Rahat, sakit yaşamaq üçün başqa formul tapmalıyıq
Rövşən Hacıbəyli
Hörmətli cənab Prezident. Çoxdandır məktub yazmırdım, ancaq yazmasaq da, olmur. Ölkədə problemlər çoxdur, hələlik onların ikisi haqda sizə siqnal vermək istəyirəm, ümidsiz də olsa…
Bizim ölkədə sorğuya cavab almaq çox çətindir. Hər kəs olduğu yeri şəxsi mülkü sayır, kiməsə cavab verməyə özünü borclu bilmir. Əslində, onları başa düşmək də olar, illərlə eyni vəzifədə qalanda adam özünü əvəzolunmaz, həm də əbədi sayır. Məsələn, bu il mayın 10-da sizin bir sərəncamınızla bağlı Mədəniyyət Nazirliyinə sorğu yollamışam. Yəqin, xatırlayarsız, ötən il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin 2024-cü ildə qeyd olunması ilə bağlı sərəncam imzalamışdınız, eyni zamanda, həmin sərəncamla bağlı müxtəlif qurumlara tapşırıq verilmişdi:
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin”.
Mən də layiqli vətəndaş, həm də sərəncamların icrası ilə maraqlanan jurnalist kimi Mədəniyyət Nazirliyinə sorğu göndərib M.Rəsulzadənin 140 illiyi ilə bağlı tədbirlər planını istəmişəm. Aradan 4 aydan çox vaxt keçir, hələ də cavab yoxdur. Heç 140 illik yubileylə bağlı dövlət səviyyəsində hansısa tədbir də gözə dəymir, nəsə keçirilsəydi, ən azı sizin adınızı hallandırmaq üçün AzTV-lər onu efirə verərdi. Görünür, plan yoxdur, plan yoxdursa, tədbir də yoxdur. Bu da o anlama gəlir ki, tapşırdığınız “tədbirlər planı” da yoxdur.
Bəs onda bu sərəncamlar niyə verilir? Gözdən pərdə asmaq üçünmü?
Cənab Prezident, başqa bir problem paytaxtda hər il keçirilən “Formula 1” yarışları ilə bağlıdır. Bu yarış paytaxt sakinlərinin bütün hüquqlarını pozur. Bu il 8 sentyabrdan başlayaraq yarış keçiriləcək ərazidə sakinlərin və maşınların hərəkətinə qadağa qoyuldu. Hər küçədə bir polis, ya mühafizəçi qarşını kəsirdi, bəzi küçələrdə qarşını kəsməsələr də, küçənin sonunda yolun bağlı olduğunu görürdün. Adamlar bu labirintdən çıxmaq üçün bütün günü vurnuxur, əsəblər pozulur, bir sözlə, kimlər üçünsə əyləncə olan “Formula” paytaxt sakinlərinə stress yaşadır. İllərdir ki, bu zülmü çəkir Bakı əhalisi. Ola bilər, xəbəriniz yoxdur, çünki sizin yolunuz həmişə açıq olur; bəzən də bir neçə saat qabaqdan. Ətraf da, göründüyü kimi, gerçəyi çatdırmır. Baxmayaraq ki, siz hər şeyi bildiyinizi deyirsiniz. Bəs hər şeyi bilən rəhbər bu zülmü paytaxt sakinlərinə necə qıyır?! Yox, bilmirsiniz…
Paytaxt sakinlərinin, qonaqların, turistlərin hansı çətinliklər bahasına şəhərdə dolaşdığını görmək üçün köhnə üsullardan yararlanmaq olar. Kitablardan oxumuş olarsız, padşahları deyirəm. Onlar rəhbəri olduqları ölkədə xalqın dərdini, problemlərini, yaşayışını öyrənmək üçün ən azı ildə bir dəfə “təğyiri-libas” (yəni geyimlərini dəyişib, indiki dillə desək, “Sədərək”dən, ya “Brend ucuzluq”dan, MEMİ-dən aldıqları paltardan geyib) olub xalqın içinə gedirdilər. Fərraşsız, qorumasız, mühafizəçisiz, polissiz… Yəni bütün dünyada o vaxt da yaltaqlar, yalandan tərif deyənlər, yaxşı padşah nağılı yazanlar, saray şairləri var idi. Bu gün də var onlar, indi saray yox, təqaüd şairləri, yazıçıları var. İnkişafdan danışan Elmanlar, xalqın adından sorğu keçirən Zahid Oruclar, efirdən evlərə girib analoqsuzluqdan danışan yaltaq jurnalistlər… Ancaq onda ölkənin hər yerindən adamları vasitəsilə xəbərdar olan padşahlar baş verənləri öz gözləriylə görməyi sevirdilər, o üzdən paltar dəyişib xalqın dərdini, problemini öyrənmək üçün onun ayağına gedirdilər…
Bizdəsə ictimaiyyətin televiziyası özünə şüar seçib: “Bizə sarı gəlin!”
İndi onun zamanıdır, uzağa getmək yox, elə paytaxtdaca xalqın nələr çəkdiyini öyrənmək, “Formula” yarışının hansı ağrı-acılar yaşatdığını bilmək olar. İnsanların heç olmasa dili-ağzı var, onlardan kimlərsə dərdini evdə arvadına da olsa pıçıltıyla deyə bilir, axı dərdini deyə bilməyənlər də var.
“Formula”da maşınlar İçərişəhərin başına dolanır, həm də çox yüksək sürətlə, bunun tarixi binalara hansı təhlükələr yaratdığını memarlar, Qoruq İdarəsi, başqa səlahiyyətlilər demir, deməyəcək, çünki tutduqları post tarixdən, xalqdan, hər il stress yaşayan paytaxt sakinlərindən çox-çox qiymətlidir. O dilsiz daşlar, divarlar, şəhərin simvolu olan Qız qalası neyləsin?
Cənab Prezident!
Problemin həlli yolu var, 9 illik əzaba son qoymaq üçün imtina etmək olar bu yarışdan, 9 il ardıcıl bir başa qapaz vurmazlar. Bundan başqa, yolun yarışa hazırlanması, müxtəlif qurğuların, maneələrin quraşdırılması, şəhər sakinlərinin qarşısını kəsmək üçün dəmir torların çəkilməsi və sökülməsi büdcədən milyonlar aparır, o milyonlardan betəri səsin paytaxt sakinlərinin baş-gözünü aparmasıdır. Üstəlik, Bakı Halqasına rəhbərlik edənlərin bu halqadan qazandıqları…
Yarışa gələn turistlərdən nə qədər qazandığımız barədə dəqiq informasiya yoxdur. Ancaq təkcə Bakı Halqasının 7 il rəhbəri olmuş keçmiş icraçı direktor Arif Rəhimovun bu illərdə qazandığını xatırlamaq yarışdan biryolluq imtina etməyə yetər…
Axı hər şey insan üçündür deyir rəhbərlər, elə siz də az deməmisiz bu sözü, əməl isə başqadır… “Formula” bitib, artıq paytaxt sakinlərinin narazılıqları da səngiyib, beləyik, hər şeyi anındaca unuduruq, unuduruq ki, bu əzabı gələn il də yaşamaq var, o üzdən indi yazdım, isti-isti, yüz minlərin, bəlkə də, milyonların arzusunu çatdırmaq istədim:
Formulasız Azərbaycan!