Ölkədə büdcə işçilərinin sayı YAP-ın üzvləri qədərdir. Onları ölkə əhalisinin çoxluq təşkil edən hissəsindən ayıran əsas səbəb büdcədən maliyyələşmələridir. Amma bu halda belə, yapçı-büdcəçilərə həsəd aparmaq olmur. Söhbətin iridişli büdcə gəmiricilərinə az dəxli var, hərçənd onlar da hansısa yuxarıların aşağılarıdır…
Bir sənədli əhvalatı təkrar-təkrar xatırlamağa məcbur oluram: Başçılardan birinin qəbulundan çıxan ağsaqqal yaxınlıqdakı çayxanada durmadan həmin rəhbərə dua edirmiş. Ətrafdakılar bu möcüzənin səbəbini öyrənmək istəyiblər – görəsən hansı ağır dərdinə çarə edilib ki, ağsaqqal bu qədər sevinir. “Ağsaqqal” deyib: “Oğlumu kənddə hökumət işinə düzəltmək üçün YAP-a keçirtmək istəyirdik, amma, paxıllar imkan vermirdilər. Dərdimi başçıya söylədim, Allah razı olsun, dərhal məsələni həll etmək üçün tapşırıq verdi, indi burda uşağın vəsiqəsini almaq üçün YAP-ın sədrini gözləyirəm”.
Bizim ağsaqqalı inişilki əsrin Novruzəlisinə bənzədirsiniz? Nə olar… Bu bənzərlik keçmişinə qırılmaz tellərlə bağlı olan xalqımızın müasir dünyaya qovuşmasına əngəl törətmir ki! Əksinə, həmin ağsaqqal mobil telefon daşıyıcısıdır. Axtarsan bəlkə internetdə-zadda da var..
Büdcə əməkçilərinə gəlincə, onlar hər an öz dözülməz işlərinin başındadırlar. Dövlət qəzetlərinin abunəsi, dövlət müəlliflərinin kitablarının alışı, təntənəli prezident və sairə qarşılama mərasimləri, anım, tanım günləri, parkların, binaların, dükanların, fermaların açılışı, müxtəlif seçki əməliyyatları, yuxarıların bayram payları, rəhbərlərin xeyir-şər işlərinə “yardım”, müfəttiş yola salmaq və sairə bu çeşidli tədbirlər onların çiyinlərindədir. Töhmət, danlaq, söyüş, asılılıq da bir tərəfdən.
Sadalanan və sadalanmayan səbəblərlə hər ay zamanları və məvacibləri parçalanan adamlar maddi bir yana, fiziki müvazinətlərini güclə saxlayırlar. Amma… həmin zülmkeşlər nəyin bahasına olursa-olsun, bu işgəncədən qopmaq istəmirlər, üstəlik, yaxınlarını da ən azı bir il müftə sürünmək bahasına yalvar-yaxar büdcədə yerləşdirirlər. Bunun adı qorxu deyilmi? Müstəqil, sərbəst yaşaya bilməmək qorxusu… Hər halda acından ölmək təşvişi deyil. Yəni daha çoxluq təşkil edən qeyri-büdcə əhalisi bu təşviş ehtimalını rədd edir. Pensiyaya görə olduğu da inandırıcı görünmür. Deputat məclisi pensiya yaşı barədə elə qərar verdi ki, ona çatmaq iddiası məntiqdən xeyli uzaqdır. Bəs onda nədir bu büdcə sevgisi?
Əsas məsələ də elə bundadır! Bu, daha çox özünə inanmayanların başqalarına kortəbii hayıl-mayıllıq xəstəliyidir. Baxmayaraq ki, həmin digərləri bu inamsız zavallıları haqq-nahaq alçaldıb istismar edir, amma bu halda belə heyranlıq azalmaq əvəzinə günbəgün artır. Məsələn, işçiyə rahat yumruq atması üçün “qudurğan məmurun” (sitat I.Əliyevə məxsusdur) pencəyini saxlayan büdcəçiciyəz süfrə arxasında ailəsinə həmkarının başına gələni ləzzətlə danışır: “Ən maraqlısı budur ki, o qədər adamın arasında müdir pencəyini mənə etibar elədi”… Səhər buna görə dükanda arvad qonşulara, uşaqlar məktəb yoldaşlarına hava atırlar. Və pis qoxu ətrafa yayılır. Gözünün altı göyərən də deyir ki, söz qaytarmağın üstündə başqa müdir adamı təpiyinin altına salardı. Bu, sağ olsun, ürəyini soyutmaq üçün bircə yumruq atdı, vəssalam.
Bu qədər bəsitmi? Bəli! Söz qaytarmaq da təxminən nədən ola bilər? Müdir buna deyib ki, şənbə gününə düşəsi hansısa qondarma (“geydirmə” deməyə utandım) tədbirə azı üç nəfər gətir, yoxsa ərizəni yaz, o qədər yerinə göz dikən var ki! Bu da yəqin müdirə Əmək Məcəlləsinin, prezident demiş, “müvafiq” bəndlərini xatırladıb. Təbii ki, bundansa həmin an dədəsini tanımayan müdirin yeddi arxa dönəninə söymək daha yaxşıydı, çünki müdir özü həmin şənbə taledən bir gün oğurlayaraq gərginlikdən şişib bədəninin başqa orqanlarına dönmüş başını götürüb “bir yerlərə” əkilmək istəyirdi. Belə bir xoşbəxt məqamda isə əlinə bəlli siyahı verən böyüyündən izn almaq üçün əzbərlədiyi sözlər boğazında düyünlənib qalıb. Əvəzində əzəli və əbədi “baş üstə”sini deyib… Bunun üstündən də bu müdirə deyəsən ki, yox, bəs mənim şənbə günü üçün başqa planım var. Onda müdir bədbəxt oğlu yumruğu ya öz təpəsinə çırpmalıdır, ya da əlində pul dava axtaranın…
Sonra da deyirlər ki, fransız xalqı kef edir…