Şəffaf və demokratik ölkəmizin həmişəyaşar “müqəddəs” qanunlarına həsr olunur…
Mənim adım Muraddır. Başqa uşaqlardan fərqli doğulmuşam. Çünki anam məni övlad acısı çəkən dayıma və dayıdostuma görə dünyaya gətirib. Olsun. Mən onları sevirəm. Hamısını. Yetər ki, kimsənin qəlbi qırılmasın.
Dünyaya gələndə ilk eşitdiyim sözləri yadda saxlamaq istəyirdim: “qoy bu sözlər həyat şüarım olsun deyə.” Çığırıb ağlamağımın ardınca bütün kiçik varlığımla həmin sözlərə köklənmişdim ki, həkim xala sevincək dedi: “Şükürlər olsun, əlimizə sağlam mal gəldi”. Elə bildim həkim xala çaşıb “uşaq” əvəzinə mal deyib. Səsimi eşitməsə də düzəliş etmək istəyirdim ki, yenidən ötkəm bir səs eşitdim: “Tərpənin görək, nə qopardırsınız!”… Bu dəfə mən, düzü, qorxudan xırdaca bədənimi yığdım. Amma anamla məni qoyub hər kəs çölə axışanda qopartmaq felinin hələlik mənə aid olmadığını başa düşdüm. Buna sevinə də bilmədim. Çünki bu dəfə qapıda xəbər gözləyən bizimkilərə yazığım gəldi.
Məni çağaların otağına yerləşdirən yaşlı xala üstümə töküb ayırdığı manatlıqları cibinə qoyub ufuldadı: “Alçağın bir donuzu əksikdi, di gəl ki, xadimədən də haqq umur. A buna möhür verənin evi dağılsın!”.
Donuzu əskik olan həmin alçağın xadimə xalanın cibinə girməsinə çox kədərləndim, amma körpələrin yanında belə şeylər danışdığına görə bir az ondan incidim. Nədən ki, dünyaya gəldiyimdən bəri bir xoş söz eşidə bilmirdim.
Anamın yanında keçirəcəyim bircə həftənin dadını çıxartmaq üçün müsbət enerjiyə çox ehtiyacım vardı. Di gəl ki, dünyada bu gücü almaq mümkün deyilmiş. Burada yalnız nəğd alış-veriş gedir. Məsələn, həkim xala maddi vəziyyətimizi nəzərə alıb mənə 200 manat qiymət qoymuşdu. Anamdan əvvəl qız uşağı gətirən anaya başa salanda öz qulaqlarımla eşitdim. Qızlarda az-çox endirim etmək olurmuş. Oğlanlar bineyi-qədimdən bahalıdır. Bax bunun, məni göstərib dedi, əlli manatı birbaşa müdirə gedir. Bu həftə dörd oğlan tutmuşuq, bunun bircə manatı hesabdan yayına bilməz.
O saatca yadıma xadimə xalanın dediyi donuz düşdü. Fikirləşdim ki, həmin o müdir dayı əskiyini niyə düzəltmir görəsən. Bu minvalla az vaxta bütöv ferma almaq olar ki! Pensiyaya çıxanda elə çoxalmış donuzlarla gününü keçirərdi. Nə də olsa, adam qocalanda özünə uyğun yer axtarır.
Evə yollananda məlum oldu ki, xırda-mırda xərcləri də üstünə gəlsək, mənim dünyaya gəlişim bizə təxminən 300-350 manata başa gəlib. Yeni evimdə yeni atam-anam üstümdə nə qədər əssələr də, özümü xəstələnməkdən saxlaya bilmədim. Dünyaya gəlişimlə bağlı keçirtdiyim qorxu və həyəcandan sonra ağır depresyona düşmüşdüm. Amma depresyon varlıların xəstəliyi olduğuna görə ordan dərhal çıxdım. Çünki bizlərin belə “geydirmə” (ifadəmə görə üzr istəyirəm, bu sözün sinonimini tapa bilmədim) problemlərə xərclənəsi vaxtımız və pulumuz yoxdu.
Çox keçmədi ki, əsl maneə ilə qarşılaşıb dünyanın neçə bucaq olduğunu daha dərindən anlamağa başladım. Bu ölkədə kiməsə qarğış eləmək istəyirsənsə bircə an belə fikirləşməmiş deyirsən: “Allah işini hökumətə salsın”. O da ola hökumətin bir neçə idarəsi. Bu daha qarğışlıqdan çıxıb adamın başına ağır bir qapazdır.
Mənim övladlığa götürülmək məsələm üç-dörd hökumət idarəsindən keçməliydi. Atam ilk cəhdlərdən sonra tələb olunan rüşvəti vermək üçün inəyi satmaq məcburiyyətində qaldı. Mən süddən məhrum olsam da, azərbaycansayağı sənədləşmədən sonra övladlıq məsələmin yarısı düzəldi. Qalan yarısı üçün də inəyimizin balasının böyüməsini gözləyirik…