Elçin İsmayıllı: «Jurnalist olduğum üçün mənim həbsim səs-küy sala bilərdi deyə, əvəzində qardaşımı həbs etdilər»
Ismayıllı hadisələrilə bağlı heç bir jurnalist həbs olunmayıb. Amma “Azadlıq” qəzetinin müxbiri Elçin Ismayıllı hadisələrin ilk anından hədəfə alındığını və həbsin bir addımlığında olduğunu bildirir. Elçin “Azadlıq” radiosuna deyib ki, ona qarşı müxtəlif addımlar atılıb.
Məsələn, təklif ediblər ki, yanvarın 23-də və 24-də rayonda baş verənləri sosial şəbəkələrdə yaymasın, digər kütləvi informasiya vasitələrinə ötürməsin: “Mənə rüşvət təklif etdilər ki, bu hadisələri işıqlandırma, kənarda dur, seyrçi ol. Dedilər, baş verənləri sosial şəbəkələrdə yaymağı dayandır. Bundan başqa, Bakıdan hüquq müdafiəçiləri və jurnalistlərin səfəri də rayon rəhbərliyinin xoşuna gəlməyib”.
Jurnalistin dediyinə görə, hədə-qorxu və şirnikləndirici təkliflər fevralın 4-dək davam edib, bundan sonra taktika dəyişib: “Jurnalist olduğum üçün mənim həbsim səs-küy sala bilərdi deyə, əvəzində qardaşımı həbs etdilər. Fikrimcə, bu, mənim fəaliyyətimlə bağlıdır. Indi baxıram ki, mənə qarşı təhdidlər, təzyiqlər səngiyib. Hesab edirlər ki, bununla artıq məni susdurublar”.
“Oğluma 10 il də iş versələr, geri duran deyilik”
65 yaşlıÿ Salman Ismayıllıÿda ailəsinə son təzyiqləri oğlu Elçinin jurnalist fəaliyyətinə bağlayır. O da təzyiqləri oğlunun rayonda baş verən hadisələri anında sosial şəbəkələrdə, mətbuatda işıqlandırması ilə əlaqələndirir: “Ismayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayevin mənə münasibətindən belə anladım ki, ailəmizdən Elçinin qisasını alır. Jurnalist olduğundan ona bir şey edə bilmədilər. Əvəzində o biri oğlumu tutdular. Ailənin üzdə olanı Elçindir. Bu həbs ona və mənə qarşı təhdiddir. Bunların hamısı rayon rəhbərliyi tərəfindən aparılır. Bununla bizi sındıra bilməyəcəklər. Oğluma lap 10 il də iş versələr, geri duran deyilik”.
Ismayıllı rayon Polis Şöbəsinin rəisiÿ Nizami Qocayevÿ ata və oğulun dediklərini qəbul etmir. O, Elçin Ismayıllının qardaşı Elşənin aksiyada iştirakına və yol verdiyi qanunsuzluqlara görə həbs edildiyini bildirir: “O, həmin hadisələrdə iştirak edib, oradan görüntü var. Onu biz eləmirik, istintaq qrupu var – onlar aparırlar. Elçinin nəyinə görə onun qardaşını həbs etməliyik? Elçin onsuz da neçə illərdir burada istədiyini edir. Elçin kimdir ki? O, çox böyük fiqurdurmu ki, ona görə burada nə isə olsun? Deyilənlər absurddur. Bunun hamısını o, özü uydurur”.
Hüquq müdafiəçisi Elçin Behbudov isə deyir ki, jurnalist Elçin Ismayıllınınÿsöylədikləri həqiqətdirsə və qardaşını ona görə həbs ediblərsə, bu, ciddi qanun pozuntusudur: “Kimisə susdurmaq, təzyiq göstərmək üçün onun qardaş-bacısından, ata-anasından qisas almaq qanun pozuntusu olmaqla yanaşı, həm də cinayətdir”.
Elçin Ismayıllıÿdeyir ki, hazırda ona qarşı açıq təzyiqlər olmasa da, izləndiyini hiss edir: “Hiss edirəm ki, məni izləyirlər. Göz qoyurlar ki, hara gedirəm, kiminlə görüşürəm. Bundan başqa, fəallar var, onları da təhdid edirlər ki, mənimlə oturub-durmasınlar”.
Elçin Ismayıllı 2011-ci ildən jurnalistikadadır və elə həmin vaxtdan “Azadlıq” qəzetinin bölgə müxbiri çalışır. O, Ismayıllı hadisələrində bir çox foto və videoların müəllifidir.