Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə müsahibəsində Azərbaycanda seçki mühiti və seçkiləri müşahidə missiyalarından danışıb.
Sentyabrın 1-də parlament seçkiləri keçiriləcək. Artıq seçki dövrünün yarısı arxada qalıb. İnidyədək apardığınız müşahidələrə əsaslanaraq seçki mühitini necə qiymətləndirərdiniz?
Seçki öncəsi dövrdə namizədlərin qeydiyyat dövrü başa çatıb. Artıq qarşıda kampaniya dövrü başlayır. Bu dövrdə 2020-ci il parlament seçkilərindən fərqli olaraq təəssüflər olsun ki, istər ifadə azadlığı, istər sərbəst toplaşma azadlığı ilə bağlı ciddi irəliləmələr müşahidə olunmayıb. Əksinə, daha mənfiyə doğru məhdudlaşdırıcı qərarlar qəbul olunub. Seçki öncəsi dövr təəssüflər olsun ki, hələ də məhdudiyyətlər qalır. Namizədlərin qeydiyyatı ilə bağlı da müəyyən namizədlərin şikayətlərini artıq biz müşahidə edirik. Dövlət sektorundan müəyyən təzyiqlər var. Xüsusən büdcədən maliyyələşən təşkilatlardan olan namizədlər arasında da kimlər ki, müəyyən mənada geri çəkilmirlər. Ümumi olaraq kiçik səviyyədə də olsa müəyyən təzyiqləri görürük. Hazırki seçki prosesi məhdud şəkildə həyata keçirilir.
Seçki prosesindən bir ay ötəndən sonra ölkədə ATƏT-in Demokratik Təsisatar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası fəaliyyətə başlayıb. Bu baxımdan Azərbaycandakı seçkilərlə bağlı beynəlxalq seçki müşahidə missiyalarının rəyləri reallığı əks etdirirmi?
Bilirsiniz, başlayaq növbədənkənar prezident seçkilərindən. Azərbaycanda son illər adi hal alıb ki, parlament seçkiləri, prezident seçkiləri növbədənkənar keçirilir. Amma, bu yay ayına təsadüf etdiyindən beynəlxalq missiyaların Azərbaycana gəlməsi bir az texniki olaraq çətindir. Amma ATƏT 300-dən çox müşahidəçi ilə bu ilki seçkiləri izləyəcək. Artıq ATƏT-in müşahidə missiyası buradadır. Düzdür, birinci mərhələ seçkiöncəsi namizədlərin qeydiyyat dövrü və təbliğat-təşviqat dövründən ibarətdir. Sonra səsvermə və seçki sonrası prosesi izləyəcəklər. Bu mərhələni, namizədlərin qeydiyyatı dövrünü izləyə bilmədilər. Amma əlbəttə bu o demək deyil ki, ATƏT-in final hesabatı tam təfsilatlı olmayacaq. ATƏT peşəkar qurumdur. Mən əminəm ki, prosesə gec qoşulsalar da seçki ilə bağlı müfəssəl rəyləri olacaq.
Azərbaycanda seçkiləri müşahidə edəcək müstəqil müşahidə institutları necə fəaliyyət göstərir? Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının tənqidi hesabatları hökumət rəsmiləri tərəfindən necə qarşılanır?
Əvvəllər bir neçə yerli seçki müşahidə təşkilatı var idi ki, bunlar ölkədə seçkilərdə müşahidə aparırdılar. Bunlardan biri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, digəri isə Demokratik Təşəbbüslər İnstitutu idi. Təəssüflər olsun ki, bu seçkilərdə onlar müşahidə apara bilməyəcəklər. Çünki onların rəhbərləri artıq həbs olunub. Əlbəttə ki, hökümətin bu məsələdə mövqeyi qərəzlidir. Onlar beynəlxalq təşkilatları dəvət edirlər. Düzdür öhdəlikləri var. Amma, yerli seçki təşkilatlarının müşahidə aparmasına müxtəlif əngəllər törədirlər. Bunu, istər qanunvericilik baxımından, istər siyasi motivli həbslərlə biz müşahidə edirik. Qanunvericilikdə yerli QHT-lər müşahidə aparmaq üçün Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Bu mərhələ xeyli çətinləşdirilib. Artıq demək olar ki, qeyri-mümkündür. Digər məsələ isə siyasi motivli təzyiqlərdir. Müxtəlif şəkildə yerli QHT-lərin, burada söhbət müstəqil QHT-lərdən gedir. Mərkəzi Seçki Komissiyasının qeydiyatına görə iki hökümətyönümlü QHT artıq müşahidə aparır. Amma bunlar müstəqil deyillər. Bundan öncə də dəfələrlə seçki öncəsi prosesə hökümətyönümlü rəylər veriblər. Söhbət gedir ki, hökümət açıq şəkildə, tənqidi hesabat yayan seçki ilə bağlı işləyən QHT-ləri artıq təzyiq altına salıb. Həbs edib, yaxud hansısa formada dağıdıb.
Seçki dövründə sosioloji və imicmeyker xidmətlərinin fəaliyyəti barədə nə deyə bilərsiniz? Bu xidmətlər elmi standartlara cavab verən fəaliyyətlər göstərə bilirmi?
Bilirsiniz ki, seçki bir yarışdır. Seçki öncəsi prosesdə bu yarış yoxdur. Siyasi partiyalar arasında milli səviyyədə yarış getmir. Gələk müstəqil namizədlərə. Müstəqil namizədlər imicmeyker vasitəsilə əlbəttə 22 gündə bəlkə də yarış apara bilərlər. Bu da başqa mövzudur. 22 günlük seçki kampaniyası çox məhduddur. Amma deyək ki, kiminsə müəyyən gəlirləri var və yaxud ianələr toplayaraq imicmeyker xidmətindən istifadə edir. Azərbaycanda bu xidmətdən də istifadə etsələr belə bu, seçki prosesinə təsir etməyəcək. Bunun əsas problemi seçkiöncəsi tərəflər üçün bərabər və ədalətli şəraitin yaradılmamasıdır. Amma elmi əsas baxımından başqa demokratik dövlətlərdə əlbəttə ki, bu xidmətlərdən istifadə seçki prosesinə müsbət təsir göstərir. Müəyyən metodoloji, sosioloji tədqiqat keçirirlər. Seçicilərin rəyini öyrənirlər və ona uyğun bir kampaniya aparırlar. Bəli bu demokratik ölkələrdə əlbəttə ki, təsir edir.
Amerikanın səsi