Siyavuş adlı yapçı Milli Məclisdəki çıxışında deyib ki, Tofiq Yaqubluyla Ilqar Məmmədov Ismayıllı hadisələrilə bağlı gərginlik başa çatmamış niyə ora gedirlər? Düzgün adamsan, gözlə, vəziyyət sabitləşsin, sonra get. Ilqar Məmmədov da əslində, ora (yəni həbsxanaya – red.) getmək istəyirdi və öz yerini tapdı. Ilqar Məmmədovun yeri əvvəl-axır ora idi. O çoxdan ora getməli idi. Milli Məclisi təhqir etmişdi. Düzdü, bəzi deputatlar ona baş qoşmadı, bəziləri isə onu məhkəməyə vermək istəsələr də, bundan vaz keçdilər. Amma onun yeri əvvəl-axır elə ora olacaqdı”.
“Əvvəl-axır ora olacaqdı”, – yəni biz, dediyi o sözü bağışlamayacaqdıq. Nə isə, bu, hamıya aydın olan məsələdi ki, Ilqarı niyə tutublar. Ona görə bunun üstündən keçək. Adam səmimi adamdı və həbsin səbəbini də açıq-aydın deyib. Sağ olsun. Məni başqa şey narahat edir.
Indi belə çıxır ki, bir yapçı cəmiyyətdə hər kəsin yerini bilir. Kimi hara göndərmək lazımdısa, sonunda onun bilgi təyinatı üzrə oraya da göndərirlər.
Əslində, bu sözlə Azərbaycanda faşizmin artıq tam gücü ilə cəmiyyətin idarə formasına keçidi başlayır. Faşizm istilahının yerinə eyni uğurla “rus sosializmi” də demək olar, çünki mahiyyətdə onları ifadə şəklindən başqa bir şey ayırmır. Sadəcə, sosializm sovet adamlarının yaddaşında aldadıcı olsa da, müəyyən müsbət izlər buraxdığına görə, tam tərsinə assosiasiya yaradan “faşizm” deyirik. Əlbəttə, buna qədər bu formanın epizodik görsənişləri olub, təcrübələr aparılıb və cəmiyyətin susqun reaksiyası onlarda belə fikir oyadıb ki, bu ölkədə idarəçiliyi faşizm üzərində qurmaq olar.
Naxçıvanda bu günəcən həyata keçirilən sınaq-təcrübələr də faşizm məşqindən başqa bir şey deyil və maraqlıdı ki, bunun tam qüvvəsilə işə düşməsi də Naxçıvandan gəldi. Əylis kəndində yazıçı Əylisliyə qarşı həyata keçirilən kitab yandırma aksiyası bütün parametrləri ilə 1933-cü il mayın 10-da Berlində icra edilmiş faşist aksiyasının eynisi idi. Adamların üzləri, sözləri, plakatları və tonqalları 33-cü ildəkindən heç nə ilə fərqlənmirdi.
Siyavuşun dediyi sözlər isə hakimiyyətin olimpindəki zehniyyətin çıxıntısından başqa bir şey deyil və çox qorxulu bir çağa qədəm qoymağımızdan xəbər verir. Buna qədər hansısa cəzalandırmanı müxtəlif maxinasiyalarla, maskalanmış şəkildə həyata keçirirdilərsə, bundan sonra onu Siyavuşun, yəni rejimin ümumiləşmiş obrazının barmağı ilə icra edəcəklər. Çünki o, hamının yerini bilir. Kimin harda olmalı olduğunu dəqiq müəyyən edir və onun barmağı tuşlanan şəxsləri əvvəl-axır o yerə göndərirlər.
Daha bir bənzər əməlin sədası da bu gün elə Naxçıvandan, elə Əkrəm Əylisli ilə bağlı gəlib. Bundan sonra orta məktəbin 9-cu sinfinin ədəbiyyat dərsliyində yazıçı ilə bağlı keçirilməsi nəzərdə tutulan dərslər Naxçıvan məktəblərində sinifdən xaric oxu ilə əvəz ediləcək. Bu qərarı Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev verib. Bu qərara qədər Əylislinin həyat və yaradıcılığı ilə bağlı dörd saatlıq dərs proqramında onun “Ürək yaman şeydir” əsəri tədris edilirdi. Bundan belə isə o dörd saat sinifdən xaric oxuya ayrılacaq.
Çox təbii qərardı. Faşizm, ya elə sosializm həmişə xaricdi, insanlıqdan, bəşərilikdən xaricdi və onların heç birinə ürək lazım deyil. Orada insanların ürəyinin yerində bir əcaib barmaq olur. Siyavuşun barmağı kimi bir barmaq. Oralarda dünya günəşin deyil, bir barmağın başına dolanır.