«Krunk»a pul verməyənlər «ölüm siyahısı»na salınmışdı
Boşqab dibi yalayanlar üçün vətənpərlik dərsi
Moskva, 1988-ci il, 25 oktyabr
Məhkəmə səhər saat 10.10 dəqiqədə başlayır. Vəkil Şapaşnikova vəsatətlə çıxış edir. O, məhkəməyə məlumat verir ki, o və digər vəkil Ruştuni ittiham aktını proses başlayandan bir gün əvvəl almışlar: “Biz sadəlövhlük etmişik, elə düşünmüşük ki, məhkəmənin gedişində işlə tanış ola bilərik. Biz bu gün fakt qarşısında qalmışıq. Amma məhkəmənin gedişində bizim işlə tam tanış olmaq imkanımız yoxdur. Iş doqquz cilddən və 100 səhifədən ibarətdir. Işlə tanış olmaq üçün bizə üç gün vaxt verməyinizi təklif edirik”. Ittiham olunanların vəkilləri erməni tərəfin təklifinə qarşı çıxmadıqlarını bildirirlər.
Prokuror da vəsatəti müdafiə edir. Məhkəmə yerində məsələni müzakirə edib qərar çıxarır. “Vəkillər Ruştuni və Şapaşnikovanın təklifi qəbul edilsin”. Məhkəmədə üç gün fasilə elan olunur.
Bakı, 2010-cu il vəkil Ə. Abdullayevin müsahibəsindən…
“…- Istintaq qrupunda erməni yoxdu, amma azərbaycanlılar var idi, məsələn Siyavuş Hacıyev, Niyazi Süleymanov və başqaları. Onlar yaxşı müstəntiqlər idi. ”Qriqoryan işi”nin müstəntiqlərindən olublar. Qayıdaq Moskva işinə, biz əvvəlcə məhkəmənin harada keçiriləcəyini bilmirdik. SSRI Ali Məhkəməsi işi icraata qəbul edəndə SSRI Ədliyyə Nazirliyi Azərbaycan Ədliyyə Nazirliyinə vəkil göndərmək üçün müraciət etmişdi. Əslində, SSRI Ali Məhkəməsi işi birinci instansiyada öz icraatına qəbul etməklə millətlər arası münasibətləri daha da qızışdırdı. Çünki işə qanuna zidd baxıldığından, bu, Azərbaycanda etirazla qarşılandı. Qayıdaq söhbətimizin əvvəlinə, o zaman üç vəkil – Aleksandr Ivanoviç Yaşini, Züleyxa Sadıxovanı və məni Ali Məhkəmənin sədri Hüseyn Talıbovun qəbuluna dəvət etdilər. Yaşin Əhməd Əhmədovun, Züleyxa Sadıxova Ismayılovun, mən isə Cəfərovun vəkili idim. Hüseyn müəllim bizi Vəkillər Kollegiyasının sədri Salmanovun iştirakı ilə qəbul etdi. Hüseyn Talıbov bizə məsləhət verdi ki, emosiyalara, siyasi məsələlərə qapılmayaq, yalnız müdafiə işlərinə diqqət yetirək. Bu məqamda mənim gözümə onun masasının üzərində Moskvadan göndərilən məktub sataşdı. Məktubun sonunda “Iş SSRI Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzarəti altındadır” yazılmışdı. Onda anladım ki, məsələ ciddidir. Beləliklə, təyin olunmuş vaxtda Moskvaya getdik, bizə mehmanxanada yer verdilər və Ismayılovla Cəfərovun işi başa çatana qədər orada qaldıq. Elə oldu ki, bu iki nəfərin işində ziddiyyət olduğundan yenidən istintaqa qaytarıldı və onlara Bakıda şərti cəza verildi. Belə olduqda Əhməd Əhmədov qaldı. Bir məqamı vurğulayım ki, istintaq və məhkəmə dövründə Əhmədovun üç vəkili olmuşdu. Ivannikov, sonra vəkil Kərimov, Yaşin isə üçüncü vəkil idi”.
