Naxçıvan sakini Nadir Məmmədov dünən Bakıdan sığınacaq istəyib. Həyatına təhlükə, polisdən aldığı hədələr onu bu addımı atmağa məcbur edir . Ümumiyyətlə, Azərbaycandan Azərbaycana mühacirət təzə hadisə deyil. Öncə də bunu yaşayanlar vardı. Haçansa mən icra başçısının əlindən başını götürüb Yevlaxdan Gəncəyə qaçan sahibkarın taleyindən yazmışdım. Onun taleyi qara gəldi. Sonradan öldürüldü və qətlinin səbəbi araşdırılmadı. Ölkədən başqa ölkəyə gedənlər isə bir neçə milyondur…
Ümumiyyətlə, azərbaycanlının taleyi məchula dönüb. Hərə bir kor qismətin dənizində üzür. Sahibsiz, basqı altında, problemlərin ağuşunda. Bir qrup isə zənginləşib, amma tale onları da nankor edib, içində olduqları əməllər onları hər cür pisliyin arasına sürükləyib. Hamı ölkədəki siyasi sistemin əsiri olub. Pul qazanan da yaltaqlanmalı, qorxmalı, səksəkə içində yaşamalı, ən idbar yamanlıqlara imza qoymağa hazır olmalıdır. Ədalətsizlik hər an hər kəsi vura bilir. Qovan da bədbəxtdir, qaçan da…
Ilham Əliyev atasından hakimiyyəti alaraq ölkədə islahatlar etmək və onu hər kəsin rahat yaşaya bildiyi bir Vətənə çevirmək əvəzinə, hamını səksəkəli bir günə gətirdi. Ətrafındakı taleyimizə kor olan insanlar isə bu adamı ayıltmaq əvəzinə, maraqları naminə onu tanrılarına çevirdilər. Anlamadılar ki, tarixi əsrlər öncəyə qaytarmaq olmaz. Yaltaqlıq və bütpərəstlik elə güclü ünsürlər deyil ki, tarixə zidd olan bir sistemi yaşada bilsin.
Illər öncə yas məclisində çoxdan tanıdığım bir məmurla rastlaşmışdım, oliqarxa çevrilmiş bu adam üstümə yerimək istədi. “Sən kimə qarşı çıxırsan? Sən nəyə arxalanırsan? Bu hakimiyyəti heç kim yıxa bilməz.”
Mən güldüm. Dedim ki, pul sizi kor edib. O zaman çox sevdiyim bir fikri dedim. Söylədim ki, corab istehsal edə bilməyən bu sistemlər məhvə məhkumdur. Siz bir heçsiniz. Bu adamlara anlada bilmirik ki, biz hakimiyyət davası aparmırıq. Biz azadlığımızı istəyirik və əminik ki, bizim azadlığımız olmasa, bu ölkə insanlara bədbəxtlikdən başqa heç nə verməyəcək.
Bu illərdə biz anladıq ki, böyük xalq, böyük dövlət anlayışı mənasını itirib. Tarix dəyişib, yalnız azad xalqlar, yalnız azad dövlətlər güclüdür. Rusiya, Iran, Çin kimi dövlətlərin gücü bəladan başqa bir şey deyil. Heç bir təbii sərvəti olmayan, 19-cu əsrdə acından ölən Isveçrə bu gün neftlə zəngin Azərbaycana həsəd apararmı? Yox, əksinə, azərbaycanlılar Isveçrədə yaşamaq üçün Sibirdə 3 il pulsuz fəhlə işləməyə razı olar. Azadlığın gücü budur. Gözünü sərvət və tamah örtən adamlar bunu anlamaq istəmir.
Etibar Hüseynovu deputat etmək qədər yanlışa necə sürüklənmək olardı. Bu adamı niyə bədbəxt etdilər? Ötən gün hansısa saytda onun yazısına gələn oxucu şərhlərini oxuyanda anladım ki, hakimiyyət bu adama çox pisliklər edib – xalq nifrətinə tuş edib. Fazil Mustafanın geyimi şux olub, amma sifətindəki kədəri uzaqdan oxumaq eləmi çətindir?!
O da ayrı məsələ ki, indi heç bu ölkəni əzənlərin də üzü gülmür, qırışığı açılmır. Korrupsiya onlara ucaltmadı və təkcə korrupsiyanın yoxluğu onları xilas edə bilməz. Azadlıq yeganə xilas yoludur. Azadlıq əzəni də, əziləni xilas edəcək yeganə səbəbdir. Ona qarşı çıxanlar isə özündən və tarixdən küssün. Hamı dərk etməlidir ki, bu xalqın azadlığını qazanmaqdan başqa yolu yoxdur. Azərbaycanlılar kor və nankor taleyindən qurtulmalıdır.