Ad günümlə bağlı ünvanıma çoxlu xoş sözlər deyildi. Bütün məni təbrik edənlərə təşəkkür edirəm. Onların hamısı mənə əziz olsa da, həmkarım Akif Əlizadənin təbrik yazısının sonunda rəhmətlik anamın adını çəkməsi məni daha çox duyğulandırdı və bir daha uşaqlıq illərimə apardı. Yəqin əksər qızlar atalarını sevdiyi kimi, əksər oğlanlar da analarını sevir və hesab edir ki, onun anasından gözəli, ağıllısı, dadlı yemək bişirəni, sevimlisi yoxdur. Mən də onlardan birisi kimi anamı uşaqlıqdan çox sevmişəm. Məktəbdə əlaçı olmağım da onunla bağlı idi. Hər ilin sonunda aldığım tərifnamə onu sevindirdiyindən hər il onu almağa çalışırdım. Səmimi deyirəm, daha çox xoşuma gələn futbol, stolüstü tennis oynamaq, güləşmək, dalaşmaq idi. Məktəbi bitirdikdə də hüquq fakültəsinə qəbul olmaq onun istəyi ilə baş verdi. Oranı da əla qiymətlərlə onu sevindirmək üçün bitirmişdim. 1983-cü ildə hakim seçilən kimi vəsiqəni alıb, dərhal evə, anamın yanına uçdum. Vəsiqəni təqdim edib bir xeyli özümü təriflədim. Vəsiqəni alıb, gülümsəyib, sakitcə “Bala, təbrik edirəm” dedi. 1986-cı ildə məhkəmə sədri vəsiqəsini alanda da eyni addımı atdım. Eyni qaydada təbrik etdi. Sadəcə bu dəfə “bala” sözü əvəzinə “oğlum” dedi. 1989-cu il Azərbaycan Respublikası prokurorluğuna işə düzəlib, kiçik ədliyyə müşaviri formasında şəklim olan vəsiqəni alan kimi sanki uça-uça anamın yanına gəldim. Yenə məni təbrik etdi. Ancaq bu dəfə bəlkə ilk dəfə ondan incidim. Təbriki mən istədiyim kimi olmadı. Axı o dövrlər əksər analar balalarının prokuror olmasını istəyirdi. Onun təbrikində gözlədiyim kimi mənimlə qürur duyduğunu hiss etmədim. Hərçənd ki, onun məni həyatda hamıdan, hər şeydən çox istədiyini, ömrünü mənə həsr etdiyini bilirdim. 1991-ci ildə də artıq ədliyyə müşaviri olduğum vəsiqəni təqdim edəndə də eyni cür oldu. Bu dəfə anamın təhsilsiz olduğundan, xüsusi vurğuladım: ”Ay ana, bu podpolkovnik rütbəsidir”. Cavabı həmişəki kimi (anamı tanıyanlar onun həddindən artıq az danışan olduğunu bilirdilər) qısa oldu: ”Oğlum həyatda hər şey rütbə, var-dövlətlə ölçülmür, əsası insan olmaqdır”. 1993-cü ildə Prezident aparatının işçisi vəsiqəsi də onu təsirləndirmədi. 1994-cü ildə Prezident aparatından qovuldum. Təxminən 6 aydan sonra evə anamın yanına getdim. Hal-əhval tutduqdan sonra yorğun olduğumdan yatmaq istədiyimi bildirdikdə soruşdu: ”Oğlum, heç işinlə bağlı bir söz demədin. Nə işlə məşğulsan?” Sanki utanırmış kimi ”heç, ay ana, vəkilliklə məşğulam” cavabını verdim. İlk dəfə anamın işimlə bağlı sevincini gördüm. Əllərini yuxarı qaldırıb ”Şükür sənə, ay Allah” sözlərini elə ifadə etdi ki, sanki, ən böyük arzusuna çatmışdı. Bunu eşidən kimi “ay ana, bilirsənmi ki, hüquqi savadı olanlar heç bir yerə işə düzələ bilməyəndə vəkilliklə məşğul olurlar?” deyə sordum. Düşünmədən cavab verdi: “oğlum, onu savadsız adamlar elə düşünə bilər. Bundan gözəl işmi olar, həm Allaha xoş gedən işlə məşğul olasan, insanları müdafiə edəsən və həm də buna görə də maaş alasan”. Sonra məni qucaqlayıb dedi, “ancaq bu işində də hamıdan yaxşı olmalısan”. Bu sözləri ilk dəfə məktəbdən sonra mal-qara otarmağa gedəndə də demişdi. Təxminən 4 və ya 5-ci sinifdə oxuyurdum. Qonşularla mal-qara otarmaqdan qayıdanda anam heyvanlara baxıb dedi: “Yadında saxla hansı işin qulpundan tutsan, çalış ən yaxşılarından ol, fərq etməz çoban, yaxud alim olacaqsan”. Düzü vəkilliyə anamın bu cür münasibətini o vaxtlar təhsilsizliyi ilə əlaqələndirdim. Ancaq vaxt anamın müdrik bir insan olduğunu göstərdi. Heç bir işimdə ruhum vəkillikdə olduğu kimi rahat olmamışdı. Ancaq vəkillikdə özümü istədiyim kimi ifadə edə bildim, hər gün işə məmnuniyyətlə getdim.
Bir daha haqqımda deyilən təbriklərə qayıdıram və hesab edirəm ki, o təbrikləri daha çox Anam qazanıbdır. Məhz anam mənə körpəlikdən ən böyük var-dövlətin İnsanlıq olduğunu öyrətmişdir.