Bakı, 2011-ci il 12 fevral…
“Güllələnəcək dörd adamdan biri mən olmalıydım”
Afaq Bəşirqızı: “Evimdə 21 erməni gizlətmişdim”
1988-ci il Sumqayıt hadisələrinin iştirakçıları olmasaq da, o zaman baş verənlərə görə hamımıza pay düşür. Ən azı ona görə ki, ermənilər bu hadisələri bizim millətin onlara qarşı vəhşiliyi kimi qələmə verib bizi dünyaya vəhşi millət kimi tanıtdırmaq amacından hələ də əl çəkməyiblər. Biz hər birimiz həm də ona görə suçluyuq ki, üstündən 23 il keçməsinə baxmayaraq Sumqayıtda o zaman nələrin baş verdiyini, kimlərin bu ssenarinin arxasında dayandığını hələ də tam dəqiqliyi ilə araşdırmamışıq. Biz həm də ona görə suçluyuq ki, 24 yaşlı Əhməd Əhmədov bu hadisələrin təşkilatçısı kimi ermənilərin diqtəsi, özümüzünkülərin saymazyana davranışı nəticəsində güllələnib…
Afaq Bəşirqızına nə qədər pul təklif ediblər
Bizim araşdırmamız zamanı ortalığa xeyli maraqlı məqamlar çıxıb. Məsələn, məlum olub ki, Azərbaycanın xalq artisti Afaq Bəşirqızı məhz Sumqayıt hadisələrinə görə üzünmüddətli istintaqa cəlb olunub və o, güllələnməyə dörd namizəddən biri olub. O zaman Sumqayıt teatrında çalışan aktrisanın “suçu” nə olub? Afaq xanım hansısa erməninin öldürülməsinə, yaxud evinin yağmalanmasına fitva veribmi?
Özünün dediyinə görə hadisə baş verəndə çəkilişdən təzə qayıdıbmış: “Şəhər partiya komitəsinin birinci katibi Cahangir Müslümzadə məzuniyyətdə idi, zəng edib dedilər ki, Afaq xanım, şəhərdə qarışıqlıqdır, bütün ziyalılar burdadır, sizin də köməyiniz lazımdır”.
– Sizə Sumqayıt şəhər partiya komitəsinin ikinci katibi Mələk Bayramova zəng etmişdi?
– Bəli, Mələk xanım da oradaydı. Mən getdim, doğrudan da ara qarışmışdı, dəhşət idi, meydanda çoxlu insan vardı. Mən belə şeyə həyatımda rast gəlməmişdim. Deyirdilər, “bizi belə dağıtdılar, nə bilim başımıza belə oyun açdılar”. Onda mən bu fikirlərin nə dərəcədə doğru olub-olmadığının fərqinə varmırdım, ancaq bircə şey haqda düşünürdük: kütlənin qabağını necə saxlamalı? Qışqırırdılar, “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi”, “Qarabağ bizimdir, ermənilərə ölüm!”, bir sözlə, çox böyük xaos idi. Sosialist Əməyi Qəhrəmanı Zəminə xanım, icraiyyə komitəsinin sədri Təvəkkül müəllim (Təvəkkül Məmmədov bir müddət Sumqayıt şəhər icra hakimiyyətinin başçısı da işləyib-red.) də ordaydı, komsomolun birinci katibi də, nə isə biz ancaq camaatı sakitləşdirməyə çalışırdıq. Axşam saat 7.30 radələrinə qədər kütləni sakitləşdirə bildik və biz xeyli adamı oradan uzaqlaşdırdıq. Amma çox fəal adamlar vardı, bunları heç cür sakitləşdirə bilmirdik. Hətta kütlənin müəyyən hissəsi mənim sözümə qulaq asdığı üçün onlar əsəbiləşirdilər. Onda “Bəxt üzüyü” tamaşasına görə məni həddindən ziyadə çox istəyirdilər. Kütlənin bir hissəsinin sözümə qulaq asmasından qara paltoda, o vaxt dəbdə olan şotland şarfında olan adamlar daha çox hirslənirdilər. Sonra bir erməni tutuldu, onun da əynində qara palto, boynunda həmin şarfdan vardı. Erməni raykomun binası ilə üzbəüzdəki mədəniyyət evinin yuxarı mərtəbəsində həmin hadisələri çəkən zaman tutulmuşdu. Uşaqlar onu milisə təhvil vermək istəyirdilər ki, fotoları nə məqsədlə çəkir, kim onu meydana göndərib. Iki qara paltolunu uşaqların əlindən alıb sonra vurub aşağı atdılar. Görünür məsələnin üstünün açılmasını istəmirdilər. Çox qəribə və müəmmalı şəkildə onun əlindəki fotoaparat da yoxa çıxdı.
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala