Ölkənin məmur işğalındakı digər bölgələrindən Qəbələnin fərqi ondadı ki, bizim evimiz göydən yıxılır. Yəni eynəyindən heç nə yayınmayan cənab nazir ova helikopterlə çıxır, elə göydəncə gözünə xoş gələn hər yerin və hər şeyin fitvasını verir. Həmin fitvanın icra olunması zamanı heç bir istisna nəzərə alınmır. Mülkiyyətçilər nə yolla olur-olsun zərərsizləşdirilir və “ərazi” cənab nazirə təhvil verilir. “Nə yolla olur-olsun”a aldadılma, qorxudulma, zor, döyülmə və sair belə humanist üsullar daxildir.
Gün o gün oldu ki, belə bir qorxulu hadisə Qəbələdəki uşaq bağçalarından birinin başına gəldi. Belə ki, şəhərin mərkəzində yerləşən 5 saylı bağçanın geniş sahəli cənnət-məkan həyəti nazirin xoşuna gəlmək səbəbindən “obyektə” “Gilan”dan elçi düşdülər. Sifarişin yuxarıdan gəldiyini duyan bağça əhli nə qədər yalvarıb yaxardısa qarşı tərəf rəhmə gəlmədi. Onsuz da alacağıq dedilər, yaxşısı budur, öz xoşunuzla verin…
Təxminən otuz nəfərlik qadın kollektivinin üzvlərinə məlum üsullarla notarial sənədlərə qol çəkdirdilər. Ortada bir “centlemen” sazişi də oldu ki, yeni xozeyin tərəfdən bağçanın iş həyatına heç bir halda müdaxilə edilməyəcək. Sadəcə, kollektiv “Gilan”dan maliyyələşəcək, vəssalam.
Bağçanın həyətində “Gilan” tez-bazar bağça təyinatlı yeni bir bina da tikdi ki, bağça söhbəti rəsmiləşsin. Bununla birgə “centlemen” sazişinə xırdaca bir qadağa əlavə edildi: Bağçaya uşaq götürülməsin! Yəni bağça olsun, uşaq olmasın! O vaxtdan iki binalı bağça uşaq üzünə həsrət qaldı. Uşaqsız bağçanın işçiləri isə “Gilan”dan minnətli məvacib almaqla dörd il öz köhnə binalarına “işə” gedib-gəlməkdə davam etdilər. “Gilan”ın bahalı, müasir dəbdə döşənmiş – guya imkanlı zümrə üçün nəzərdə tutulan binası isə hələ də qapalı qalıb. Kasıb uşaqlarından danışmırıq, çünki “Gilan Holdinq”in adı olan yerdə kasıbçılıqdan danışmaq artıq söhbətdi…
Yaxın günlərə qədər 5 saylı uşaq bağçası özfəaliyyətini beləcə davam etdirirdi. Amma hər kəsin taleyi ilə barışdığı vaxtda, türkün sözü, kələfin ucu göründü. Daha doğrusu, “Gilan” bağça zəhmətkeşləri qarşısındakı centlemen sazişini unudaraq onlara qapının yerini xatırlatdı. Indi ilin-günün bu vaxtında neçə imkansız qadın xeylağı həyəcanla öz doğma iş yerindən perik düşəcəyi günü gözləyir…
Bəs bu başıbəlalı bağça nəyin nəsi imiş? Söhbət uşaq bağçasından getdiyi üçün bizə də əhvalatı daha sadə dildə nağıl etmək düşər.
Biri vardı, biri yoxdu, sovet hökuməti vaxtı Qəbələdə (o zamankı Qutqaşendə) bir Tütün Fermentləmə Zavodu vardı. Adamlar tütün əkib-becərir və bu zavoda təhvil verirdilər. Tütün çoxaldıqca zavod böyüyürdü, zavod böyüdükcə qazanc çoxalırdı. Onda həmin zavod körpələr üçün uşaq bağçası da tikdi. 1985-ci ildən bəri Qəbələdə həmin bağça TFZ-nin (“tefeze”) bağçası kimi fəaliyyət göstərməyə başladı. Körpə balalar bu bağçada göydə allahın, yerdə TFZ-nin verdiyindən yeyib-içib şənlənir, Lenin baba haqqında şeirlər və digər sərbəst nümunələr öyrənib bayramlarda söyləyirdilər.
Həyat bu minvalla davam edirdi ki, Sovet hökuməti dağıldı. Ölkə bölgə-bölgə, məhlə-məhlə bölünəndə o zamankı gömrük naziri Kamaləddin Heydərov da Qəbələyə yiyələndi. Qədim Qəbələni söküb yenidən yığan nazir Tütün zavodundan piano fabriki qayırdı. Çünki sovet imperiyasından qopub müstəqil iqtisadiyyata qovuşan ölkəmizin daha tütünçülük kimi mənasız itehsala ehtiyacı yox idi. Ondansa siqareti xaricdən almaqla gömrükçülük sahəsini inkişaf etdirmək sərfəliymiş. Vaxta ki, tütün və tütün zavodu yoxdu, Qəbələdə niyə piano fabriki olmasın? Üstəlik, Qəbələdə hər il beynəlxalq musiqi festivalı keçirilirsə, şəxsən cənab nazir (artıq fövqəlnazir) həm də bəstəkardırsa, daha bu piano fabrikinə alqışdan başqa kimin nə sözü ola bilər ki?
Bu günün körpələrinin zatən bağçaya-məktəbə ehtiyacları yoxdu. Onlar körpülərin, işıqforların altında, dükan-bazar qapılarında erkən böyüyürlər. Yaşasın, piano fabriki! Hətta bir az dərinə getsək görərik ki, sovetdənqalma “çörək olsa mahnı da olar” kimi uyğunsuz şüarın yerinə daha məntiqli “piano olsa çörək də olar” aforizmi yaranmaqdadır…