoşulub, icra başçısını məişət zəminində baş vermiş olaya görə işdən çıxarıb. Ramiz Mehdiyev prezident sərəncamı ilə yekunlaşmış olaya “məişət hadisəsi” deməklə, həm də öz vəziyyətinin qeyri-ciddi olduğunu ortaya qoyur. Baxmayaraq ki, Ilham Əliyev də tamamən bu durumda idi. O da müxalifəti ittiham etməkdən özünü saxlaya bilməsə də, icra başçısını xalqın tələbilə cəzalandırmağa məcbur oldu.
P.S. Ramiz Mehdiyevin xarici qüvvələrə ünvanladığı ittihamlara gəlincə, ona həmin təşkilatların nümayəndələrinin cavab verməsini daha düzgün sayıram.