İlham Əliyev sülalə hakimiyyətini uzatmaq üçün Qərblə danışıqlar aparır
Sülhəddin Əkbər: «Hakimiyyət yerlərdəki etirazların müxalif hərəkatlarla birləşəcəyindən narahatdır»
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bir neçə gün öncə mətbuata açıqlamasında bildirmişdi ki, səfirlik Azərbaycan hökuməti ilə demokratik seçkilər keçirilməsi, bunun üçün şərait yaradılması haqda danışıqlar aparır. Amma ABŞ tərəfinin təşəbbüslərinə baxmayaraq Azərbaycan hakimiyyətinin seçki ilində atdığı addımlar iqtidarın heç də ölkədə demokratik seçkilər keçirmək niyyətində olduğuna işarə etmir. Belə olduqda isə istər ABŞ, istərsə də Avropanın nüfuzlu ölkələrinin, beynəlxalq təşkilatların demokratik seçkilərin keçirilməsi ilə bağlı nümayiş etdirdiyi təşəbbüsün nəticə verəcəyinə ümidlər azdır. Bu və başqa sualları ACP sədri Sülhəddin Əkbərə ünvanladıq.
– Belə bir təşəbbüsün meydana gəlməsini müsbət qiymətləndirirəm. Hər bir məsuliyyətli Azərbaycan siyasətçisi istəyir ki, ölkədəki dəyişikliklər dinc və demokratik yolla getsin. Bu baxımdan ABŞ-ın bu istiqamətdə danışıq aparması müsbət qiymətləndirilməlidir. Amma təəsssüf ki, bu danışıqlar real nəticə vermir. Tam tərsinə, Azərbaycan hakimiyyəti ölkədə demokratik islahatlar aparmaq, xalqın sosial-iqtisadi problemlərini həll etmək, minimum demokratik seçki şəraiti yaratmaq əvəzinə əvvəlki repressiv metodlarını daha da sərtləşdirməkdə davam edir. Bunun hakimiyyətin maraqları baxımından obyektiv səbəbləri görünə bilər. Ölkədə baş verən etiraz aksiyaları hakimiyyəti narahat edir. Hakimiyyət narahatdır ki, seçki ilində yerlərdə baş verən lokal etiraz hərəkatları müxalif hərəkatlarla birləşib, ümumi, hakimiyyətə qarşı vahid mərkəzdən idarə olunan siyasi prosesə çevrilə bilər. Ona görə də demokratiyanı beşiyində boğmaq taktikası yürüdürlər. Bu baxımdan ABŞ-ün təşəbbüsü müsbət qiymətləndirilməlidir. Amma hakimiyyətin baş verənlərə yanaşma tərzinə fikir versək, belə görünür ki, iqtidar bu addımlardan əks nəticələr çıxarır.
Demokratik dəyişikliklər üçün 3 mühüm amil
– Hazırda hakimiyyətin Avroa Birliyi və Avropa Şurası kimi nüfuzlu qrumlarla münasibətləri olduqca gərgindir. Hakimiyyət beynəlxalq aləmdə təklənir. Belə olan halda Azərbaycanın demokratik qüvvələri ölkədə ciddi dəyişikliklərə nail olmaq üçün hansı addımları atmalıdırlar?
– Ümumiyyətlə, region və Azərbaycan uğrunda geosiyasi savaş qızışır. Biz artıq Azərbaycan uğrunda geosiyasi savaşın həlledici mərhələsinin başlanğıcındayıq. Digər tərəfdən, Iran problemini, Suriya məsələsinin yekun fazaya daxil olmasını, Əfqanıstandan ABŞ-ın qoşunlarını çıxarmağa hazırlaşmasını nəzərə almaq lazımdır. Bu baxımdan Azərbaycanda sabitlik ABŞ, Qərb və NATO üçün çox önəmlidir. Bu baxımdan təbii ki, ABŞ, Qərb, NATO ilə yanaşı Türkiyə və Israil üçün də Azərbaycanda stabilliyin qorunub saxlanması vacibdir. Amma eyni zamanda mövcud vəziyyətdən narazı olan başqa geosiyasi mərkəzlər var. Moskva baş verənləri narahatlıqla izləyir. Ötən müddətdə ölkədə baş verənlər göstərdi ki, müxalifətdən kənarda da siyasi proseslər, yerli lokal xalq çıxışları baş verir. Bunlar əslində gizli formada gedən geosiyasi savaşın zaman-zaman üzə çıxan əlamətləridir. Ona görə siyasi təhlil edərkən biz regionda yaranan geosiyasi, geostrateji və geoiqtisadi vəziyyəti də nəzərə almalıyıq. Onu da qeyd etməliyik ki, Azərbaycan müxalifəti və cəmiyyəti demokratik dəyişikliklər istəyirsə, çox ciddi çalışmalıdır. Azərbaycanda demokratik dəyişikliyin baş verməsi üçün amillər çoxdur. Amma onlardan üçü ən mühümdür. Bunlardan birincisi, demokratik dəyişikliklərə xalqın dəstəyidir, ikinci amil hakimiyyət daxilindən gələ biləcək