Xəbər verdiyimiz kimi, fevralın 17-də ABŞ səfiri Metyu Brayza Azərbaycanın mediya nümayəndələri ilə görüş keçirib. Görüş zamanı “Azadlıq”ın baş redaktoru Qənimət Zahidlə səfir Brayza arasında maraqlı bir dialoq oldu. Qənimət Zahid səfir Brayzaya dedi:
– Cənab səfir, xeyli yaşanan gərginlikdən sonra, nəhayət, Azərbaycana ABŞ-ın səfiri kimi fəaliyyətə başlamağınız münasibəti ilə sizi təbrik edirik.
Bizi media nümayəndələri olaraq narahat edən bir sıra məsələlər var ki, sizin həmin problemləri diqqətdə saxlamağınızı istəyəcəyik.
Bu problemlərdən biri internet resursları ilə bağlı məsələdir. Azərbaycanda internet məkanına inzibati müdaxilə arzuolunmaz səviyyəyə qalxıb. Mən o məsələni xüsusi olaraq vurğulamaq istəmirəm ki, son 6-7 ayda “Azadlıq” qəzetinin internet saytı hökumətin nəzarəti altında işlədiyi şübhə doğurmayan hakerlərin hücumları nəticəsində tamamilə dağıdılıb və biz, hər dəfə internet səhifəmizi yenidən qurmağa məcbur olmuşuq. Daha böyük problem internetin sürəti ilə bağlıdır. İnzibati imkanların bu sahəyə kobud müdaxiləsi Azərbaycanda internetin sürətini süni şəkildə aşağı salır, bu da informasiya ilə işləmək üçün ciddi problemlər yaradır. Biz bu cür qanunsuz müdaxilələrin qarşısının alınmasında sizin dəstəyinizi istəyəcəyik.
Cənab səfir, uzun illərdir ki, Azərbaycanda siyasi məhbusların böyük bir kontingenti həbsdədir. Artıq “Amnesty İnternational”ın elan etdiyi vicdan məhbusları meydana gəlib və bu yeni dalğada siyasi məhbusların hüquqları ilə məşğul olmaq, onların azad olunması ilə bağlı tələblərin səslənməsi arxa plana keçib. Hətta bu günlərdə siyasi məhbusların sırasına daha bir gənc “Facebook” fəalı qatılıb və onu şərləyərək həbs ediblər. Biz sizdən xahiş edəcəyik ki, Azərbaycan hökuməti ilə təmaslarınızda bu problemlərlə də məşğul olasınız. Azərbaycanda bircə nəfər belə siyasi məhbusun olması cox pis presedentdir. Bu presedent insanların həmin motivlə həbsə atılmayacağına heç bir təminat vermir. Bu presedent Azərbaycanda söz azadlığı naminə çalışanların hər birinin elə sabah siyasi məhbus olmayacağına təminat vermir.
Cənab səfir, bizim şəxsən sizə, Metyu Brayzaya münasibətimiz fərqli ola bilər,- hərçənd əmin ola bilərsiniz ki, sizə münasibətimiz çox yüksək səviyyədədir, amma siz Amerika Birləşmiş Ştatlarının, Amerika demokratiyasının təmsilçisisininz və bizim, Azərbaycanda demokratiyanın qurulması üçün çalışan adamların ABŞ və Avropa demokratlarından hansısa tələblərimizin olması təbii və haqlıdır.
Metyu Brayza baş redaktora bildirdi ki, demokratiya ABŞ-ın Azərbaycandakı prioritetləri sırasına daxildir və azərbaycanlılar əmin ola bilərlər ki, onlar burada həmin dəyərlərin möhkəmlənməsində yardım göstərməyə hazırdırlar:
– Biz, eyni zamanda, Sumqayıtda həbs edilən gənc Cabbar Savalanın məsələsi ilə də yaxından ilgilənirik və bu prosesi nəzarətdə saxlayacağıq.
Aytən Məmmədova
***
ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza bu gün ölkə başçısı İlham Əliyevlə görüşüb və öz etimadnaməsini ona təqdim edib.
Bu dəqiqələrdə isə Brayza ABŞ səfirliyində Azərbaycanın media qurumlarının rəhbərləri və reportyorları ilə görüş keçirir. Görüş tanışlıq məqsədi daşıyır. Səfirin jurnalistlər üçün brifinq keçirəcəyi də gözlənilir.