Fiziki məhdudiyyəti olan ictimai fəal həbsxanada aclığa başlayıb

1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, 1-ci qrup əlil Famil Xəlilov avqustun 15-dən aclığa başlayıb. O, qanunsuz həbsinə və fiziki imkanları məhdud olduğu üçün əziyyət çəkdiyinə etiraz edir.

Bu barədə Turan-a vəkil Fəxrəddin Mehdiyev bildirib.

Onun sözlərinə görə, avqustun 15-də Famil Xəlilovun aclığa başlaması ilə bağlı rəsmi müraciəti təcridxana rəhbərliyinə təqdim edilib.

“Famil qidadan tam imtina edib, yalnız su qəbul edir. Onun durumu çox ağırdır, dözülməzdir. Özünə qulluq edə bilmir. Famil təcridxananın tibb-sanitar hissəsində saxlanılır, lakin orada ona qulluq edən otaq yoldaşları da yorulub. Ona baxa bilmirlər. Hesab edirik ki, Familin aclıq etməsi müvafiq orqanların Familin işinə humanitar qaydada baxması üçün hərəkətə başlanılmasıa səbəb ola bilər”, deyə vəkil qeyd edib.

Famil Xəlilov iflic olduğundan hərəkət məhdudiyyəti var və ona baxan sosial işçi təyin edilməyib.

Penitensiar Xidmət Famil Xəlilovla bağlı sorğuya hələ cavab verməyib.

İyulun 26-da Famil Xəliova qarşı qaldırılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Hazırda müdafiə tərəfi və Xəlilov cinayət işi ilə tanış olur.

Vəkil Fəxrəddin Mehdiyev Famil Xəlilov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətinin təmin edilməməsindən təəssüflənir.

“Famil Xəlilov iflicdir. Təcridxana şəraitində saxlanılması onun üçün çox çətindir. Qolları iflic olduğundan özü sərbəst qida, su qəbul edə bilmir, yuyuna bilmir. Sanitar qovşaq şəraitində saxlanılır. Ona yalnız kamera yoldaşları kömək edir. Hərəkət edərkən müavizinətini saxlaya bilmədiyindən əllərini parça ilə bağlayırlar”, deyə vəkil qeyd edib.

Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.

Turan