Daxili işlər naziri yaxın çevrəsi ilə söhbətində «fövqəlnazir» barədə nə deyib?
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə qarşı hücumlara qoşulması barədə məlumat vermişdik. Bildirmişdik ki, artıq “fövqəlnazir” Paşayevlər-Mehdiyev savaşında birinciyə dəstək vermək barədə qəti qərara gəlib.
Ramiz Mehdiyevin komandasının əsas üzvlərindən olan daxili işlər naziri Ramil Usubovun qudası, Xətai prokuroru Yusif Ildırımzadənin qardaşı, Hava Nəqliyyatında Polis Idarəsinin rəis müavini Rasim Ildırımzadə ilə bağlı Elşad Abdullayevin yaydığı videonun “fövqəlnazir”in nəzarətində olan media quruluşları tərəfindən həvəslə işıqlandırması da bu məlumatların əsassız olmadığını ortaya qoydu.
Bu günlərdə əldə etdiyimiz məlumatlara görə, xüsusilə Ramil Usubov bu məsələdən bərk qəzəblənib. Nazir bu məsələni yaxın çevrəsi ilə müzakirə edərkən Kəmaləddin Heydərovun da adının qalmaqallı işlərdə hallandığını bildirib. Bu sırada Ramil Usubov xüsusilə Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Rail Rzayevin qətlini nümunə kimi göstərib.
Xatırladaq ki, Rail Rzayev qətlə yetiriləndə onunla Kəmaləddin Heydərov arasında baş verən “vertolyot konflikti”ni (“fövqəlnazir” vertolyotla Qəbələyə gedərkən, mərhum general buna mane olmuşdu) əsas gətirilərək bu olayda “fövqəlnazir”in adı hallandırılırdı. Təbii ki, bu Kəmaləddin Heydərovun hakimiyyətdəki rəqibləri tərəfindən edilirdi.
Ramil Usubov da məhz həmin vaxt deyilənləri xatırladıb.
Rail Rzayevin qətlinin ildönümündən bir neçə gün sonra isə bəzi mətbuat orqanlarında yenidən olayda Kəmaləddin Heydərov faktoru qabardılıb.
Bəzi ehtimallara görə, bu “fövqəlnazir”ə hakimiyyət daxilində gedən savaşda tutduğu mövqeyə cavabdır.