“Vətəndaş müharibəsinə sövq eləyirlər e, camaatı. Vətəndaş müharibəsinə. Axırda götürəcəklər əlinə kimisi çəkic, kimisi balta, hücum çəkəcəklər ki, siz məni vurursuz, mən də sizi vurmalıyam. Belə də olmaz axı! Qarşıdurma belə olacaq da. Kimdi günahkar? Milyarder oliqarxlar, məmurlar, yerin altında və üstündə olan bütün sərvətləri oğurlayıblar. Oğru millətdi onlar. Məmurların hamısı. 165 manat pensiya verir mənə. 50 il işləmişəm. Özü də üç ali diplomum yiyəsiyəm. Yeddi dildə danışa bilən adamam. Dəmir yolunda işləmişəm. Ziya Məmmədovun xarabasında. 72 yaşım var. Bu gün varam, sabah yox. Mənə 165 manat pul verir. Ancaq dünənki gədə-güdələr onu-bunu ona görə qovlayır ki, onlara 1000 manat verir. Onlar məndən artıq adamdı bəyəm? Ikicanlı qadınlar kimi göbək bağlayıblar. Cavanlara sözüm odu ki, birləşsinlər. Cavanlar öz hüquqlarını müdafiə eləməlidirlər. Nə qədər ki, öz hüquqlarınızı bilmirsiz, o zaman bundan da beşbetər gününüz olacaq, kölə olacaqsız, nökər olacaqsız. Gözəl-göyçək uşaqlarsınız, balalarsınız, mən istəyirəm ki, sizin azadlığınızı görüm. Heç olmasa axırıncı nəfəsimdə…”.
Bu sözləri 10 mart “Əsgər ölümlərinə son” aksiyası günü 72 yaşlı ağsaqqal KIV-ə deyib. Video-görüntü netdə yayılıb. Dinlədim. Izlədim. Hələ onun dedikləri bir yana, təkcə həyəcanını, üzünün ağrılı cizgilərini, jestlərini görmək də bəs eləyir. Insanın içini yeddi qatınacan lərzəyə gətirir. Bu sözləri və görüntünü izləyən biri yenə də ayılmayacaqsa, laqeyd qalacaqsa, içi titrəməyəcəksə, vicdanı oyanmayacaqsa, qanı qaynamayacaqsa… heç şübhə etmədən əmin olun ki, o, daşdı, taxtadı, taxtabitidi, tarakandı, amöbdü, hər hansı bir həşəratdı, kəsəsi hər nədisə, insan deyil, insanlıqda payı yoxdu.
Bu sözlər hər kəsə ünvanlanıb. Hər kəsin cavabını verir. Ilham Əliyevin gerçəkliyə söykənməyən populist çıxışlarından tutmuş laübalı həyat tərzi keçirən gənclərə qədər. Bu sözlərdən sonra dövlət başçısı necə iddia edə bilər ki, onun vətəndaşı rifah içində yaşayır? 50 il çalışmış, ali savadlı ağsaqqal cəmi 165 manat təqaüd alır. Ama “cəhənnəmə” deyir, bu gün-sabah öləcəyəm, heç olmasa son nəfəsimdə olsa belə, barı cavanları azad görüm, hüquqlarını bilsinlər, tələb etsinlər, kölə-nökər olmasınlar.
Bu sözləri, bu nəsihəti, bu himn kimi səslənən ağrılı arzunun mətnini olduğu kimi köçürdüm. Hər kəs oxumalı və yaymalı bu sözləri. Ama yaxşı olar izləyib-dinləsinlər. Yeri gəlmişkən, linkini də oxucularımız üçün buraya qoyuram: http://www.youtube.com/watch?v=zIr7QQRSqWM Inanıram ki, bu ağsaqqalı dinləyən heç kəs öz hüququna laqeyd qala bilməyəcək. Onun uzun bir ömür görmüş üzündəki ağrı-acı, səsindəki yanğı ta iliyə kimi işləyir. Bəzi cavan, kəc adamları başa salmaq olmur. Çünki nadandırlar. Ancaq bu kişi dünyanı görüb, azadlığın, köləliyin nə olduğunu yaxşı bilir. Onu da bilir ki, ömrü artıq qüruba yaxınlaşır, hər dəfə təqaüdlərə bəh-bəhlə əlavə edilən 50 qəpiklərdən onun yarasına məlhəm olmayacaq. Gərək 1000 dəfə prezident seçkisi qabağı ola, Əliyev yenidən dövlət başçısı seçilmək istəyə, onu da beş ildən bir hesablasaq, bununçün 5000 il lazımdı ki, ağsaqqalın təqaüdü 500 manat arta. Ona da çətin ki, bir insan ömrü yetə. Əliyevin ömrü yetsə də, adi adamlarınkı yetməz.
Ona görə də ağsaqqal az qala ağlaya-ağlaya deyir ki, cavanlar, birləşin, hüququnuzu bilin, haqqınızı alın, mənə də yaxşılığınız o olsun ki, heç olmasa son nəfəsimdə sizi azad görüm.
Bu ağsaqqalın sözlərini dinləyənəcən sabahımıza hardasa bir az şübhəylə yanaşırdım, artıq içim rahatdı. Belə ağsaqqalı olan millət həmişəlik kölə ola bilməz. Cavanları da gördük. Onları su ilə söndürmək olmaz. Su söndürsə-söndürsə, onların susuzluğunu söndürər, atəşini, yanğısını yox. Atəşləri körükləyən Yel çərşənbəniz qutlu olsun!