Nəqliyyat naziri kollegiya iclasını «Azəryolservis»in rəhbərinin tənqidinə həsr edib
Hələ xeyli müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədovla onun tabeçiliyindəki “Azəryolservis”in rəhbəri Cavid Qurbanovun münasibətlərinin korlandığı barədə məlumat yaymışdıq. Xəbərdə deyilirdi ki, artıq Z.Məmmədov onunla vidalaşmaq qərarı verib. Sadəcə məsələ prezidentin səlahiyyətində olduğundan bu iş bir qədər yubanıb.
Xəbərdə o da deyilirdi ki, nazir işçisilə bağlı bütün koipramatları daha yuxarı orqanlara təhvil verməyə hazırlaşır. Dünən bunun sübutu olaraq daha bir xəbər yayıldı. Belə ki, dünən APA-nın Nəqliyyat Nazirliyindəki kollegiya iclası barədə yaydığı məlumatlardan da görünür ki, nazir Z.Məmmədov iclası demək olar ki, C.Qurbanovun fəaliyyətinə həsr edib. Nazir deyib ki, Azərbaycanda avtomobil yolları və körpülərin saxlanması, təmiri, bərpası, yenidən qurulması ilə bağlı işlərdə çatışmazlıqlar ilk növbədə layihələrin icra müddəti, təmir-tikinti işlərinin keyfiyyəti və yolların mühafizəsi ilə bağlıdır. Nazir bir sıra layihələrin icrası müddətində podratçılar tərəfindən gecikmələrə yol verildiyini diqqətə çatdırıb, həmçinin icra intizamının möhkəmləndirilməsi, nəzarət sisteminin gücləndirilməsi, layihələrin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Yol Istismar Idarələrinin avtomobil yollarının və yol qurğularının cari saxlanma vəziyyətinin lazımi səviyyədə təmin etmədiyini bildirən nazir infrastruktur obyektlərinin mühafizə zolağında qanunsuz tikililərlə bağlı aidiyyəti üzrə tədbirlərin görülməsi üçün də tapşırıqlar verib.
Nəqliyyat naziri bir sıra obyektlərdə görülən işlərin keyfiyyətinin onu qane etmədiyini bildirib və qeyd olunan sahələrdə təsirli tədbirlər görülməsini, işlərin keyfiyyətinin artırılmasını, icra olunan layihələrin bütün mərhələlərdə yalnız yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsini və ciddi nəzarətin tətbiq edilməsini “Azəryolservis” ASC-nin rəhbərliyindən və podratçı təşkilatçılardan tələb edib.
“Azadlıq”a sızan məlumat da o da deyilir ki, Z.Məmmədovun kollegiyadakı qəzəbinin bir səbəbi də bir neçə gün öncəki Gürcüstan səfərilə bağlıdır. Beləki, Gürcüstanın baş nazirinin Azərbaycana səfərindən sonra Z.Məmmədov Bakı-Tiflis-Qars proyektindəki qüsurlara və korrupsiya yükünə görə bərk danlanıb. Bundan sonra nazir işin gedişilə tanış olmaq üçün özü Gürcüstana gedib. Nazir dəmir yolunun tikintisindən tanış olandan sonra deyilənlərin doğru olduğunun şahidi olub və Bakıya qəzələ qayıdıb.