Kreml analoji proseslərin Azərbaycanda da təkrarlanacağından narahatdır
Eldar Namazov: « MDB məkanında ciddi dəyişikliklər üçün həssas ölkələr Rusiya, Azərbaycan və Ermənistandır»
Tanınmış “Stratfort” Mərkəzi Misirdəki hadisələrin hələ son olmadığını proqnozlaşdırır. Mərkəzin ekspertləri düşünürlər ki, Ərəb dünyasının qapısı olan Misirin dəyişməsi zəncirvari reaksiya şəklində bütün ərəb dünyasını əhatə edəcək. Bu fərziyyəni regionda Misirin yetərincə böyük nüfuza sahib olması da gücləndirir. Rusiya mətbuatı isə Misirdəki hadisələri şərh edərkən əsas diqqəti Cənubi Qafqaza yönəldir. Bir sıra qəzetlərdə gedən məqalələrə görə, Kreml Azərbaycan və Ermənistanda eyni hadisələrin təkrarlanacağından narahatlıq keçirir. Belə ki, Azərbaycan və Ermənistanda demokratiya və insan haqları ilə bağlı problemin yaşanmasının fonunda cəmiyyətdə ciddi narazılığın olması Misirdəki olayların ölkəmizdə də təkrarlanması üçün zəmin yaradır.
Politoloq Eldar Namazovun fikrincə, hazırda ərəb dünyasında baş verən proseslər bir müddət əvvələ qədər unudulan elmi ziddiyyəti yenidən gündəmə gətirib. Söhbət Frensis Fukuyama ilə Samuel Xantinqtonun nəzəriyyələrindən gedir. SSRI dağıldıqdan sonra tanınmış amerikalı filosof F.Fukuyamanın “Tarixin sonu” kitabını yazdığını deyən E.Namazov bildirdi ki, bu kitabda irəli sürülən fikrə görə, sovetlərdən sonra artıq dünyada ideoloji sahədə aparılan mübarizə sona çatmış sayıla bilər: “Fukuyamaya görə, SSRI-dən sonra dünyada bir idarəçilik üsulu qalır ki, o da demokratiyadır. Demokratiya isə özündə insan haqlarının müdafiəsini və normal hüquqi cəmiyyətlərin yaranmasını nəzərdə tutur. Və bu kitabda vurğulanır ki, hər bir fərd irqindən, milliyyətindən, dinindən asılı olmayaraq demokartik cəmiyyətdə yaşamaq istəyir. Yəni hər bir insan gec-tez özü-özünə demokratiya idarəçiliyi quracaq. Amma zaman keçdikcə daha bir nəzəriyyə meydana gəldi. Bu nəzəriyyəni Samuel Xantinqton ”Mədəniyyətlərin toqquşması” kitabında ortaya qoydu. Burada isə vurğulanırdı ki, Qərb həmişə Qərb, Şərq isə həmişə Şərq olaraq qalacaq və hər mədəniyyətin özünə xas formada idarəçilik üsulu var. Yəni demokratik ideyalar dünyanın bir hissəsində qalib gəlsələr də onlar böyük coğrafiyaya yayıla bilməyəcəklər”.
Ikinci ideyanın möhkəmlənməsinə bir sıra müsəlman ölkələrində yaradılan avtoritar quruluşların səbəb olduğunu deyən E.Namazov bildirdi ki, zaman-zaman Türkiyənin, Yaponiyanın özünə demokratiyanı seçməsi isə bir istisna kimi qəbul olunurdu. Amma hazırda ərəb dünyasında baş verən proseslərin yenidən F.Fukuyamanın haqlı olduğunu ortaya qoyduğunu söyləyən E.Namazov qeyd etdi ki, Tunisdə, Yəməndə, Misirdə baş verən dəyişikliklər demokratiyanın yalnız xristian dünyasına aid dəyər olmadığını sübut etdi: “Ərəb dünyasında baş verən dəyişikliklər demokratiyanın universal dəyər olduğunu sübut edir. Bir daha təsdiqləndi ki, baxışından, dinindən asılı olmayaraq hər bir insan hüquqi, korrupsiyasız, demokratik cəmiyyətdə yaşamaq istəyir. Əslində hazırda ərəb dünyasındakı proseslərin bir ”domino” effekti verərək digər ölkələrə də sirayət etməsi real görünür.
Ərəb dünyasını iki düşərgəyə bölmək olar. Birinci düşərgədə dinin hökmran olduğu dövlətlər təmsil olunubsa, ikinci düşərgədə dünyəvi quruluşa malik, amma avtoritar idarəçilikdə olan dövlətlər gəlir. Məhz dünyəvi dövlətlərdə bu prosesin baş verməsi təsadüfi deyil. Çünki onlar dünyaya açıq ölkələrdir və dünyanın bu dövlətlərə təsiri böyükdür”.
Amma dəyişikliklərin bir müddət sonra ərəb dünyasının dünyəvi dövlətlərindən dini dövlətlərinə də keçəcəyini düşünən E.Namazov vurğuladı ki, çünki insanlar əvvəlki idarəçilikdə yaşamaq niyyətində olmadıqlarını artıq bəyan ediblər. Növbədə isə avtoritar rejimlərin daha sıx cəmləşdiyi MDB məkanının gəldiyini deyən E.Namazov qeyd etdi ki, bu baxımdan MDB-də ciddi dəyişikliklərin baş verməsinə daha həssas ölkələr Rusiya, Azərbaycan və Ermənistandır.
MDB məkanında demokratikləşmənin birinci dalğasının Ukrayna və Gürcüstanda ciddi dəyişikliklərə səbəb olduğunu xatırladan politoloq qeyd etdi ki, indi sıra ikinci mərhələnindir: “Bir vacib məqamı qeyd etmək lazımdır ki, Misirdəki, Tunisdəki kimi sosial partlayışın siyasi tələblərlə əvəz olunması üçün bir sıra amillərin eyni zamanda üst-üstə düşməsi gərəkdir. Yəni cəmiyyətlər özləri radikal dəyişikliklər üçün yetişməlidir. Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri özlərini dünyadan kənar saymasınlar. Əgər artıq demokratik dəyər Afrikanın Kot-Divuar kimi ölkəsi üçün prioritet təşkil edirsə, vətəndaş cəmiyyəti güclü, xalqı ağıllı olan, amma idarəçiliyi adekvat olmayan Azərbaycan üçün bu hüquq yad deyil. Ölkəmizdə də proseslərin başqa inkişaf yolu yoxdur”.
Xəyal