«Fövqəlnazir»in özünütənqidə yönəlik kollegiya iclası keçirməməsi PA rəhbərinin hiddətinə səbəb olub
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevi qəzəbləndirib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlara görə, PA rəhbəri ona görə qəzəblənib ki, “fövqəlnazir” digər məmurlardan fərqli olaraq özünütənqidə yönəlmiş kollegiya iclası keçirməyib. Əksinə, Ramiz Mehdiyev məmurlara barmaq silkələdiyi kimi, Kəmaləddin Heydərov da sahibkarları yığaraq onları danlayıb. Bununla da özünün ikinci şəxs olması statusunu təsdiqləməyə çalışıb.
Yeri gəlmişkən, “Azadlıq” ötən saylarında məlumat vermişdi ki, Kəmaləddin Heydərov digər məmurlar kimi kollegiya iclası keçirməyib. Çünki “fövqəlnazir” bu addımı atmaqla Ramiz Mehdiyevin ikinciliyini qəbul etmiş olardı. Kəmaləddin Heydərov isə daha çox özünü bu statusda görür. Yaxud bu statusa iddia edir. Yazdıqlarımız təsdiqini tapmaqdadır. Kəmaləddin Heydərov həqiqətən də digər məmurlardan fərqli mövqe nümayiş etdirərək özünütənqidə yönəlik kollegiya iclası keçirmədi. Əvəzində Ramiz Mehdiyev sayağı bir iclas keçirərək sahibkarları topa tutdu, bəzilərini hədələdi. Özünün hakimiyyətdə söz sahibi olmasını nümayiş etdirməyə çalışdı.
Məlumatlara görə, həmin sahibkarların arasında Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən şəxslər də var. Deməli, “fövqəlnazir”in bu toplantısını Ramiz Mehdiyevin keçirdiyi Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasına cavab kimi də dəyərləndirmək olar. PA rəhbəri də təbii ki, bunu sinirə bilməz. Lakin bəlli deyil ki, Kəmaləddin Heydərova qəzəblənən Ramiz Mehdiyev onu yerində oturtmaq üçün nələri planlaşdırır.
İnformasiya şöbəsi