(Informasiya texnologiyaları ilinə həsr olunur)
Iyirmi beş il bundan əvvəl ölkədə hər kəs Sumqayıt hadisələrindən və bu hadisələrin günahsız qurbanı Əhmədin taleyindən xəbərdardı. Bu günün gəncliyi isə müstəqillik müharibəsinin ilk rəsmi qurbanı Əhməd Əhmədovu tanımır. Orta nəsilin onu tanıtmaq və xatırlatmaq üçün meydan nümayişlərindən sonra hansısa addımlar atdığını mən eşitməmişəm. Belə bir cəhd edilibsə, əvvəlcədən üzr istəyirəm.
O vaxt heç kəs Əhmədovun günahkar olduğuna inanmırdı. Hamı bilirdi ki, Sumqayıt hadisəsini təşkil edən kommunist partiyasıdı, o zamankı DTK (KQB) adlı bir qurumdu. Vaxt keçdikcə təsəvvür yarandı ki, hadisələri törədənlər bütöv Kommunust partiyası və KQB yox, onların rəhbər orqanlarında çalışan erməni mənşəlilər və digər millətdən olan ermənipərəstlərdi. Istintraq zamanı məlum olanda ki, hadisənin əsas icraçısı Moskvadan Yerevandan və Stepanakertdən (Xankəndi o zaman belə adlanırdı) idarə olunan və həbsdən bu niyyətlə buraxılmış Qriqoryandır, həm də məlum oldu ki, bunun başında duran sonradan Nobel sülh mükafatına “layiq görülmüş” Qorbaçov və onun Siyasi Büro komandasıdır.
Məsələ nədəydi? Sumqayıt hadisələrinin müəllifləri guya azərbaycanlıların vəhşiliyini dünyaya göstərmək üçün ssenari qurub özləri həmin hadisələri törətmişdilər. Əhmədov bu şər əməlin güdazına getdi. O da olmasa, başqa biriləri həmin qisməti bölüşəcəkdilər. Çünki söhbət Əhmədov və yaxud Məmmədovdan deyil, Azərbaycan xalqından gedirdi. Ki, bu ölkədən, bu xalqdan olmağın bədəlini o və ailəsi təklənmiş, unudulmuş vəziyyətdə, eyni zamanda sona qədər ləyaqətlə ödədilər.
O vaxt hamı başa düşürdü ki, faktları ört-basdır etmək üçün Əhmədov güllələnəcək. Ölkədə yüksək vəzifələr tutan ermənilərin şüvənli təzyiqi altında qalan SSRI məhkəməsinin Əhmədova güllələnmə əvəzində uzunmüddətli cəza verilmə ehtimalını Azərbaycan xalqı möcüzə hesab edirdi. Amma o vaxtkı SSRI-də Ali Sovetin Azərbaycanı təmsil edən rəsmi nümayəndəsi sayılan heç olmasa bir deputatının məhkəməyə müraciəti bu möcüzəni gerçəkləşdirə bilərdi. Əhmədovlar Moskvada olduqları uzun müddət ərzində heç bir maddi-mənəvi dəstək istəmədikləri və görmədikləri ölkəmizə yalnız bircə dəfə bu səbəbdən üz tuturlar.
Müraciət edəsi (etməyəsi) yazar deputatın biri şəhərkənarı evində dincəlirmiş. Digəri – bizim gənclik üçün beşmərtəbəli evin altıncı mərtəbəsini kəşf edən isə öz bitərəf, soyuq mövqeyi ilə onlara ümid əvəzinə “başsağlığı” verir. Son ümidin öldüyü anların dəhşətini həmin gün Bakıda daşımaq zorunda qalan Əhmədin böyük qardaşı real ölüm hökmünü daha sonra Moskvada yaşayacaqdı… Bakı, yaxud Moskva içində ölüm daşıyan adama nə fərq edər ki?
“Əhmədova azadlıq!” deyə hayqıran nəhəng meydan, dalğalanan insan dənizi bir atım barıt kimi yandı və söndü. Kimsə dünən uğrunda üsyan etdiyi gəncin sonrakı taleyilə dərindən maraqlanmadı. Çünki bu ölkədə hər şey, hətta etiraz nümayişi belə, o vaxtdan bu vaxta kampaniya xarakteri daşıyır. “Hərəyə bir ağac əkək!” kimi. Necə ki, start verilən andaca ölkənin bütün məmur tayfası təbiətsevərə dönərək büdcə məxluqunu qabaqlarına qatıb küçələrə, parklara axışır.
O zaman Əhmədin xilası üçün sona qədər davamlı işlər, kütləvi mübarizə aparıla bilsəydi bəlkə indi bu ağrılı sətirlər yazılmazdı. Çox yazıqlar ki, nə dövlət bu yöndə addımlar atdı, nə də ziyalılar düşmən əlində girov olan vətən övladı üçün sözə sarıldılar. Erməni diasporu isə Moskvada prosesin getdiyi məhkəmə zalına ev sahibliyi edirmiş. Harada yaşadığından, kimliyindən asılı olmayaraq ermənilər Əhmədin məhkəməsini anbaan, həvəslə izləyirmişlər. Nəhayət, iyrənc “qələbə”lərinin dadını çıxartmaq üçün elə zaldaca Əhmədin və doğmalarının gözləri qarşısında vəhşicəsinə atılıb-düşüblər.
Bu, bizim qara tariximizin xəcalətli səhifələridir. Oxuyaq…
Yaddaşımda sağalmaz iz qoymuş Əhmədin nakam taleyini hər fevral ərəfəsi oxunmaqdan didilmiş rayon qəzetinin səhifələrini sığallayayıb kövrələrək yad edirəm. “Gözü yolda qalan qapı”… Ucqar rayonda Kommunist partiyasının rəsmi orqanı “Qalibiyyət” qəzetinin kommunist-redaktoru Əziz Əzizov gənc əməkdaşının bu məqaləsini dərc etməyə cəsarət tapmışdı. Partiya mənsubuyyətindən, ideoloji düşüncələrindən asılı olmayaraq hər bir kəs insan olmalıdır…
Amma internet və “Facebook” olmayan o zamanda xırdaca rayon qəzetinin hadisələrə həlledici təsiri ola bilməzdi.