dəstək, üçüncü isə beynəlxalq birlyin siyasi-mənəvi dəstəyi, demokratik dünyanın baş verənlərə biganə qalmayaraq mövqe nümayiş etdirməsidir. Bunlar içərisindəsə həlledici amil xalq dəstəyidir. Xalq dəstəyinin də işə düşməsi üçün açar rolunu siyasi müxalifətin bir araya gəlib, geniş koalisiya yaratması oynaya bilər. Demokratik qüvvələr üçün vaxtı ötməkdə olan vəzifələrdən biri müxalifətin bir araya gələrək geniş koalisiya yaratmasıdır. Daha sonra isə bu koalisiya ətrafında geniş ictimai-siyasi koalisiyanın yaradılması gərəkdir. Yəni bu prosesə Azərbaycanın bütün demokratik potensialı cəlb olunmalıdır. Yalnız bundan sonra ölkədə kütləvi siyasi hərəkat başlatmaq mümkündür. Kütləvi siyasi hərəkatdan da çalışmaq lazımdır ki, xalq hərəkatına keçilsin. Bax, bu siyasi texnologiyanı biz uğurla tətbiq edə bilsək, xalqın dəstəyini qazana bilərik. Xalq dəstəyini qazanandan sonra isə həm hakimiyyət içindən, həm də beynəlxalq aləmdən dəstək gələcək. Bu siyasi texnalogiyaları effektli işlədə bilməsək, Azərbaycanda demokratik dəyişiklik çox problemli görünür. Rusiya, ümumiyyətlə, Azərbaycanda hakimiyyətin demokratik yolla dəyişməsində maraqlı deyil. Yəni Rusiya hətta Azərbaycanda hakimiyyətin dəyişməsində maraqlı olacaqsa belə bu prosesin qeyri-demokratik yolla getməsinə çalışacaq. Heç bir qeyri-demokratik variant Azərbaycanın milli maraqlarına uyğun deyil. Ona görə də Azərbaycanın demokratik müxalifətinin bir araya gələrək geniş koalisiyada birləşməsi vacib məsələdir.
Hakimiyyətin Rusiya ilə gərginliyi nə vəd edir?
– Hakimiyyətin bir qayda olaraq seçki saxtakarlığında arxalandığı Rusiya ilə münasibətləri hazırda çox gərgindir. Belə olan halda keçmiş “saxtakarlıq” müttəfiqlərinin əlaqələri gələcək seçkiyə necə təsir edə bilər?
– Hazırda Ilham Əliyev Qərblə, NATO rəhbərliyi ilə ciddi danışıqlar aparır. Bu danışıqların mövzusu isə ondan ibarətdir ki, o, üçüncü dəfə prezident kimi kürsüsündə qalır. Ilham Əliyevin namizədliyini irəli sürməsi aydın məsələdir ki, onun hakimiyyətdə qalmasına bərabərdir. Ilham Əliyev Qərbin dediyi bir sıra islahatları həyata keçirir və üçüncü dəfə seçildikdən sonra özünün “yarımçıq qalmış” layihələrini həyata keçirir və sülalə hakimiyyətinə son verilir. Bu danışıqların getdiyini də Rusiya bilir. Azərbaycanın Qərblə yaxınlaşmasının ciddiliyini göstərən bir sıra əlamətlər var. Birincisi, Azərbaycanın bir neçə hərbi hava limanı, Hava Hücümundan Müdafiə sistemi Qərb tərəfindən modernləşdirilib. Israil ilə 1.6 milyardlıq silah anlaşması imzalanıb ki, bu da Rusiyanın hərbi-texniki aslılığından Azərbaycanın qurtulmasına xidmət edir. ABŞ, Israil və Türkiyə Azərbaycanın təhlükəsizliyinə təminat verir ki, Bakını təhlükəsizlik baxımından da Rusiyanın aslılığından qurtarsın. Azərbaycan üzərindən Irana qarşı müəyyən kəşfiyyat işləri aparılır. Bütün bunlar Azərbaycan hakimiyyətinin geosiyasi seçim istiqamətində konkret addımlar atdığını göstərir. Bu da şübhəsiz, Rusiyanı ciddi narahat edir. Bu gün rəsmi Bakı ilə Kremli yaxınlaşdıran, ancaq siyasi hakimiyyətlərin, rejimlərin qohumluğudur. Azərbaycan hakimiyyəti həm təhlükəsizlik və hərbi-texniki, həm də geoiqtisadi sahədə artıq Qərblə tərfdaşlıq edir və bu münasibətlər getdikcə strateji xarakter almaqdadır. Ona görə Rusiya bu prosesi dayandırmağa, minimum status-kvonu qoruyub saxlamağa çalışır. Əsas məqsədi isə Azərbaycanda özünə Əliyev rejimindən də yaxın bir rejim qurmaqdır. Ona görə də çalışırlar ki, ilk növbədə Ilham Əliyev Rusiyanın təsir dairəsinə qayıtsın. Müəyyən zaman həddinə qədər bu siyasət aparılacaqdır. Bu siyasət effekt vermədikdən sonra Rusiya Azərbaycana daha kobud müdaxilələr etməyə başlayacaqdır.
