“Onun yerində olsaydım, özümü təhlükəsiz hesab etməzdim”
ABŞ-ın Arizona ştatından olan senatoru Con Makkeyn hesab edir ki, Misir hadisələri digər ölkələrdə də demokratiya və insan haqları hərəkatını genişləndirəcək. O bildirib ki, Rusiya və Çin kimi ölkələrin rəhbərliyi bu barədə düşünməlidir. «Əminəm ki, Misir və Yaxın Şərqlə bu iş bitməyəcək. İnsan haqları universal məsələdir, ona görə də yaxın vaxtlarda digər ölkələrdə baş qaldıran demokratik hərəkatların şahidi olacağıq» – deyə Makkeyn CBS News-a müsahibəsində bildirib.
«Bu dəyişikliklər dalğası bəzi dövlətlərin rəhbərlərini dərindən düşündürməlidir. Mübarəkin devrilməsindən sonra Putinin yerində olsaydım, Kremldə «KQB» dostlarımın ətrafında özümü o qədər təhlükəsiz hesab etməzdim».
Makkeyn Çində də oxşar vəziyyətin olduğunu qeyd edib: «Bir milyard adamın taleyini idarə edən Çin prezidentinin yanında özümü təhlükəsiz yerdə olduğu kimi hiss etməzdim».
Senator İran və Suriyada hadisələrin daha amansız xarakter alacağını da deyib.