“Gülər Əhmədovaya pulu verdiyi şəxslərin adlarını çəkməməsi üçün təzyiqlər ola bilər”
Müzəffər Baxışov: «89-cu il göstərdi ki, Xalq hərəkatı yetişirsə, bunun qarşısını cərimələrin artırılması ala bilməz»
Dövlət başçısı Ilham Əliyevin məmurlara xəbərdarlığının və bundan sonra bir neçə icra başçısını vəzifəsindən çıxarmasının cəmiyyətdəki narazılığı sakitləşdirmək niyyəti güddüyü düşünülür. Amma bu addımlardan sonra belə idarəçilik sistemində radikal dəyişikliklərin baş verəcəyi inandırıcı deyil. Mövzu ilə bağlı suallarımızı hüquqşünas Müzəffər Baxışova ünvanladıq.
– Hakimiyyətin addımlarından belə görünür ki, nəsə təhlükə hiss olunur. Artıq hakimiyyətin yuxarı eşelonunda oturanlar da dərk edirlər ki, Azərbaycanı bu şəkildə idarə etmək mümkün deyil. Cəmiyyətdə narazılığın günü-gündən artması, əhalinin əyalətlərdə etirazlara qalxması bir daha təsdiqləyir ki, ölkədə vəziyyət heç də dövlət kanallarının, hakimiyyət ideoloqlarının təsvir etdiyi kimi deyil. Insanlar həqiqətən də hüquqları uğrunda mübarizə aparmaq istəyirlər. Mənim üçün çıxışda maraqlı məqamlardan biri də ondan ibarətdir ki, prezident səviyyəsində etiraf olunur ki, icra başçıları sahibkarları işlədirlər və sonda onların pullarını vermirlər. Belə başa düşdüm ki, dövlət başçısı bilir ki, bu hərəkət Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq kimi dəyərləndirilir. Bu, etibardan sui-istifadə və aldatma yolu ilə başqa şəxsin əmlakını və ya əmlak hüquqlarını ələ keçirməkdir. Kimisə işlədib və sonda onun pulunu verməmək dələduzluq adlandırılır. O cümlədən də icra başçısı kimisə işə gördürübsə və sonda onun pulunu vermirsə, bu, dələduzluqdur. Bunun başqa adı yoxdur. Belə çıxır ki, prezident dələduzlarla birlikdə işlədiyini qəbul edir.
– Müşavirədə məmur övladlarının qudurğan hərəkətləri ilə bağlı müxtəlif fikirlər səsləndi. Amma bu fikirləri adi bir vətəndaş və ya siyasətçi söyləsəydi qəribə görünməzdi. Lakin avtomobillərdə plyonkaların sökülməli olduğu fikrinin dövlət başçısının dilindən səsləndirilməsi nə dərəcədə düzgündür?
– Bu həqiqətən də başa düşülmür. O zaman Heydər Əliyevin də dövründə bu məsələ bir neçə dəfə müzakirə olunmuşdu. Anlaşılmır ki, bu məsələ niyə vacibdir. Görünür, bilmədiyimiz müəyyən məsələlər var. Bildiyimiz isə ondan ibarətdir ki, plyonkalı maşınlara, ümumiyyətlə, toxunulumur. Bu tip maşınlar hətta yol hərəkatı qaydalarını pozsalar da onlara qarşı heç bir tədbir görülmür. Plyonka ilə avtomobili idarə etmək inzibati pozuntudur və bu qanun pozuntusuna Inzibati Xətallar Məcəlləsi ilə cərimə nəzərdə tutulub. Azərbaycanda törədilən qanun pozuntularına baxanda bu formada avtomobili idarə etmək adi hüquq pozuntusudur və dövlət başçısı səviyyəsində buna bu dərəcədə əhəmiyyət verilməsini dərk edə bilmirəm.
Məmur özbaşınalığı azalmayacaq
– Dövlət başçısının bu mesajlarından sonra ölkədəki məmur özbaşınalığının qarşısının alınacağı nə dərəcədə gözləniləndir?