YAP-ın qurultayını avqusta təxirə salması təsadüfi deyil
– Maraqlı bir məqam da ondan ibarətdir ki, baş verənlərin fonunda hakim partiya növbəti qurultayını avqusta təyin edir. Aydın məsələdir ki, məhz bu qurultayda YAP-ın namizədinin kim olacağı bəlli ediləcək. Qurultayın avqusta qədər təxirə salınması isə Ilham Əliyevin üçüncü dəfə namizədliyinin verilməsi ilə bağlı tərəddüd keçirməsindən irəli gəldiyi düşünülür. Sizin, mövqe necədir?
– Bu təsbit müəyyən mənada doğrudur. Çünki may-iyun aylarına qədər Rusiya ilə ABŞ arasında bu istiqamətdə gedən danışıqlar bitəcək. Ilham Əliyev gözləyir ki, seçki prosesinə beynəlxalq təhlükəsizlik təminatını alsın. YAP-ın da qurultayının tarixini məhz bu dönəmə salması prosesləri izləməsi ilə bağlıdır. Həm ölkə daxilində, həm də ölkə xaricində üçüncü dəfə namizədliyin irəli sürülməsinə reaksiya necə olacaq.
– Hakimiyyət daxilində baş verən son proseslər də ciddi maraq doğurur. Paşayevlərlə Mehdiyev klanı arasında gedən mübarizə ikinci tərəfə ciddi zərbələrin endirilməsi ilə yadda qaldı. Daha sonrakı proseslər necə cərəyan edə bilər?
– Burada bir neçə faktor Mehdiyev klanının ziyanına işləyir. Ilham Əliyevlə danışıqlara gedən Qərb dairələri hakimiyyətdən ciddi islahatlar aparılmasını istəyirlər. Nəzərdə tutulan islahatlara korrupsiyaya qarşı ciddi mübarizənin aparılması, eyni zamanda korrupsiyaya bulaşmış kadrların vəzifələrindən kənarlaşdırılması da daxildi. O kadrların içərisində də Ramiz Mehdiyev və onun klanına daxil olanlar da yer alır. Bu tələb Paşayevlər klanının maraqları ilə üst-üstə düşür. Eyni zamanda Rusiyanın da maraqlarına cavab verir. Müəyyən mənada artıq Ramiz Mehdiyev də Rusiyanın maraqlarına cavab vermir. Ona görə də hakimiyyət daxilində zamanla gərginlik daha da artacaq.
Hakimiyyət “Azadlıq”ı müstəqil medianın tribunası kimi susdurmağa çalışır
– Elşad Abdullayevin ilk videoları açıqlamasından sonra Gülər Əhmədovanın həbs olunacağı gözlənilsə də bu hadisə bir qədər gec baş verdi. Amma hazırda görünən odur ki, hakimiyyət bu cinayət işini elə dələduzluq maddəsi ilə yekunlaşdırmağa çalışır. Hazırda hakimiyyət daxilində yaşananları nəzərə alarıqsa, proses davamlı xarakter alaraq digər adları çəkilən məmurların da neytrallaşdırılması ilə nəticələnə bilərmi?
– Mövcud hakimiyyət dövründə düşünmürəm ki, istintaq siyasi motivli ittiham irəli sürsün. Sonadək çalışacaqlar ki, prosesi lokollaşdırıb, adi krminal bir iş kimi təqdim etsinlər. Çünki bu bütövlükdə hakimiyyətin maraqlarına cavab vermir. Istintaq siyasi motivlərlə aparılarsa və bu proses dərinləşdirilərsə, o zaman işdə yeni-yeni hallar üzə çıxa, mütəşəkkil cinayətin bütün mexanizmi, iştirakçıları və təşkilatçıları aşkarlana bilər.
– Hazırda müstəqil mediaya qarşı hakimiyyət səlib yürüşünə başlayıb. “Azadlıq” və “Yeni Müsavat” qəzetinə qarşı fantastik cərimələr tətbiq olunur. Məmurlar özləri üçün yüz min manat məbləğində təzminat istəsə də, şəhid ailələrin övladlarının ölümünə görə min manatdan bir qədər artıq təzminat ödəyir. Bunu necə qiymətləndirmək olar?
– Bu, hakimiyyətin apardığı kompleks repressiv siyasətin elementlərindən biridir. Məqsəd azad mətbuatın boğulmasıdır. Aydın məsələdir ki, Azərbaycanda siyasi müxalifətin yazılı mediada iki əsas tribunası qalıb. Ona görə də bu tiribunaların susdurulması əsas hədəflərdən biridir.
Xəyal