Və bu sektorda ixtisarlar hələ də davam etməkdədir
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi yerli və xarici neft şirkətlərində ölkənin əmək qanunvericiliyinə əməl olunmasının səviyyəsinə dair mətbuat konfransı keçirib.
Mətbuat konfransında təşkilatın bir illik fəaliyyətinin hesabatını verən komitə sədri Mirvari Qəhrəmanlı bildirdi ki, ötən il 3 iri layihənin reallaşdırılmasına başlayıblar. Onlardan birinin neft sektorunda çalışan insanların hüquqlarının qorunması ilə bağlı olduğunu deyən M.Qəhrəmanlı vurğuladı ki, Əmək Məcəlləsinin və digər qanunların tələblərinin pozulması nəticəsində minlərlə insan işsiz qalıb. Qeyd edib ki, müxtəlif bəhanələr altında neft sektorunda işçilərin kütləvi şəkildə işdən qovulması halları davam edir. Bu məsələdə daha çox Əmək Məcəlləsindəki 63-cü maddəyə istinad edilir. Belə ki, bu maddə mülkiyyətçinin dəyişməsilə bağlıdır. Mülkiyyətçi dəyişən kimi yeni mülkiyyətçi artıq işləyən fəhələləri işdən qovur. Halbuki, Əmək Məcəlləsində belə addımın atılması nəzərdə tutulmur. Bununla yanaşı neft sənayesi sistemində tərəfsizliyin pozulduğu iddia edilib. Dövlət Neft Şirkətində hakim Yeni Azərbaycan Partiyasına məcburi üzv olmaq xətti davam etdirilir. İşçilərə ayrı-seçkilik münasibəti bəslənilir, hər hansı ixtisar prosesi olanda ilkin olaraq müxalif partiya üzvləri və bitərəflər işdən azad edilirlər.
Ofis əməkdaşları ilə fəhlələrin maaşları arasında birincilərin xeyrinə böyük fərq yaranıb. Ofis əməkdaşları 1500 manata qədər maaş alırsa, fəhlələrin maaşı 700 manatı keçmir. Bundan əlavə, fəhlələrin şənbə günü əvəzi ödənilmədən iməciliyə çıxarılması kimi orta əsrlərə məxsus ənənəsinin davamı deməkdir. Buna etiraz edən fəhlələrə isə “xoşunuz gəlmirsə işdən gedə bilərsiniz” hədə-qorxusu gəlinir: “2012-ci ildə əməyin mühafizə qaydalarının pozulması nəticəsində neft sektorunda 59-dan çox bədbəxt hadisə baş vermişdir. Bu, Təşkilata məlum olan və ya mətbuat vasitəsi ilə əldə olunan faktlardır. Reallıqda isə bu rəqəmlər daha çoxdur. Bədbəxt hadisələrin çox hissəsini müəssisələr gizlədir və ya qeydə almır. 2012-ci ildə Azərbaycanın neft sektorunda həlak olmuş işçilərin sayı 13 nəfər olmuşdur. 2012-ci ildə Azərbaycanın neft sektorunda əmək xəsarəti almış işçilərin sayı 46 nəfər olmuşdur.
Əmək Məcəlləsinin 21-ci maddəsinin 3-cü bəndinin pozulması – İdarə və müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir. Amma ARDNŞ-də insanlar məcburi YAP-a üzv qəbul olunurlar. Bundan başqa, Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyevin İlham Əliyevin namizədliyini irəli sürməsi də qanunsuzdur. Çünki həmkarlarda AXCP, Müsavat və digər müxalifət partiyalarının namizədləri var. Onlar isə İlham Əliyevin namizədliyi ilə razı deyillər”.
Rəhbərlik etdiyi təşkilatın 2012-ci il ərzində neft sənayesində 1420 nəfərə və digər sahələrdə çalışan 200 nəfərə yaxın işçiyə hüquqi yardım göstərdiyini deyən M.Qəhrəmanlı vurğuladı ki, bu istiqamətdə əsas çatışmayan cəhət işçilərin hüquqlarını bilməməsidir. Elə bu üzdən çox zaman işdən uzaqlaşdırılan işçilər özləri ərizələrinə imza atırlar. Ötən il ərzində neft sektorundan 30 min nəfərin ixtisara düşdüyünü deyən M.Qəhrəmanlı bildirdi ki, bu proses hələ də davam edir.
Ötən il təşkilatlarına müraciət edən şəxslərdən 80 yaşlı Oğuz sakini Sədri Süleymanovun adını çəkən M.Qəhrəmanlı bildirdi ki, bu şəxs “Azərsu” tərəfindən pozulan hüquqlarını sona qədər bərpa etmək niyyətindədir. Artıq məhkəmə ona dəymiş ziyanın ödənməsi üçün “Azərsu”ya 10 min manat cərimə kəsib.
Xəyal