– Mən buna qəti inanmıram. Çünki artıq sərhədlər keçilib. Dövlət başçısı da çıxışında vurğulayır ki, mən hər şeyi bilirəm. Biz də həmişə bunu demişik. Azərbaycan kiçik bir ölkədir. Vəkillər Kollegiyasının üzvüyəm və işimlə əlaqədar daha çox məhkəmələrdə oluram. Mən adi vətəndaş kimi təkcə məhkəmələrdə deyil, digər dövlət orqanlarında baş verən qanunsuzluqları bilirəmsə, bunları prezidentin bilməməsi qeyri-mümkündür. Çünki dövlət başçısı mənim kimi informasiyanı yalnız özü əldə etmir. Prezident müvafiq icra hakimiyyəti orqanının başçısıdır və onun əlində çox böyük xidmətlər var. Bura DIN, MTN və digər nazirliklər daxildir. Bu baxımdan prezident Azərbaycanda baş verən bütün məsələləri bilməlidir. Bilirsə və tədbir görmürsə, bu özü də yaxşı hal deyil. Məmurlar artıq o dərəcədə şişiblər ki, onlara barmaq silkələməklə onların özbaşınalıqlarının qarşısını almaq qeyri-mümkündür. Artıq onlarda bu qanun pozuntusna qarşı bir vərdiş yaranıb. Bir gün Məhəmməd peyğəmbərə gəlib deyirlər ki, bir nəfər xasiyyətini dəyişib. Peyğəmbər deyir ki, desələr ki, dağ yerini dəyişib, inanaram, amma kimsənin xasiyyətini dəyişməsinə inanmaram. Artıq məmurlar da geridönməz yola qədəm qoyublar. Bunun qarşısının alınmasının yeganə yolu Azərbaycanda qanunların dəqiq və dürüst tətbiqinə nail olmaqdır. Bunun hüquqi yolu var. Siyasi vasitələrlə bu özbaşınalıqların qarşısını almaq qeyri-mümkündür. Yüksək vəzifədə oturanlar həm savadlarına görə geridirlər, həm mənəvi aşınmaya məruz qalan şəxslərdilər. Məsələn, Zakir Qaralov kimi şəxsin Azərbaycanın baş prokuroru olması yolverilməzdir və onun qanun pozuntusuna qarşı mübarizə aparacağı inandırıcı deyil. Mən dəfələrlə Azərbaycanda baş verən cinayətlərlə bağlı məlumatlar vermişəm. Amma o şəxs müstəqil heç bir hərəkət edə bilməz. Ona görə belə hallara son qoymaq və ölkədə hüquqi islahatlar keçirmək üçün ilk növbədə müstəqil məhkəmə hakimiyyətinin yaradılmasına nail olunmalıdır. Müstəqil məhkəmə hakimiyyəti olmayandan sonra heç bir effektiv mübarizədən söhbət gedə bilməz. Ədliyyə naziri çıxışında deyir ki, biz hakimləri təkcə savadlarına görə yox, həm də digər keyfiyyətlərinə görə seçirik. Ondan soruşan yoxdur ki, başqa hansı keyfiyyətlərinə görə seçirsən? Imtahan olursa, imtahanda ən yüksək bal toplayan şəxs hakim olmalıdır. Sənin nə ixtiyarın var ki, kiminsə haqqını tapdalayırsan və bəyan edirsən ki, bu şəxslər hakim olacaqlar. Siyasi islahatlarla müəyyən nəticələr əldə etmək mümkündür.
Gülər Əhmədova hər şeyi etiraf etməlidir
– Gündəmin daha bir mövzusu sabiq deputat Gülər Əhmədovanın həsidir. Onun barəsində belə qərar çıxarılmasında dələduzluq maddəsi üstün tutulub. Baxmayaraq ki, Elşad Abdullayevin açıqladığı videolarda Gülər Əhmədovanın mandat alverində vasitəçilik etdiyi açıq görünür.
– Düşünürəm ki, Gülər Əhmədovanın ittiham olunduğu dələduzluq maddəsi düzgün seçilib. Qüvvədə olan Cinayət Məcəlləsinə görə, Gülər Əhmədovanın o hərəkətlərinə görə onu yalnız 178-ci maddə ilə məsuliyyətə cəlb etmək mümkün idi. Bəzi hüquqşünaslar bildirirlər ki, ona rüşvət alma, yəni Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulan ittiham da verilməlidir, mən bunu düzgün saymıram. Çünki rüşvət alma tamam başqa cinayətdir. Burada şəxs xidməti vəzifələrinin icraatı ilə bağlı rüşvət almalıdır. Gülər Əhmədova Milli Məclisin deputatı olub və onun hər hansı bir şəxsi, hər hansı bir dairədən parlamentə deputat seçmək səlahiyyəti yoxdur. O yalnız kimisə aldada və onun etibarından sui-istifadə edə bilər. Təkcə Gülər Əhmədova deyil, digər vəzifəli şəxslər də kiməsə deputat seçdirməyə söz versələr, bu yenə də dəlduzluq kimi dəyərləndirilməlidir. Çünki deputatı həmin seçki dairəsindəki seçicilərin seçmək səlahiyyəti var. Bu baxımdan düşünürəm ki, ona verilən ittiham düzgündür. Amma ona 307.2-ci maddəsi ilə verilən ittihamla razı dyeiləm. Çünki elə düşünürdüm ki, prokurorluğun əlində bu ittihamı sübut edən sübutlar var. Cinayət Məcəlləsinin 307.2-ci maddəsində ağır cinayətin gizlədilməsindən söhbət gedir. Gülər Əhmədova isə cinayət törətmiş şəxsi gizlətməyə cəhd göstərib. Cinayət törədən şəxsin gizlədilməsi isə 307.2 maddə ilə tövsif edilə bilməz. Gülər Əhmədova cinayəti yox, onu törətmiş şəxsi gizlədib.
