Yaxud Misir variantı istəmiriksə, Gürcüstan variantına baxaq…
İlham Əliyevdən danışırlar… Deyirlər ki, girişib rüşvətin kökünü kəsməyə. Televiziyalar bar-bar bağırır. Analoqsuz antikorrupsiya fəaliyyəti ölkəni işıqlı gələcəyə – Brejnevin xoşbəxt arzular aləminə aparacaq. Hər bir xoşbəxt azərbaycanlı Ilham Əliyevin ölkəni uçurumun başından götürüb irəli aparmasının nəticələrini yaşamaqdadır.
Əslində, Azərbaycan hakimiyyəti Misirdə və Tunisdə baş verən demokratik dəyişikliklərdən təsirlənərək, ölkəni başına götürən korrupsiyanın qarşısını alacağını deməklə ictimai qəzəbi yumşaltmaq məqsədi güdür. Eyni zamanda, bu tədbirlərin birbaşa şərhi də mövcuddur. Bütün dövlət və hökumət orqanlarına vətəndaşları incitməmək tapşırığı verilir və rüşvət aşağı səviyyədə aradan qaldırılır. Amma böyük ticarət obyektlərindən gələn məlumatlarda onlardan “haqq” yığımının davam etdiyi bəlli olur. Deməli, Ilham Əliyev açıq şəkildə etiraf və dərk edir ki, ölkədə qarşısıalınmaz və geridönməz inqilabi şərait var. Bu həqiqət artıq bütün ictimai şüurda birmənalı qarşılanır. Artıq hakimiyyət özünü görməzliyə vura bilmir və əksinqilabi fəaliyyətə başlayıb.
Kimdən başlamaq?
Baş prokuror “rüşvətlə mübarizəyə özümüzdən başlamalıyıq” dedi. Onun bu açıqlamasına müxalifətdən və cəmiyyətin müxtəlif təbəqələrindən, eləcə də “Facebook” və “Twitter” sosial paylaşım istifadəçilərindən dəstək gəldi. Amma hələ də bir prokuror həbs edilməyib. Zakir Qaralovun açıqlaması instinktiv hadisə idi. O, “özümüzdən başlamalıyıq” deməklə “özümüz də rüşvət almışıq” etirafını etdi. Amma nəticələr ortadadır. Yalnız üçüncü kateqoriya məmurlar həbs olunur. Hakimiyyətin mərkəzini qorumaq üçün aşağılar qurban verilir. Gözləniləndir ki, bir neçə icra başçısı və polis rəisi də işini itirsin. Amma bizi dünyadakı monopoliyanın, korrupsiyanın səviyyəsini müəyyənləşdirən cədvəllərin başına məhz Kəmaləddin Heydərovun, Ramiz Mehdiyevin, Ziya Məmmədovun və s. dırmaşdırdığı kimsəyə sirr deyil. Elə Zakir Qaralovun başçılıq etdiyi orqan da, Ramil Usubovun “kontoru” da bu fəaliyyətlə məşğuldur. Amma onlar hələ də özlərini “köklü dağ daşı” sanırlar. Püskürəcək vulkandan xilas olmağın mümkünsüzlüyünü hələ də anlamırlar.
Böyük tıxaclanmaların yaratdığı havasızlığı xırda dəliklərlə kompensasiya etmək mümkün deyil. Buna görə də Azərbaycanda hazırkı siyasi və sosial-iqtisadi durumun real sosial partlayışı əsaslandırdığı şübhəsizdir. Bu partlayışı şərtləndirən monopoliya və inhisarçılığın, məmur özbaşınalığının, polis zorakılığının ideya müəllifləri, icra şefləri hələ də öz işlərindədir. Eyni əmrlər verilirsə, əsgərlərin dəyişməsinin nə əhəmiyyəti var ki?! Deməli, hələ də Zakir Qaralovun dediyi kimi, “özündən başlamaq” ikrah doğuran yalan kimi qalır.
Diktator üçün xilas resepti
Bir tiraniyada “tirana istefa” deyən ilk adam peyda olduğu gündən onun səltənəti yırğalanmağa başlar. Ilham Əliyev isə “Istefa!” şüarını səsləndirənlərin qanı üzərində hakimiyyətə gəldi və atasının diktaturasını davam etdirdi. Dünyada yeni demokratikləşmə dalğasından keçirdiyi narahatlıqlar da onun baş verən olaylara adekvat qiymət və reaksiya vermək imkanında olmadığını, əksinə, çaşqın, geriləyici bir mövqe tutduğunu, bir sözlə, tiraniyasının sonunun yaxınlaşdığını anladığını aydın şəkildə göstərir.
Ilham Əliyevin çevik və ya astagəl siyasətçi olması barədə danışmayaq. Amma onun baş verən hadisələrin əsas məsuliyyət sahibi kimi reaksiyaları diqqəti cəlb edir. Belə ki, o, öz adından sərəncamlar verərək şəxsi anlamda aqressiyanı üzərindən götürmək istəyir. Bu o deməkdir ki, Ilham Əliyev də ölkənin ciddi dəyişikliklərin astanasında olduğunu bilir və özünü hakimiyyətsonrası proseslərə hazırlayır. Yox, əgər o, bu addımları hər hansı siyasi dəyişiklikləri önləmək məqsədilə atırsa, təəssüflə qeyd etməliyik ki, bu həm ölkə, həm də onun özü üçün ciddi fəsadlar doğura bilər. Çünki diktatura rejimlərində etirazlar kütləviləşəndən sonra hakimiyyətin islahatlarla qorunması heç bir effekt vermir. Əksinə, daha da əsəbilik və qarşıdurma meydanı yaradır. Hətta rejimin daha sərt idarə olunmasına cəhd də vəziyyəti gərginləşdirir. Bu durumda diktator islahat etsə də, etməsə də, hakimiyyətini qoruya bilmir. Çünki hadisələrin müəyyən geridönməzlik limitini keçməsi xilas şansını sıradan çıxarır.
Diktatorun müsbət sonuc verə biləcək yeganə islahatı (bu həm də ona qarşı aqressiyanı azaldar və cəmiyyəti gözlənilən arzuolunmaz hadisələrdən qoruyar) hakimiyyəti dinc yolla devr etməsi ola bilər. Bu variantı biz qonşu Gürcüstanda gördük…
Seymur Həzi