Əliyevçi rejimin “antikorrupsiya şousu”nda yeni dalğa başlayıb. Hakimiyyətin guya, rüşvətlə mübarizədə siyasi iradə ortaya qoyduğunu deyəndən və buna görə şəxsən Ilham Əliyevə dönə-dönə təşəkkür edəndən sonra rejim mirzələri, buyruqquluları bir qayda olaraq əlavə edirlər: “Artıq növbə xalqındır…”
Yəni, hakimiyyət rüşvət almaqdan imtina edir, indi gərək xalq da özündə iradə tapıb rüşvət verməsin. Guya, xalqın rüşvət verməkdən ötrü ürəyi gedir. Guya, xalq rüşvəti kefindən verir. Guya, xalq pulunun dəlisidir.
Əslində, bunların məqsədi aydındır: bir-iki aya şou bitəcək, hər şey əvvəlki vəziyyətə qayıdacaq, əvvəlkindən də pis olacaq bəlkə. Və o zaman irtica yandaşları bir-birinin ağzına tüpürübmüş kimi təkrarlayacaqlar: “Ilham Əliyev neyləsin e? Iradə ortaya qoydu, rüşvəti yığışdırmağa çalışdı, amma xalq bunu istəmədi”.
Bəli, bunların fikri rüşvəti, korrupsiyanı yığışdırmaq-filan deyil. Oturduqları budağı kəsəcək halları yoxdur. Sadəcə, ərəb ölkələrindəki inqilab dalğasından altlarını batıraraq, qorxuya düşərək xalqın heydərçi sistemə nifrətini və qəzəbini yatırmaq üçün prosesi başlamışdılar. Indi belə görünür, prosesi “xalq rüşvət vermək istəyir, biz neyləyək?” qənaəti ilə bitirmək istəyirlər.
Plastilin məsələsi
Madam ki, söhbət bu yerə gəldi, mən indi irtica mirzələrinə, Əliyevin buyruqqulularına xalqın plastilin olması haqqında danışmaq istəyirəm.
Bəli, xalq plastilindir və siz ondan nə istəsəniz, düzəldə bilərsiniz. Bu fikrimizi sübut etmək üçün tarixdən çoxlu nümunələr gətirmək olar. Amma uzağa getməyə ehtiyac yoxdur. Biz bunu “necə oldu ki, ölkənizdə rüşvətin kökünü kəsə bildiniz?” sualına “mən özüm rüşvət almadım” cavabını verən Saakaşvilinin timsalında daha aydın gördük. Şevardnadzenin qorxaq və mütiyə çevirdiyi, həyatını rüşvətsiz və yalansız təsəvvür etməyən, Şevardnadze hakimiyyətdən gedərsə, Gürcüstanın xəritədən silinəcəyini düşünən, qiyamətin qopacağını fikirləşən, eynən bizim kimi “bunlar yeyib doyublar, gələnlər bunlardan da pis olacaq” məntiqi ilə yaşayan gürcü xalqından Saakaşvilinin necə islahatçı, demokratik dəyərlərə sayğılı, öz haqlarını kimsəyə güzəştə getməyən bir xalq düzəltdiyi hamının gözü önündədir.
Bəli, cənab yaptokratlar, havayı yerə özünüzə əziyyət verib xalqı günahkar çıxarmağa hazırlaşmayın. Əgər bu gün o doğrudan da sizin düşündüyünüz kimi, rüşvət verməyə meyllidirsə, səbəbkarı yenə sizsiniz. Durna başçısına görə düzlənir.
Bu gün gürcülər rüşvət vermir, çünki Saakaşvili rüşvət almır. Eyni məntiqlə, bu gün azərbaycanlılar rüşvət verirsə, deməli…
Söz verin ki, cibimə nəşə atmayacaqsınız, arxasını da yazım.
Xeyri yoxdur, adam padşahları sevir də…
Dünən “ana müxalifət” (bütün analardan və müxalifətçilərdən üzr istəyirəm) lideri Sabir Rüstəmxanlı Türkiyədən sevinə-sevinə bizim jurnalistlərə zəng eləyib, deyib ki, baş nazir Ərdoğanla hansısa açılışa qatılıblar, birgə qırmızı lent kəsiblər.
Ilk baxışda burada qəribə heç nə yoxdur. Nə qədər sevməsəm belə, hər halda, Ərdoğan Ilham Əliyev deyil ki, bütün qırmızı lentləri təkbaşına kəssin. Mənə qəribə gələn Sabir Rüstəmxanlının Ərdoğanla birgə qırmızı lent kəsməsindən bu qədər sevincək olmasıdır.
Niyəsini deyim. Iki il əvvəl həmin bu Sabir bəy ailə üzvlərinin adının Türkiyədəki məşhur “Ergenekon” ittihamnaməsinə daxil edilməsinə görə əsib-gurlamırdımı? Əsib-gurlayırdı. Ərdoğana “Atatürkün qurduğu Cümhuriyyətin düşməni” deyib yeri-göyü inlətmirdimi? Inlədirdi. Onu Türkiyə ordusunun qüdrətini zəiflətməkdə, Türkiyənin dünyəvi dövlətçiliyini təhdid etməkdə, qardaş ölkəni Irana çevirməyə çalışmaqda günahlandırmırdımı? Günahlandırırdı.
Bəs indi nə baş verib ki, Sabir bəy haqqında bu qədər irəli-geri danışdığı biri ilə eyni açılışa qatılmasından, onunla birgə qırmızı lent kəsməsindən bunca sevincək olub?
Bu sualın cavabı çox sadədir: Sabir Rüstəmxanlı təbiəti etibarı ilə şahsevəndir. Qəlbi həmişə sarayla döyünür. Onun Azərbaycandakı bütün prezidentlərin göz bəbəyi, sevimlisi olmasının sirri də bunda gizlənib. Vəssalam.