– Hazırda Gülər Əhmədovanı hansı addım xilas edə bilər. Bəzilərinin fikrincə, Gülər Əhmədova bildiklərini söyləməklə özünü sığortalaya bilər.
– Bəli, əslində kimsə hər hansı cinayəti törədirsə, o, cinayət haqqında hüquq-mühafizə orqanlarına bildiklərini söyləməlidir. Mən hesab edirəm ki, Gülər Əhmədova Elşad Abdullayevdən aldığı pul vəsaitini kimlərəsə veribsə, istintaqa kömək etməli və ən azı bu barədə ifadə verməlidir. Ola bilsin ki, Gülər Əhmədovaya pulu verdiyi şəxslərin adlarını çəkməməsi üçün təzyiqlər ola bilər. Bu, Azərbaycan reallığıdır. Amma artıq Azərbaycan ictimaiyyəti Gülər Əhmədovanın cinayəti üzrə bir həqiqəti qəbul edib ki, alınan pul yüksək post tutan şəxslərə verilib. Yəni qəbul olunur ki, Gülər Əhmədova bu pulu təkbaşına ala bilməzdi. O, dövlət orqanlarında ən yüksək vəzifə tutan şəxslə birləşərək bu pulu alıb.
Cərimələrin artırılması çıxış yolu deyil
– Azərbaycanda məmurların, deputatların və digər ictimai-siyasi xadimlərin şəxsi həyatlarının və görüşlərinin gizli cəhətlərinin onların razılığı olmadan video, audio və foto lentə alınmasını qadağan edən xüsusi qanun layihəsi hazırlanır. Bununla bağlı cəza da tətbiq olunacaq. Belə bir qanun layihəsinin qəbulu niyyətini necə dəyərləndirmək olar?
– Bu, 2009-cu ildə Konstitusiyaya edilən dəyişiklikdə təsbit edilmişdi. Ictimaiyyət buna müəyyən narazılıq bildirmişdi və bəyan olunmuşdu ki, deputatlar və məmurlar ictimaiyyətə açıq olmalıdırlar. Ona görə də onların çəkilməsi qadağan edilməməlidir. Amma sırf şəxsi həyata müdaxilə ilə bağlı müəyyən qadağaların tətbiq olunmasında məntiq var. Bu baxımdan qəbul olunması nəzərdə tutulan qanun Konstitusiyaya uyğun olsa da ədalətli deyil. Çünki dövlət məmurları qanunlarla onlara verilən hüquqdan sui-istifadə etməyə başlayacaqlar. Qanunda şəxsi həyatının çəkilməsində məhdudiyyətlər nəzərdə tutulubsa, onlar digər sahələrdəki fəaliyyətlərin çəkilməsinə də qadağa qoyacaqlar.
– Bundan sonra müstəqil QHT-lərin işinə qanunla ciddi maneə törədiləcək. Milli Məclisin ianələrlə bağlı qanunu sərtləşdirməsini necə qiymətləndirirsiniz?
– Burada məqsəd siyasi partiyaların və QHT-lərin fəaliyyətini nəzarətdə saxlamaqdır. Bu dəyişikliklərin heç biri hüquqa söykənmir və vətəndaş cəmiyyətinin inkişafının qarşısını alır.
– Cəmiyyətdəki narazılıqların qarşısını almaq üçün hakimiyyətin cərimələri artırmaq metoduna üstünlük verməsi nə vəd edir?
– Həqiqətən də son zamanlar Inzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə edilən dəyişikliklər, cərimələrin artırılmasına xidmət edir. Bu yolla cəmiyyətdəki narazılığın, pozuntuların qarşısını almaq mümkün olmayacaq. Burada əsas məqsəd insanları qorxutmaqdır. Əvvəllər inzibati xətaların icrasına əhəmiyyət vermirdilər. Amma son zamanlar siyasi fəallara qarşı tətbiq olunan cərimələrin icrasına məhkəmə icraçıları qoşulub. Öz etirazını bildirən insanları bu metodla yollarından çəkindirmək qeyri-mümkündür. Mənim yaşadığım həyat bunu sübut edir. Ən azı 89-cu il göstərdi ki, Xalq hərəkatı yetişirsə, bunun qarşısını cərimələrin artırılması ala bilməz.
Xəyal