Azərbaycan hakimiyyəti rüşvət “islahatlarına” başlayıb. Illərdir adamları, hətta bir parça arayış üçün qapılarda saxlayıb rüşvət alan məmurlar birdən-birə vicdana gəlib. Ya da Misir inqilabı bizim məmurların ürəyindəki pul hərisliyinin üstünə su səpib.
Qorxudub yəni…
Qorxu daha ağlabatandır, çünki illərdir özünü dünyanın üstündə, fövqəl görən məmurlar ordusunun gözünün qarşısında xalq ordusunun məmur hərisliyindən qəzəblənib necə ayaqlandığını gördülər. Hər nə isə, onsuz da xalq bu rüşvət “islahatına” inanmır. Inanmamağa haqqı da var. Elə normal olan da budur. Hakimiyyətdəki məmurlar dəyişən deyil. Sadəcə libas dəyişməklə cəlladın dərvişliyə keçidi mümkün deyil axı, cənablar!
Indi siz deyirsiniz ki, illərdir soyub taladığınız, gün çörəyinə möhtac qoyduğunuz adamlar əməllərinizi, yalanlarınızı unudub inansın ki, bu ölkədə daha rüşvət olmayacaq?! Yəni deyirsiniz ki, heç olmayacaq?! Yaxşı, bəs siz neçə illərdir qazandığınız pullardan xarici təşkilatlara, nümayəndəliklərə rüşvət verməyəcəksiniz ki, keçirdiyiniz saxta seçkiləri “bir addım demokratiyaya doğru irəliləyiş” kimi dəyərləndirsinlər?!
Yəni belə olacaq?!
Yəni “Aldanmış kəvakib”dəki kimi, camaat meydanda asılan, şaqqalanan görməyəndə təəccübləndiyi kimi, biz də hər addımbaşı rüşvəti görmədiyimizdən heyrətlənəcəyik?!
Inanaq ki, bundan sonra bu dövlətin milyonlarını hansısa ölkədə kimsənin tanımadığı fonddan bir ad almaq üçün rüşvət verib almayacaqsınız?!
Yəni deyirisiniz ki, qalxıb işə girmək üçüb bir quruma müraciət edəcəyəm, onlar da qabiliyyətimə görə işlə təmin edəcəklər məni?! Yaxud Allah eləməsin, məhkəməyə yolum düşsə, haqqımı o məhkəmədəki hakimin caynağından rüşvətlə almayacağam?!
Yəni polis qaydanı pozmayan sürücünü saxlayıb, bir “iyirmilik” almaq üçün əlini irəli uzatmayacaq?!
Məktəbdə müəllimlər bayramlarda gözünü şagirdin əlinə dikməyəcək ki, yuxarı – nazirlik üçün pul yığılsın?!
Həkim də rüşvət almayacaq?! Heç sızıldamayacaq ki, necə eləsin, hətta rentgen üçün plyonkanı da öz cibindən aldığı halda, dövlət büdcəsindən ayrılan pullar xəstəxanalara gəlib çıxmır, elə “yuxarıda” iştahla həzmdən keçirilir. Ona görə də xəstə ölüm ayağında olsa belə, həkim pul davası etmək zorunda qalır ki, indi daha bu da olmayacaq?!
Sonra getdiyin bələdiyyə, icra strukturlarında da bir parça kağızı alanda “şirinlik” verməyəcəksən?! Ya da övladını məktəbə yazdıran valideynlər daha məktəbə yardım-hörmət etməyəcək?!
Daha haralar, nələr qaldı – “islahatlara” başlayan məmurlarımızın başını bu kimi suallarla ağrıtmaq istəmirəm. Ancaq bildiyim odur ki, indi məmurlar yaman təşvişə düşüb ki, vay aman, inqilab kəsib qapının ağzını, onu geri döndərmək üçün bir şey etmək lazımdır. Ilk növbədə də rüşvətdən başlayaq…
Amma başqa bir dərd də var axı…
Indi tutaq ki, bu inqilab qapıdan qayıtdı, ya da hakimiyyət birdən arxayınlaşdı ki, inqilab bizdən yan keçdi…
Təbii ki, bu bir fərziyyədir, inqilab qapıya dayandısa, onu kimsə qova bilməz.
Mübarək on səkkiz gün qovmaq istədi, bütün qoçularını işə saldı, nə edə bildi ki?
Yaxşı, bunları keçib qayıdaq fərziyyəmizə ki, birdən bunlar yenə arxayınlaşdılar. Onda nə olacaq?
Onda daha dəhşətli olacaq… O olacaq ki, məsələn, bir ay rüşvət ala bilməyən məmur o boşluğun yerini doldurmaq üçün rüşvət aparatını daha sürətlə işə salacaq və onda vay bu gün “rüşvət islahatına” bel bağlayanların halına…
Rüşvət bazar iqtisadiyyatına görə qalxacaq!
Amma indilik bu ölkədə məmurlar təğrili-libas olub dərviş-məlk qiyafəsində zühur edib, bundan sonra da rüşvət olmayacaq!
Ancaq…
Ancaq inanan daşa dönsün… Bunu deyimmi, deməyimmi?
Deməyim, yazıq xalq onsuz da cana yığılıb. Inanan da yoxdu zatən, ona görə də qarğış edəndə heç olmasa, canımızın acısını çıxaraq…
Bu ölkəni bu günə salanlar daşa dönsün!
Daş deyəndə aman, kimsə heykəl düşünməsin, onsuz da gözümüz heykəldən yağır olub… Daş elə heykəl deyil ki, məsələn, daşın başdaşı forması da var!