Vergilər naziri Fazil Məmmədov və baş gömrükçü Aydın Əliyev büdcənin cari xərclərini ödəmək üçün nə etməyi düşünür?
Azərbaycan hakimiyyətinin antikorrusiya şousu bəzi məmurları çıxılmaz vəziyyətdə qoyub. Bu sırada, xüsusilə vergilər naziri Fazil Məmmədovla, dövlət gömrük komitəsinin sədri Aydın Əliyevin adını çəkmək olar. Söhbət ondan gedir ki, dövlət başçısı Ilham Əliyev büdcənin cari xərclərini ödəməyi məhz adıçəkilən məmurların boynuna qoyub ki, bu məbləğ 7 milyard manatdan artıqdır.
Fazil Məmmədov mətbuata açıqlamasında bu faktı təsdiqləyib: “Artıq vergi orqanları proqnozun icrası ilə deyil, ölkə prezidentinin tapşırıq verdiyi kimi dövlətin cari xərclərinin ödənilməsi üçün daxilolmaları təmin etmək üçün bütün qüvvələrini səfərbər edəcək. Cari xərclər illik 7 mlrd. manatdan artıq təşkil edir ki, bu da hazırkı vergi daxilolmalarından təqribən 2 dəfə çoxdur. Bu məbləğ Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə təmin olunmalıdır”.
Azadlıqa daxil olan məlumata görə, Ilham Əliyevin bu tapşırığından xüsusilə Fazil Məmmədov təşvişə düşüb. Çünki Ilham Əliyevin tapşırığını yerinə yetirmək üçün qeyri-leqal “vergi”lər leqallaşdırılmalıdır. Yəni, Vergilər Nazirliyi qanuna müvafiq qaydada vergi yığımına başlamılıdır. Bu isə mümkün deyil. Ona görə ki, artıq nağd hesablaşmadan istifadə edən bütün obyektlərdən bir illik “vergi” yığılıb. Indi həmin obyektlərdən qanuni vergi yığılmalıdır ki, bu da sahibkarların ciddi narazılığına səbəb olacaq.
Məlumata görə, vəziyyətdən çıxış yolu kimi qeyri-leqal vergi yığımına nəzarət edən audit idarəsinin rəhbərliyinin məsuliyyətə cəlb olunacağı qərara alınıb. Bu addım ona görə atılır ki, sahibkarlar verdikləri qeyri-leqal vergini geri tələb etdikdə, “bu, qanunsuz idi və bu pulları sizdən yığan şəxs həbs olunub, gedin ondan alın” deməklə onları susdura bilsinlər.
Aydın Əliyevə gəlincə, gömrük komitəsinin sədri dövlət başçısının tapşırığını yerinə yetirmək üçün gömrükdə “şapka”nı iki dəfə artırmalıdır. Çünki bundan əvvəl yığılan “şapka” təyinatı üzrə ciblərə axıdılıb. Özü də bunu etməlidir ki, narazılıq yaranmasın. Yeri gəlmişkən, bu fakt Ilham Əliyevin korrupsiyaya qarşı mübarizədə səmimi olmadığının bariz nümunəsidir. Təsəvvür edin, bir tərəfdən korrupsiyaya qarşı mübarizə aparmaq barədə göstəriş verilir, digər tərəfdən isə gömrükdə şapkaların artırılması üçün əsas yaradır.
İnformasiya şöbəsi